Bu gün Azərbaycanın məşhur alimi, tarix elmləri doktoru Məşədixanım Nemətovanın anım günüdür.

Metbuat.az-ın məlumatına görə, Məşədixanım Nemətova 1924-cü il yanvarın 5-də Bakının II Zabrat kəndində anadan olub. 1948-ci ildə ADU-nun (indi BDU) şərqşünaslıq fakültəsini bitirən M.Nemətova elmi fəaliyyətinə 1953-cü ildən Azərbaycan SSR EA Tarix İnstitutunda başlayıb (1971-ci ildən vəfat edənədək epiqrafika qrupunun rəhbəri olub). 1993-cü ildən Arxeologiya İnstitutunda eyniadlı qrupun rəhbəri olub. Azərbaycanın orta əsrlər epiqrafik abidələrini tədqiq edən alimin Ermənistan, Gürcüstan və Dağıstan ərazilərindəki müsəlman kitabələri haqqında da tədqiqatları var. 300-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifidir.

1948-ci ildə Azərbaycan EA-nın Tarix İnstitutunda aspiranturaya daxil olub, 1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Azərbaycan Prezidentinin 4 mart 2009-cu il tarixli sərəncamı ilə "Azərbaycanda epiqrafik irsin tədqiqi sahəsində xüsusi xidmətlərinə görə" "Şöhrət" ordeninə layiq görülüb. 60 illik elmi fəaliyyəti dövründə Azərbaycanın bütün tarixi ərazisini gəzərək ərəb qrafikasının müxtəlif xətləri ilə ərəb, fars, türk dillərində daşlara həkk olunmuş daş salnamələrin səhifələrini vərəqləmiş, ölkənin iqtisadi-siyasi, sosial-mədəni tarixi, memarlıq, sənətşünaslıq, filologiya, islam fəlsəfəsi - sufizm, toponimika, etnoqenez və s. problemlərə dair külli miqdarda yeni və ən dəqiq sənədlərlə Azərbaycanın tarixşünaslıq bazasını zənginləşdirib.

2500-dən artıq epiqrafik abidəni toplayıb, oxuyub onların tarixi əhəmiyyətini müəyyənləşdirib. Bu elmi fəaliyyətin nəticəsi kimi 12-dən artıq monoqrafiyanın, 200 elmi məqalənin, o cümlədən 6 cildlik "Azərbaycanın epiqrafik abidələrinin toplusu"nun müəllifidir. Məşədixanım Nemətova epiqrafikanı bir fənn kimi də Azərbaycanda yaradıb. Onun işi təkcə epiqrafik abidələrin aşkar edilməsi, toplanması, tərcümə edilməsi və çap olunmasından ibarət deyil. Alimin çoxillik tədqiqatları nəticəsində aşkar olunan epiqrafik abidələr tarixi mənbə kimi də Azərbaycan tarixinin müxtəlif konseptual problemlərinin tədqiqində mühüm rol oynayır.

Görkəmli alim Məşədixanım Nemətova 26 dekabr 2016-cı ildə 92 yaşında vəfat edib.