Qalmaqal, saçyoldu, qarayaxma

Son zamanlar bəzi gənc şair-yazıçılar, aktyorlar, modellər, eləcə də müğənnilər süni qalmaqal yaratmaqla, köhnə mövzuları yenidən gündəmə gətirməklə məşhurlaşmağa daha çox can atırlar.

Məşhurlaşırlar da. Amma bu məşhurluq olan-qalan hörmətlərinin itməsinə, cəmiyyətdə maraq əvəzinə qıcıq yaratmalarına səbəb olur. Bəs mədəniyyət, incəsənət adamları, yaradıcı şəxslər necə etməlidirlər ki, piar məsələsində qırmızı xətti keçməsinlər? Həm məqsədlərinə çatıb özlərini və sahələrini məşhurlaşdırsınlar, həm də cəmiyyətin haqlı qınağına səbəb olmasınlar? Film, musiqi, yazarlıq, jurnalistika kimi sahələrdə hazırda dünyada bu proses necə gedir? Biz nələri götürməliyik, nələri öyrənməliyik ki, ucuz, həyasızcasına aparılan piardan qurtulaq?

Metbuat.az olaraq bu sualımıza cavab tapmaq üçün yaradıcı şəxslərə üz tutduq.

Şair-publisist Aqşin Yenisey günahı mediada görür:

"Bu hadisələri təbii qarşılamaq, hətta bir az zövq almağı bacarmaq lazımdır. Birincisi, ona görə ki, mediada, ekranda görünən hər lüt bədən bizi burjua əxlaqı deyilən ailəvi mühakimə olunma təhlükələrini ehtiva edən kütləvi nəzarətdən xilas edəcək sosial bir mələk obrazıdır. İkincisi, bütün dünyada olduğu kimi, bizdə də artıq sənət üzərində dövlət senzurası qaldırılıb. Yeni şərtlərə öyrəşməyimiz lazımdır. Ya da yenidən xahiş etməliyik ki, dövlət digər müsəlman ölkələrində olduğu kimi bizdə də əxlaq polisi və senzuranı bərpa etsin. Mənim düşüncəmə gəlincə, ən ədəbli əsarət, ən tərbiyəsiz azadlıqdan min qat pisdir, istər sənətdə olsun, istər tarixdə. Üçüncüsü, o lüt bədənlərin ən çox çörəyini yeyən o bədənlərin şəklini paylaşıb oxucu yığan mediadır, ona görə, ən azı, media qadağalar tələb etməməlidir, əksinə, müzakirə mühiti açmalıdır ki, dəyərlər saf-çürük olunsun, necə ki, siz indi bu sualla bunu edirsiniz. Haydegger deyir ki, özbaşnalıq azadlığın qaranlıq tərəfidir, biz hələ azadlığın qaranlıq, yəni özbaşınalıq tərəfini yaşayırıq, vaxtı çatanda bundan da bezəcəyik".

Azvision.az-ın baş redaktoru Vüsal Məmmədov isə söylədi ki, bunun üçün insanın özündə müəyyən vacib xüsusiyyətlər olmalıdır:

"Adamın mütləq qabında nəsə olmalıdır. Əgər varsa, bundan sonra "Sarı PR" haqqında düşünmək olar. Yox, əgər qab boşdursa, rəngindən asılı olmayaraq, bütün növ PR-lar tezliklə unudulan boş gumbultudan savayı heç nə olmayacaq. PR nə qədər güclü olsa da, boş olan bir şeyi doldurmağa qadir deyil. Onun belə kəraməti yoxdur.”

Yazar-publisist Cəlil Cavanşir isə bu məsələdə bir neçə yolun olduğunu söylədi:

