Millət vəkili Vüsal Hüseynov siqaret çəkilməsi ilə bağlı cərimələrin tətbiqi məsələsində qaranlıq qalan məsələləri aydınlaşdırıb.

Metbuat.az-ın məlumatına görə, hazırda qüvvədə olan hüquqi normalarla (tələblər) bağlı məlumat verən millət vəkili bildirib ki, İnzibati Xətalar Məcələsində bəzi yerlərdə siqaret çəkməyə görə cərimə nəzərdə tutan xüsusi normalar var, məsələn, hava nəqliyyatında (299. maddə) 100 manat cərimə və dəmir yolu (305. maddə) nəqliyyatında 40 manat cərimə. İXM-nin 212.2. maddəsi ilə, yəni, müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli və hüquqi şəxslər də cərimə edilə bilər.

İXM-də nəzərdə tutulan inzibati xətaları (cərimələri) kimin tətbiq etdiyi və bu işlərə hansı orqanın nəzarət etdiyi ilə bağlı məlumat verən Vüsal Hüseynovun sözlərinə görə, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanına əsasən, İXM-nin 212.1. maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Daxili İşlər Nazirliyi, İXM-nin 212.2. maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə isə Fövqəladə Hallar Nazirliyi baxır. Deməli, mövcud qanunvericiliyə əsasən idarə, müəssisə və təşkilatlar barəsində inzibati cərimə tətbiq etmək səlahiyyəti FHN-ə (212.2), fiziki şəxslər barəsində (212.1) isə DİN-ə verilib.

Millət vəkili bildirib ki, İXM-nin tələblərinə əsasən “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin ikisindən birinin təmin edilməsi Qanunun tələbinin yerinə yetirilməsi baxımından kifayətdir: “Təbii ki, Qanunun tam icrası baxımından “siqaret çəkmək qadağandır” olması daha doğrudur. Ancaq, oxşar mənalı və açıq başa düşülən formada yazılmış digər xəbərdarlıq yazıları (məsələn, “siqaret çəkmək qəti qadağandır”) da İXM-nin məqsədləri baxımından qənaətbəxş hesab oluna bilər və xüsusi hüquqi əhəmiyyəti yoxdur”.

Vüsal Hüseynovun sözlərinə görə, hüquqi norma tətbiq olunarkən anlayışların qanunda təsbit olunan açıqlamasına diqqət yetirilməlidir: “Yeni qəbul olunmuş “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanuna əsasən siqaret tütün məmulatlarının bir növüdür. Bütün növ qəlyanlar və elektron siqaretlər də tütün məmulatlarına bərabər tutulur. Qanun bəzi yerlərdə sadəcə siqareti deyil, bütün tütün məmulatlarının (qəlyan və elektron siqaret də daxil olmaqla) çəkilməsini qadağan edir. İXM-nin hazırda qüvvədə olan 212. maddəsi isə sadəcə siqaretin adını çəkir. İXM-də yeni Qanunun qüvvəyə minməsi ilə əlaqədar Milli Məclisin yaz sessiyasında dəyişiklik edildikdə bu məsələlər daha aydın müəyyən ediləcək”.