"Gündəlik Bakı" qəzetinin həbsdə olan baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
Habil Vəliyev özünü təqsirli bilməyib.
Hakim bildirib ki, prosesdə zərərçəkmiş şəxslər iştirak etmir.
Habil Vəliyevin vəkilləri vəsatət verərək təqsirləndirilən şəxsin zərərçəkmişlərdən sonra dindirilməsini istəyiblər.
Vəsatət təmin edilib.
Zərərçəkmiş Asif Bağırovun nümayəndəsi Elxan Quliyev çıxış edərək bildirib ki, dəymiş ziyan ödəndiyindən heç bir tələbləri yoxdur.
Digər zərərçəkən Ramiz Cəbrayılovun nümayəndəsi də çıxış edərək, dəymiş ziyanın ödənildiyini qeyd edib.
Daha sonra DTX-nın İstintaq Təcridxanasından hakimə göndərilən məktub elan edilib.
Bildirilib ki, DTX-ın təcridxanasında yer olmadığından Habil Vəliyevin Penitensiar Xidmətin İstintaq Təcridxanasına köçürülməsini xahiş ediblər.
Vəkillər də Habil Vəliyevin Penitensiar Xidmətə köçürülməsini istəyiblər.
Məhkəmə müşavirə edərək qərara alıb ki, Habil Vəliyev DTX-dan Pentensiar Xidmətin təcridxanasına köçürüləcək.
Proses yanvarın 9-da davam edəcək.
Qeyd edək ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub.
DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.
Cinayət işi üzrə təqsirləndirilən "Bizim dövr” qəzetinin baş redaktoru S.Əliyev və onun müavini H.Nəcəfli barəsində aparılan ibtidai istintaq başa çatıb və onların cinayət işi H.Əliyevdən ayrılıb.