“Yazıçı və şairlərlə bağlı məsələyə qarışmıram. Artıq ədəbiyyat, ədəbiyyat adamlarının davranışları mənim müzakirə predmetim deyil. Sənət adamlarına gəldikdə isə kapitalist cəmiyyətdə sənətçi öz məhsulunu müxtəlif üsullarla satmalıdır. Bunun müxtəlif yolları var. Qalmaqal, saçyoldu, qarayaxma, şər-şəbədə və s. üsullar bütün kapitalist cəmiyyətlərdə var. Biz istəsək də, istəməsək də, yaşadığımız əsrin öz oyun qaydaları var. Hansısa bir sənətçi bir kənara çəkilib sadəcə sənəti ilə məşğul olsa, böyük ehtimalla acından ölər. Sənətçi məcburdur ki, bütün yollarla gündəmdə qalsın. Kapitalizm insanı dəyərlərdən məhrum etməyin qarşılığında onu kapitalla mükafatlandırır. Yəni, şan-şöhrət, parıltılı həyatın cazibəsi, bahalı evlər və maşınlar asanlıqla qazanılmır. Bunları əldə etmək üçün ülvi və müqəddəs dəyərlərdən vaz keçmək lazımdır. Nadir hallarda, fenomen istedad sahibləri öz haqqını alır. İndiki şərtlərdəsə ən dahi sənətkarın da PR kampaniyası olmalıdır. Nisbətən ağıllı insanlar bu işi ağılla, məntiqlə həyata keçirir. Əksəriyyət üçün ağıl yox, tez-bazar şöhrət, pul, dəbdəbəli həyat vacibdir. Və bütün dünyada oxşar proseslər gedir. Kapitalizmdə sənət də, ədəbiyyat da, musiqi də kapitala hesablanır. İstisnalar isə bizdə də, dünyada da var. Bu tendensiyanın sadəcə bizdə olduğunu düşünmək yanlışdır. Çünki bütün dünya eyni bataqlıqda batır. Üstümüzə sıçrayan çirkab da eynidir".

Yazar Ömər Xəyyam isə indi şou ilə sənətin sərhədlərinin itdiyini söylədi:

"Sənətdə piar həmişə olub. Axı faydalı tanıtım özü də bir sənətdir və məqsədi, niyəti sənət olan bütün addımlar təqdirəlayiqdir. Gəlin baxaq, bu adamlar bilavasitə sənət uğrunamı didişirlər? Sizcə, sənətin bunca cılız, bunca bayağı və vaxtı keçmiş yollara ehtiyacı varmı? Əsl vətəndaşlıq mövqeyi də, əsl sənətkarlıq da işində peşəkar olmaqdır. Mən reklamın, piarın əleyhinə deyiləm, amma dediyim kimi, məqsədi sənət olan prosesi nəzərdə tuturam. Məsələn,Van Qoqun qulağını kəsməsi, Selincerin ədəbiyyatdan uzaqlaşması, Kafkanın dostu Broda “bütün yazdıqlarımı yandırarsan” deməsi reklam xarakterli olsa da, Məleykə Əsədova ilə Ramiz Məlik arasındakı bayağı didişmədən çox uzaq və daha faydalı, əhəmiyyətlidir. Sənətin piarı obyektin özü olmalıdır. Belə deyək: Sənəti sənətlə reklam etmək. Dünyanın hər yerində müğənnilər var, hər yerdə nəzərdə tutduğunuz özünü hörmətdənsalma prosesi gedir. Biz də bu axına səylə qoşulmuşuq. Amma bu yol günlük, həftəlik parıltıdı, sonra tarix kül kimi hopur səhifələrin üstünə. Bu prosesin faydalılıq əmsalı sıfırdır. Fikir verin, Elon Mask da özünü reklam edir. Hətta şəklini bir milyon insan bəyənir. Heç kim Maskı tanımırdı, amma elektriklə işləyən maşınlardan xəbərləri vardı. İntellektual kütlə bilirdi ki, Marsda həyat elementləri var və SpaceX dünyanı Marsa köçürmək üçün çalışır. Bir gün gənc bir oğlan peyda oldu. Dedilər, müasir texnoloji tərəqqinin yaradıcısı həmin bu yaraşıqlı, gənc oğlandır. Adı da Elon Mask. Soyunan adamları necə tanıyırıq? Nə oldu ki, tanıdıq? Reklam sənətdə birbaşa məhsulun özünə aid olmalıdır. Məsələn, yazarın geyimi, saqqalı yox, bədii mətnləri, müğənninin paltarı, paltarının altındakı yox, səsi, səs tonu, üslubu müzakirə, müqayisə və reklam obyektinə çevirilməlidir. Yoxsa bütün bu cəhdlər zamanın boşa xərci. Nə etməli? “Sənət kütlə üçün yox, sənət üçündür!” prinsipi əsasında məhsul istehsal etməli, – bu, maddi və mənəvi istehsalın bütün növlərinə aiddir, – sonra həmin məhsulun faydalılığı, əhəmiyyəti barədə əsaslı informasiya hazırlanmalı və birbaşa fərdin “Nə üçün” sualına cavab verilməlidir.

Elgiz Əkbər ona təklif olunan - Reklamı nəyə görə rədd etdi? - Oxumaq üçün tıkla



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR