Bakı. 8 dekabr. REPORT.AZ/ "Dağlıq Qarabağda müşahidə missiyasının genişləndirilməsi üzrə tərəflər arasındakı prinsipial razılaşma artıq ATƏT-ə verilib".
"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının plenar iclasının yekununda keçirilən mətbuat konfransında deyib.
"Dağlıq Qarabağda təmas xəttində ATƏT-in müşahidəçi missiyasının genişləndirilməsi mövzusu 2016-cı ildə həm ABŞ, Fransa nazirlərinin və bəndənizin iştirakı Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə, həm də sonradan iyunda Sankt-Peterburqda prezident Putinin iştirakı ilə müzakirə edilib", - deyə S. Lavrov bildirib.
Onun sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Dağlıq Qarabağda müşahidə missiyasının genişləndirilməsi üzrə parametrləri razılaşdırır.