Sinənizi cırın - ESSE

Üz var ha... Çox qəribə şeydir. Ədəbiyyat və kültür tarixi illərdir üzümüzün ətəyini torpaqdan daşa kimi, hər yerdən uzaqlaşdırmaq üçün çabalayır.


Biz üzü həmişə önəmli saymışıq. Uşağa tərbiyə verəndə “üzünü açmayın” demişik, bir az həyasız adam görəndə “üz var da adamda” demişik, yalançı adamlara “ikiüzlü” ayaması qoşmuşuq. Elə həqiqətən də elədir. İnsan bədəninin üz hissəsi mənəvi aləmimizlə ədəbi sərhədlərimizin fövqündə dayanıb.


Nə qədər iç dünyasının önəmindən danışsaq da, əks cinsdə də üzə baxmışıq. İntellektli qadın, savadlı, dünyagörüşlü qadın deyə-deyə üzü eybəcər olan qadını seçməmişik, üzü gözəl, beyni boş, qəlbi dayaz qadınlara baxmışıq. Çox qızlar da oğlanda savada və təfəkkürə yox, qol əzələsinə və sifət cizgilərinə baxıb.


Üz simadır. Bunun fəlsəfi və poetik anlamları daha dərindir. Fəlsəfi mənada üz insanı tanıdan əsas nahiyədir. Poetik anlamda vəsf və gözəlləmə səbəbkarıdır. Elm də sübut edir ki, bir insanı ortaya qoyan onun üzüdür. Çünki sifətdə insan hiss və həyəcanlarını açıq göstərən gözlər yerləşir.


Hər gün güzgüdə üzümə baxıram. Bir tərəfdən gözlərimin altındakı qaraltıların mənəvi yorğunluq və stress vasitəsilə məni tam divara dirədiyini hər səhər dərk etmək üçün, digər tərəfdən məişət qovğasına uduzan üzümün neçə dəfə “çürüdüyünü” yəqin etmək üçün.


Tələbə vaxtı kirayədə qaldığım ucuz məhlədəki qonşu qadının qatıq üstünə tökülüb deyə satıcını “üzümü cırıb, qanımı tökərəm” deməyini xatırlayıram hərdən.


Niyə üzümüzü cıraq ki? Bəlkə sinəmizi cıraq, köksümüzü parçalayaq və qəlbin hərarətində soyuqqanlı vecsizlik diyarında qızınaq.


Üzünüzü qoruyun...


Üzünüz qaldıqca insanlığınız yaşayacaq.


Üzünüz olduqca nəfəs alacaqsız.


Üzünüz köhnəlmədikcə hansı görkəmdə olmağınızdan asılı olmayaraq yeni görünəcəksiz.


Hə bir də... Bu dünyadakı ən saf öpüş də elə yanaqlardan olan öpüşdür.


Üzünüzdən muğayat olun!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR