Bakı.1 dekabr. REPORT.AZ/ “Bir neçə gün bundan öncə, Kollektiv Təhlükəsilzik Müqaviləsi Təşkilatının toplantısında yeni silahlı birləşmələrinin yaradılması haqqında qabul edilib. Ermənistan bura qoşulub. Bir tərəfdən Ermənistan Avropa İttifaqı ilə, digər tərəfdən də KTMT ilə ənəmdaşlıq edir. Ermənistan KTMT-yə ona görə qoşulur ki, həmin ölkələrə xarici təhlükə olduqda onlara yardım edilsin. Bu həm Ermənistanın, həm də ona şərait yaradanların iki üzlülüyüdür”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
O, Azərbaycanda silahlı qüvvələr haqqında yeni qanunun qəbulunu vacib sayıb: “Türkiyədə 8 dəfə dövlət çevrilişi olub. Bu, çox təhlükəlidir. Ona görə də Azərbaycanda orduya vahid nəzarət mexanimzi Ali Baş Komandan tərəfindən həyata keçirilməlidir. Ordu cəmiyyətin bir hissəsidir. Cəmiyyətdə baş verənləri orduya daşımaq olmaz. Kimin ailəsində nə baş versə, onun orduya daşımasın. İctimai nəzarət Silahlı Qüvvələri dedi-qodu mənbəyinə çevirisə, o işin heç bir əhəmiyyəti olmaz”.
S.Novruzov qeyd edib ki, Azərbaycan ordusu həm fizik, həm də mənəvi hazırlıq baxımından yüksək əhval-ruhiyədədir: “Ölkəmizin ərazilərinin işğaldan azad edilməsinə hazırdır”.
Qeyd edək ki, silahlı qüvvələrə ictimai nəzarət edilməsi ilə bağlı təklifi bir neçə deputat irəli sürüb.