Milyonçu qızları üçün lüks gəlinliklər hazırlayan livanlı dizayner türk qızlarından DANIŞDI - FOTO

Milyonçu qızları üçün lüks gəlinliklər hazırlayan livanlı dizayner türk qızlarından DANIŞDI - FOTO
13:48 12 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Zuhair Murad əsl sehrbazdır. O yalnız effektli paltar tikmir, o hər bir qızın bayram axşamlarında, qırmızı xalçada və ya öz toyunda şahzadə olmaq kimi əlçatmaz xəyalını həyata keçirir. O, yaratdığı libaslar sayəsində xanımın kütlə içində seçilməsinə, hətta uzun illər unudulmamasına nail olur.

Livanlı dizayner öz kolleksiyalarında zərif seksuallığı ön plana çıxarmağı çox sevir. Bu səbəbdən dizaynerin əsas müştəriləri arasında “Victorias Secret”in mələkləri yer alır. Məsələn, Adriana Lima, Alessandra Ambrosio, İzabel Qular, Kendis Sveynpol, Şanel İman və başqaları demək olar ki, bütün tədbirlərə Zuhairin zəngin naxışlı, şüşə muncuqla bəzədilmiş nadir paltarlarında göz oxşayır və bununla da "best-dressed" (ən yaxşı geyinənlər) siyahısına öz adlarını daxil edirlər.

Yüksək modanın kralı statusuna layiq görülən dizayner detallara xüsusi diqqət yetirir və öz sehrli üslubu ilə paltarlara yeni ideya gətirir. Dizayner deyir: "İlkin təəssürat heç vaxt unudulmur, aldadıcı deyil, o, uzun müddət yadda saxlanılır. Mən bu anın yaradıcısı və səbəbkarı olmaq istəyirəm. Bu işdə ilham mənbəyinin olması çox vacibdir. Fantaziyam və dəbə olan ehtirasım məni ilhamlandıran başlıca amillərdir. Ölkəmin təsvirolunmaz təbii gözəlliyinin də yüksək moda aləminə daxil olmağımda böyük rolu var. Yüksək moda təxəyyülümü nümayiş etdirə və rəssam kimi özünü təsdiq edə bildiyim bir yerdir".

Publika.az xəbər verir ki, Əli Ağaoğlu kimi məşhur milyonçuların qızları üçün xüsusi gəlinliklər hazırlayan Zuhair Murad Türkiyənin “Hurriyet” qəzetinə müsahibə verib. O, bu yaxınlarda buraxdığı hazır geyim xəttindən danışıb.

- Zuhair Murad dedikdə ilk olaraq gəlinlik paltarlarınız yada düşür. Sizcə, nə üçün?

- Karyerama kutyur ilə (Haute Couture Yüksək moda deməkdir. Hərfi mənası isə “Tikişin yüksək məharəti” kimi tərcümə olunur, yüksək keyfiyyətli və buna uyğun qiymətə malik individual geyim hazırlanmasıdır.) başladığım üçün bu hissin yaranması çox normaldır. İlk kolleksiyalarım da kokteyl paltarlarından ibarət idi. Zamanla kolleksiyama cins şalvarları, trikotaj parçaları, dəri pencəkləri də əlavə etdim. Məqsədim o idi ki, qadınların günün hər saatı geymək istəyəcəyi detallar yaradım.

- Yəni, şəxsi geyim brendiniz altında ziyafət libaslarıyla yanaşı, idman geyimlərini də buraxacaqsınız?

- Belə izah edim, kuturye kolleksiyalarımın bəzi elementləri hazır geyim kolleksiyasına da əks olunub. Nə həddən artıq idman tərzindədir, nə də ki, həddən artıq lüksdür. Odur ki, mürəkkəb və fərqli görünməyi sevən qadınların bəyənəcəyi fasonlardır. Digər fərq də ondan ibarətdir ki, bu geyimləri sadəcə özəl gecələrə və dəvətlərə yox, günün istənilən saatında istənilən yerə geyinə biləcəklər. Yekun olaraq onları bir neçə sözlə belə ifadə edim: Lüks, idmansayağı və trendlərdən kənar qalmayan görünüş. Kəsimləri fərqlidir, istifadə edilən parçalar da xüsusidir. Buna baxmayaraq, qiymətləri nisbətən daha münasibdir. Qadınların sevəcəyini düşünürəm.

- Türk qadınlarının tərzi haqqında nə deyə bilərsiniz?

- Türkiyəyə tez-tez gəlirəm. Burada çoxlu müştərim var, onlar üçün bir neçə dəfə gəlinlik və ziyafət libası hazırlamışam. Türk qadını müasir, eleqant və şıq görünməyi bacarır. Trendləri təqib edir, amma yaxşı geyinməyi də sevdiyi üçün heç vaxt güzəştə getməz. Gözəlliyini rahatlığına qurban vermir. Livanlı qadınlar da belədir. Zövqlərin paralel olması bir dizayner kimi mənim işimi asanlaşdırır.

- Amma kolleksiyanız yalnız şərq ölkələrində deyil, bütün dünyada bəyənilir. Xüsusilə “Qızıl Qlobus”, “Oskar” , “MTV”, Kan Kino festivalları kimi mərasimlərdə dünya ulduzları qırmızı xalça üçün sizin geyimlərinizə üstünlük verir.

- Qadınlar hər zaman seksual və heyranedici olmaq istəyir. Kim "Kaş adi geyinərdim" deyir ki? Biz dizaynerlər olaraq qadınlara parıldamağa, qırmızı xalçada işıq saçmağa kömək etməyə çalışırıq. Qırmızı xalçada qadınların arasındakı dəb rəqabəti daha yüksəkdir. Mən də qadınların parlamasına yardımçı olmağı sevirəm. Odur ki, istifadə etdiyim materiallar və kəsimlərin ehtişamlı olmasına diqqət edirəm.

- Yüksək moda sahəsində bir müddət sadəlik ön planda oldu, indi isə əksinədir. Bu vəziyyəti dünyada yaşanan iqtisadi böhranlara əlaqələndirə bilərik?

- Doğrudur, dünyada yaşanan böhranlar bütün sahələrə, o cümlədən dəb sənayesinə də təsirsiz ötüşmür. Hazırda trendlər də lüksə doğru meyllidir. Bir müddət son dərəcə sadə fasonlar, adi kəsimlər dəbdə idi, indi həm materialın, həm də kəsimlərin təmtəraqlı olmasına diqqət edilir. Kolleksiyalar daha zəngindir. Bu vəziyyətdən də çox məmnunam.

Qadınlar depressiv vaxtlarda özlərinə daha çox güvənmək üçün yaxşı geyinirlər, özlərinə baxırlar. Çünki yaxşı geyim qadına önüzü güclü hiss etdirir. Əslində, dünyanın əhval ruhiyyəsi də ümumi dəbə yansıyır. Bununla bərabər, lüksə yalnız çətin zamanlarda deyil, hər zaman ehtiyac var. Onların həmişə alıcıları olacaq. Axı bahalı geyim gözəllik, dolayısı ilə xoş ovqat deməkdir.

- Mövsüm trendlərini bir kənara qoysaq, hər qadının şkafında hansı baza geyimləri mütləq olmalıdır?

- Kostyum – dəst pencək-şalvar, bədəni yaxşı göstərən cins şalvar, qara kokteyl paltarı, uzun ipək paltar və ağ soroçka.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/224009.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR