2017-ci ildə - Dünyada nələr oldu?

Başa vurduğumuz 2017-ci il ölkəmiz üçün uğurlarla yadda qalsa da, dünyanın bir çox ölkələri üçün bunu demək mümkünsüzdü. 2017 dünyada gərginlik, mübahisə, müharibə, terror və hədələrlə dolu il oldu.

Metbuat.az-da bu dəfə 2017-ci ilin dünya siyasətində baş verən ən mühüm hadisələri yada salacıyıq. Bu il dünyadakı gərginliyə damğasını vuran şəxslərdən biri şübhəsiz ki, ABŞ prezidenti Donald Trampdır. 20 yanvardan vəzifəsinin icrasına başlayan Tramp verdiyi qərarlarla bir çox qalmaqala imza atıb. Trampın mübahisəli qərarlarından biri İran, Liviya, Suriya, Yəmən, Sudan və Somali vətəndaşlarının ABŞ-a səfərini qadağan etməsidir. Digər tərəfdən, seçkidən əvvəl də dediyi kimi Meksika ilə sərhədə divar çəkmək istəyi iki dövlətin münasibətlərini daha da gərginləşdirib. Kuba ilə eks prezident Barak Obamanın yarım əsrlik gərginliyə son qoyaraq münasibətləri normallaşdırması uzun müddət davam etmədi və Tramp yenidən əlaqələrə sədd çəkdi. Obama hakimiyyətinin və digər dövlətlərin uzun müddət danışıqlar nəticəsində İranla nüvə razılaşması əldə etməsindən sonra Trampın bu razılaşmanı ləğv etmək istəməsi isə nəticəsiz qaldı. Çünki razılaşmanın digər iştirakçı dövlətləri buna ciddi müqavimət göstərdi.

Trampın hakimiyyətindən sonra Türkiyə ilə münasibətlər də gərginləşdi. Buna səbəb, Fətullah Gülənin ekstradisiya məsələsinin yerinə yetirilməməsi, ABŞ-ın Ankara səfirliyində FƏTÖ tərəfdarının çalışması, Ankara ilə viza problemi, ABŞ-ın Suriyadakı YPG/PYD qüvvələrini silahlandırması və s. idi. Türkiyə Suriya torpaqlarının 23%-nə nəzarət edən YPG/PYD qüvvələrini milli təhlükəsizliyi üçün ən böyük təhdid hesab edir. ABŞ-la Şimali Koreya arasında da il ərzində qarşılıqlı təhdidlər davam etdi. Şimali Koreyanın il ərzində bir neçə dəfə ballistik raket sınağı keçirməsi nəticəsində BMT və ABŞ Pxenyana qarşı bir çox sanksiyalar tətbiq edib.

Trampın ən qalmaqallı və ilə damğasını vuran qərarı isə Qüdsü İsrailin paytaxtı kimi tanıması və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə göstəriş verməsi oldu. Ancaq bir çox dünya ölkələri Trampın qərarına qarşı çıxdı. Misirin təklifi ilə BMT Baş Assambleyasında Trampın qərarını pisləyən qanun layihəsi səsə qoyuldu, ancaq Vaşinqton veto hüququndan istifadə edərək sənədin qəbuluna mane oldu. Türkiyə və Yəmən daha sonra BMT Baş Assambleyasının növbədənkənar toplantısını çağıraraq məsələni müzakirəyə çıxardı. Tramp qətnaməyə səs vermək istəyən ölkələri təhdid edərək, ABŞ-ın həmin ölkələrə maliyyə yardımını dayandıracağını bildirib. Ancaq buna baxmayaraq, 128 dövlət Trampın qərarının əleyhinə səs verib, 9 ölkə ABŞ-ı dəstəkləyib, 35 ölkə isə bitərəf mövqe nümayiş etdirib. Bundan əlavə, Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüdslə bağlı fövqəladə iclası keçirilib və iclasda Qüds Fələstinin paytaxtı elan edilib.

Bütün bu gərginliklər fonunda, ABŞ-ın ən yaxşı münasibət saxladığı ölkələrdən biri Səudiyyə Ərəbistanı olub. Donald Trampın prezident kimi ilk səfər etdiyi ölkə məhz Səudiyyə Ərəbistanı olub, iki ölkə arasında hərbi texniki əməkdaşlığa dair 350 milyard dollarlıq razılaşma imzalanıb.

İlin digər mühüm hadisəsi İŞİD üzərindəki qələbə xəbəri olub. İraq və Suriyada İŞİD-ə qarşı keçirilən əməliyyatlar uğurla nəticələnib. İraq qüvvələrinin İŞİD nəzarətindəki ərazilərdə keçirdiyi əməliyyatlar nəticəsində, həmin ərazilər terror təşkilatından geri alınıb. İraqın Baş naziri Heydər əl-Abadi bildirib ki, İŞİD-ə qarşı mübarizə başa çatıb və bundan sonra 10 dekabr tarixi İraqda İŞİD üzərindəki qələbə kimi qeyd ediləcək. Suriya isə Rusiya ordusunun dəstəyi ilə İŞİD üzərində qələbə qazanıb.

2017 Suriya məsələsində də illərdir davam edən vətəndaş müharibəsinin dönüş nöqtəsi sayıla bilər. Suriya prezidenti Bəşər Əsəd Rusiyaya, Rusiya prezidenti Vladimir Putin isə Suriyaya səfər edib. İlin ən mühüm hadisələrindən biri sayılan Putinin Suriyaya səfəri zamanı, rusiyalı dövlət başçısı ölkəsinin Müdafiə Nazirliyinə və Baş Qərargah rəisinə əmr edib ki, Rusiya qoşunları daimi dislakasiya yerlərindən çıxarılsın. Bunun əvəzində isə Rusiya Tartusdakı dəniz bazasını genişləndirib. Suriya ilə Rusiya arasındakı razılaşmaya görə, Tartusdakı hərbi personal yalnız Moskvadan gələn əmrlərə tabe olacaq və sənəd hər 50 ildən bir yeniləcək.


Suriya məsələsi ilə bağlı Rusiya, Türkiyə, İran arasındakı müzakirələr də nəticəsiz qalmayıb. Soçidə Rusiya prezident Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhaninin görüşündə əsas mövzu Suriya məsələsi olub. İclasda Astana görüşündə əldə olunan razılaşma müzakirə edilib. Qeyd edək ki, bu müzakirələr zamanı terrorçulara qarşı birgə mübarizə, təhlükəsiz zonaların yaradılması və s. məsələlərdə razılıq əldə olunub.

Ümumilikdə, Türkiyənin bu il ABŞ-la münasibətləri gərginləşsə də, Rusiya ilə yaxınlaşıb. İl ərzində Türkiyə və Rusiya dövlət başçıları 7 dəfə görüşüblər və iki ölkə arasındakı ticarət dövriyyəsindəki qadağalar aradan qaldırılıb. Türkiyə öz daxilində də terrorçulara qarşı böyük əməliyyatlar keçirib. İl ərzində əməliyyatlar zamanı 2195 PKK üzvü məhv edilib, 541 nəfəri isə həbs olunub. Türkiyə üçün mühüm hadisələrdən biri də apreldə keçirilən referendum oldu. Referendum nəticəsində ölkə parlamentli idarə sistemindən prezident üsulu idarə sisteminə keçib və prezidentin səlahiyyətləri artırılıb.

İlin gərgin hadisələrindən biri də körfəz ölkələri ilə Qətər arasındakı münasibətlərin pozulması idi. Türkiyə bu il Qətərdə hərbi baza açıb və Rəcəb Tayyib Ərdoğan bazaya baş çəkib. Ancaq bu, “Fars körfəzi ölkələri”ni narahat edib. Bundan əlavə, Qətəri terrorizmdə də günahlandıran Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir, Yəmən və Liviya iyulun 5-də Doha ilə diplomatik münasibətləri, quru və dəniz əlaqələrini kəsib. Onlar münasibətlərin bərpası üçün 13 maddəlik şərt hazırlayıblar. Qətər şərtləri qəbul etməyib, ancaq həmin ölkələr də ittihamları sübut edə bilməyiblər.

