“Pandora yeşiyi” və Trampın təklif etdiyi TƏSLİMÇİLİK AKTI
Paylaş
145 baxış·6 dəq oxu
ABŞ “Yeni Suriya Ordusu”("Ceyş əl Suriya əl Cədid")
adı verilən yeni təşkilat qurub.Rusiya Suriyanın Tartus
və Xmeymim bazalarında hərbi qulluqçuların daimi qruplaşmasını
formalaşdırmağa başlayıb.Suriya müxalifəti Suriya Milli
Dialoq Konqresində iştirakdan imtina edib.ABŞ Fələstin
rəhbərliyinə qarşı maliyyə və siyasi məhdudiyyətlər tətbiq etməyi
planlaşdırır.Moskva ABŞ və Kanadanı Donbasda münaqişəni
alovlandırmaq cəhdində ittiham edib. ABŞ Fələstin üçün yeni paytaxt
təklif edəcək.
Publika.az dekabrın 28-nə olan siyasi xülasəni təqdim edir.
Amerika Birləşmiş Ştatları “Yeni Suriya
Ordusu”("Ceyş əl Suriya əl Cədid") adı verilən yeni təşkilat
qurub. Təşkilat üçün artıq Haseki və Deyr əz-Zor
şəhərlərində 3 düşərgə salınıb.
2018-ci ildə gözlənilirdi, amma… - ABŞ dərhal hərəkətə keçdi
Brüssel Ukrayna və Türkiyə ilə münasibətlərini yeni
model əsasında qura bilər. Bunu “Funke” media qrupuna
müsahibəsində Almaniya Xarici İşlər naziri Ziqmar Qabriel
söyləyib.
“Əgər biz Britaniya ilə məntiqli razılaşma hazırlaya bilsək, o,
digər ölkələrə də nümunə olacaq. Bu sistem Ukrayna və Türkiyəyə
tətbiq oluna bilər. Yaxın illərdə bu ölkələr Avropa Birliyinin
üzvləri olmayacaq. Buna görə də biz əməkdaşlıq üçün alternativlər
barədə düşünməliyik”, – deyə o bildirib.
“Əl-Qaidə” beynəlxalq terror qruplaşmasının dünyanın
80-dən çox ölkəsində gizli bölmələri var. Bunu
“Arqumentı i faktı” nəşrinə müsahibəsində Rusiya Təhlükəsizlik
Şurasının katibi Nikolay Patruşev bildirib.
“Terrorçuların başçıları anlayırlar ki, əvvəlki hökmranlıq
zonalarında onları ölüm gözləyir. Buna görə də taktikanı
dəyişdirməyə başladılar. Radikal ideologiyanın geniş yayılması üçün
dünyanın müxtəlif ölkələrində gizli terror qrupları hazırlanır.
Müxtəlif qiymətləndirmələrə görə, yalnız “Əl-Qaidə” dünyanın 80-dən
çox ölkəsində, həmçinin ABŞ və Kanadada gizli qruplara malikdir”, -
Patruşev deyib.
Rusiya Suriyanın Tartus və Xmeymim bazalarında hərbi
qulluqçularının daimi qruplaşmasının formalaşdırılmasına
başlayıb. Bu haqda Rusiyanın müdafiə naziri Sergey
Şoyqu bildirib.
“Keçən həftə Ali Baş Komandan (Rusiya prezidenti Vladimir Putin
–red.) Tartus və Xmeymimdəki hərbi bazaların strukturu və
ştatlarını təsdiq etdi. Biz bu bazalarda daimi qruplaşmaları
formalaşdırmağa başladıq”, - nazir deyib.
Qeyd edək ki, bu gün Rusiya Federasiya Şurası Tartusda Rusiyanın
Hərbi-Dəniz Donanmasının genişləndirilməsi haqqında Suriya-Rusiya
razılaşmasını təsdiqləyib. Razılaşma Dövlət Dumasında dekabrın
21-də təsdiqlənmişdi.
Suriya müxalifəti Suriya Milli Dialoq Konqresində
iştirakdan imtina edib. Müxalifətin bəyanatına
Suriyadakı 40 fərqli qruplaşma imza atıb.
Qeyd edək ki, konqresin gələn ilin 29 yanvar tarixində Rusiyanın
Soçi şəhərində keçirilməsi planlaşdırılır.
ABŞ prezidenti Donald Tramp Fələstin-İsrail
danışıqlarında ABŞ-ın vasitəçilik missiyasının bitdiyini elan edən
Fələstin lideri Mahmud Abbasa qarşı hərəkətə keçir.
Bu haqda İsrail kəşfiyyatına yaxınlığı ilə tanınan “Debka” portalı
yazıb.
Portalın yazdığına görə, ABŞ Fələstin rəhbərliyinə qarşı maliyyə
və siyasi məhdudiyyətlər tətbiq edəcək.
Trampdan Fələstinə qarşı növbəti addım - 8 maddəlik “YOL XƏRİTƏSİ”
“HƏMAS-a ABŞ-ın fələstinli səlahiyyətlilərə Qüds
yaxınlığındakı Əbu Deys şəhərinin paytaxt verilməsi barədə təklif
verəcəyinə dair məlumatlar çatıb”. Bu haqda
Fələstinin HƏMAS təşkilatının Siyasi Bürosunun sədri İsmail Hәniyyә
deyib.
Onun sözlərinə görə, təklifdə qeyd olunub ki, bu şəhər bir körpü
vasitəsilə Qüdsdəki Məscid-i Əqsaya bağlanacaq.
Şərqi Qüds əvəzinə yeni PAYTAXT - ABŞ-dan Fələstinə ŞOK TƏKLİF
“IHS Jane” konsaltinq firmasının illik icmalında
verilən proqnozlara görə, 2018-ci ildə Avropa dövlətlərinin
müdafiəyə ayrılan məcmu xərcləri “soyuq müharibə” dövründən sonra
ən yüksək həddə olacaq. Şərqi Avropa ölkələrində müdafiə büdcəsinin
daha sürətlə artacağı gözlənilir.
“National Interest” portalı xəbər verir ki, Şərqi Avropa
ölkələri arasında müdafiə büdcəsinin artımına görə birinci cərgədə
Baltiya ölkələridir.
Hərbi xərclər “soyuq müharibə” dövründən sonra ən yüksək həddə olacaq
ABŞ BMT-nin 2018-2019-cu illər üçün nəzərdə tutulan
büdcəsinə ayırdığı vəsaiti 285 milyon dollar
azaldacaq. Bu haqda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi
Nikki Heyli deyib.
“Bundan sonra Amerika xalqının comərdliyinin istismar edilməsinə
və ya bunun nəzarətsiz qalmasına icazə verməyəcəyik”, - amerikalı
diplomat bildirib.
Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) televiziya
aparıcısı Kseniya Sobçakın prezidentliyə namizədliyini qeydə
alıb. Sobçaka seçki fondunun yaradılması üçün xüsusi
bank hesabını açmağa icazə verilib. Qeyd edək ki, televiziya
aparıcısının namizədliyi “Vətəndaş təşəbbüsü” Partiyası tərəfindən
irəli sürülmüşdü.
MSK daha əvvəl Rusiya Liberal Demokrat Partiyasının sədri
Vladimir Jirinovskinin namizədliyini qeydə alıb. Hazırkı prezident
Vladimir Putin prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.
MSK müxalifət lideri Aleksey Navalnının namizədliyini qeydə
almaqdan imtina edib.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2018-ci il martın
18-də keçiriləcək
Çin 2032-ci ildə ümumi daxili məhsulun həcminə görə
ABŞ-ı ötəcək. Bu haqda Britaniyanın İqtisadiyyat və
Biznes Problemləri Tədqiqatları Mərkəzinin (CEBR) hesabatına
istinadən “İnterfaks” agentliyi məlumat yayıb.
Bundan başqa, gözlənilir ki, artıq 2017-ci ildə Hindistan Böyük
Britaniya və Fransanı ötərək dünyanın dördüncü iqtisadiyyatı
olacaq. XXI əsrin ikinci yarısında Hindistan dünyanın ən böyük
iqtisadiyyatına malik ölkə ola bilər.
Həmçinin mütəxəssislər bildirirlər ki, 25 il sonra dünyanın 10
ən böyük iqtisadiyyatının arasına Cənubi Koreya və İndoneziya
girəcək.
CEBR-in hesabatına əsasən, gələn il iqtisadiyyatın həcminə görə
ilk onluqda ABŞ, Çin, Yaponiya, Almaniya, Hindistan, Fransa,
Britaniya, Braziliya, İtaliya və Kanada yer alacaq.
Amerika və Kanada silahlarının Ukraynaya
çatdırılması Donbasda münaqişəni alovlandıracaq. Bunu
“RİA-Novosti” agentliyinə müsahibəsində Rusiyanın Xarici İşlər
Nazirliyinin başçısının müavini Qriqori Karasin bildirib.
“ABŞ və Kanada Kiyevə silah göndərilməsi haqqında qərar qəbul
edərək “Pandora yeşiyi”ni açırlar və faktiki olaraq, Ukraynanın
tərəfində münaqişəyə daxil olurlar. Bununla da münaqişəni yenidən
alovlandırır və onu beynəlmiləlləşdirirlər. Çox az adam belə
addımın nəticələri haqqında fikirlərşir”, - diplomat
vurğulayıb.
Karasin həmçinin Ukraynada hazırda Amerika, Kanada və NATO-nun
başqa ölkələrinin bir neçə yüz hərbi təlimatçısının olduğunu
xatırladıb.
“ABŞ və Kanada “Pandora yeşiyi”ni açdı” - Moskvadan XƏBƏRDARLIQ
Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni peyk
yaradıb. Bu haqda kəşfiyyat mənbələrinə istinadən
Cənubi Koreyanın “Çunan İlbo” qəzeti bildirib.
Nəşrin məlumatına görə, peyk “Kvanmenson-5” (“Parlaq ulduz”)
adını aldı. Təfərrüatlar və peykin texniki xarakteristikaları
açıqlanmır.
“Kvanmenson-4” adlı əvvəlki peyk eyniadlı raket-daşıyıcı ilə
2016-cı il fevralın 7-də Pxyonan-Pukto əyalətindəki Soxe
kosmodromundan buraxılıb. Bu işəsalma Koreya yarımadasında
vəziyyəti kəskinləşdirib.
Yapon və Cənubi Koreya hərbçilərinin məlumatına görə, bu raket
“Tepxodon-2” qitələrarası ballistik raketin mülki versiyası olan
“İnxa-3” daşıyıcısının təkmilləşdirilmiş modifikasiyasıdır.
Koreya yarımadasında müharibə olacağı halda Cənubi
Koreyada yaşayan on minlərlə ABŞ vətəndaşı həlak
olacaq. Bunu “Arqumentı i faktı” nəşrinə
müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay
Patruşev bildirib.
“Tarix göstərir ki, ABŞ öz hədəflərinə çatmaq istəyərkən başqa
dövlətlərin vətəndaşlarının həyatlarını nəzərə almır. Ancaq
Vaşinqton, Cənubi Koreyada 250 min amerikalının yaşadığını nəzərə
almaya bilməz. Koreya yarımadasında irimiqyaslı döyüş əməliyyatları
halında on minlərlə ABŞ vətəndaşı həlak olacaq. Və bu ABŞ üçün
qəbuledilməz olacaq”, - o deyib.
Diplomat əlavə edib ki, Cənubi Koreyanın paytaxtı Seulun 50
kilometrliyində Şimali Koreyanın operativ-taktik raketlərlə təchiz
edilən raket kompleksləri və yaylım atəş sistemləri yerləşir.