Sentyabrın 24-də Almaniyada da parlament seçkiləri keçirilib. Kansler Angela Merkelin rəhbərlik etdiyi Xristian Demokrat Partiyası qalib gəlib. Ölkədə koalisiya hökumətinin formalaşacağı gözlənilir. İl Fransa üçün də əhəmiyyətli olub. May ayında keçirilən seçkilərdə qalib olan Emmanuel Makron Fransanın ən gənc prezidenti sayılır.

Bu il Yaxın Şərqin qaynar nöqtələrindən biri də İraq olub. Sentyabrın 25-də Şimali İraq Kürd Muxtariyyəti Bağdad, Ankara və Tehranın çağırışlarına məhəl qoymaraq, İraq mərkəzi hökumətinin başının İŞİD-lə mübarizəyə qarışmasından istifadə edərək müstəqillik referendumu keçirib. Bunun nəticəsində bölgəyə qadağalar tətbiq edilib, bu isə bölgənin sosial-iqtisadi vəziyyətini ağırlaşdırıb. İraq qüvvələri Haşdi-Şabi qüvvələrinin dəstəyi ilə mübahisəli bölgələrə nəzarəti yenidən ələ keçirib, bunun nəticəsində kürd muxtariyyətinin lideri Məsud Bərzani istefa verməyə məcbur olub.

Digər müstəqillik tərəfdarı olan daha bir muxtariyyət də uğursuzluqla qarşılaşıb. İspaniya hökumətinin çağırışlarına məhəl qoymayan Kataloniya Muxtar Vilayəti 1 oktyabrda müstəqillik referendumu keçirib, 27 oktyabr isə Kataloniya Parlamenti tək tərəfli müstəqillik elan edib. Ancaq həbs ediləcəyini bilən Karles Puçdemon Belçikaya qaçıb, 8 nazir isə nəzarətə götürülüb.

Avqustda Myanmarda arakanlı müsəlmanlara qarşı qətliam olub. Noyabrda isə Zimbabvedə hərbi müdaxilə olub. “Timsah” ləqəbli Emmerson Mnanqaqva Zimbabvenin yeni prezidenti seçilib. E.Mnanqaqva bu postu 37 il ölkə rəhbəri olmuş Robert Muqabenin istefasından sonra tutub. Zimbabve prezidenti Robert Muqabe noyabrın 21-də parlamentin onun barəsində impiçment qərarı qəbul etməsindən sonra istefa verib.

Səudiyyə Ərəbistanının daxilində də gərgin hadisələr yaşanıb. Noyabrın əvvəllərində korrupsiyada günahlandırılan 11 şahzadə, nazirlər və iş adamları olan 200-dən çox adam həbs edilib. Onlardan 23-ü azad edilib, 2 şahzadə isə müəmmalı şəkildə həlak olub. Livanın Baş naziri Səəd Həriri noyabrın 4-də Səudiyyə Ərəbistanına səfəri zamanı istefa verdiyini açıqlayıb. Ancaq Emmanuel Makronun dəvəti ilə Fransaya səfər edən Həriri istefa fikrindən daşınıb və ölkəsinə geri dönüb.

Ən kasıb ərəb ölkəsi olan Yəməndə də il heç də ürəkaçan keçməyib. Ordu ilə Husi üsyançıları arasında qarşıdurmalar olub. Husi üsyançılarını dəstəkləyən, 3 il əvvəl çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılan eks prezident Əli Abdullah Salehi mövqeyini dəyişdiyi üçün 4 dekabrda elə Husilər tərəfindən öldürülüb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri ard-arda Yəməni bombalayıb, çoxlu sayda dinc vətəndaş həlak olub. Husilər tərəfindən ər-Riyada atılan bir neçə ballistik raket isə Krallıq ordusu tərəfindən zərərsizləşdirilib. Qeyd edək ki, bu, əzəli rəqiblər olan İranla Səudiyyə Ərəbistanı arasında onsuz da yaxşı olmayan münasibətləri daha da gərginləşdirib.

Yeni ildən gözləntilər və ümidlər çoxdu. İl ərzində nələr olacaq, hansı ölkədə gərginlik, hansı ölkədə sakitlik, hansı ölkədə müharibə olacağını isə zaman göstərəcək.

Günay Elşadqızı / METBUAT.AZ

Azərbaycanın 2017-ci ildə qazandığı uğurlar - Millət vəkilləri danışdı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı