Bütün dövrlərdə dövlət büdcəsinin prioritet istiqaməti vətəndaşların sosial rifahının gücləndirilməsi və sosial təminatının yaxşılaşdırılmasıdır. Hazırda ölkəmizdə 1 milyon 325 minə yaxın pensiyaçı 720 minə yaxın sosial müavinət, 4 yüz minə yaxın ailə üzvü sosial yardım alır.
Ötən il aparılan sosial islahatların vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına göstərdiyi nəticələr barədə danışarkən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib: “İlk növbədə, 2017-ci il ölkə Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, dərin islahatlar və sabitləşmə ili kimi yadda qalacaqdır. İqtisadi inkişafı təmin etmədən sosial inkişafa nail olmaq mümkün deyil və dayanıqlı sosial inkişafın əsas şərtlərindən biridir. Ötən ilin iqtisadi göstəricilərinə diqqət yetirsək - hərçənd ki, ilin yekunları rəsmən açıqlanmasa da, - 11 ayın göstəricilərinə əsasən ümumi daxili məhsulun 63,1 milyarda çatması və onun 62,7 faizinin qeyri-neft sektorundan ibarət olması, əvvəlki dövrə nisbətən geriləmənin səngiməsi bunu deməyə əsas verir. Əhalinin nominal gəlirləri 8,2 faiz, orta aylıq əməkhaqqı 6,4 faiz artıb. Milli valyutanın xarici ölkələrin valyutalarına nisbətən məzənnəsinin sabitləşməsi baş verib. Dünya bazarında neftin qiymətinin yüksəlməsi və idxalın azalma sürətinin davam etməsi, qeyri-neft sektoru üzrə ixracın genişləndirilməsi ölkədə tədiyyə balansını bərpa edib. Keçən ili həm də makroiqtisadi sabitliyin təmin olunması istiqamətində müsbət meyillərin formalaşması ili kimi xarakterizə etmək olar. Bütün bunlar növbəti illərdə aparılacaq islahatların, o cümlədən sosial müdafiə sahəsində də həmin tədbirlərin başlanğıcını qoyur.
Məlum olduğu kimi, ölkəmiz minilliyin əsas hədəflərdən biri olan yoxsulluğun səviyyəsinin azaldılması uğrunda mübarizə aparır. Bununla yanaşı, ölkəmiz dayanıqlı inkişaf məqsədləri uğrunda da mübarizəyə qoşulub və burada da yoxsulluğun azaldılması, hər kəsə layiqli əməyin təmin edilməsi, qeyri-bərabərsizliyin aradan qaldırılması həmin hədəflər sırasındadır. Sosial müdafiə sistemi sosial sığorta, sosial yardım, sosial müavinət, sosial xidmət, sosial reabilitasiya və məşğulluq sahələrini əhatə edir”.
Ölkəmizdə həyata keçirilən pensiya islahatlarından danışan nazir müavini deyib: “Pensiya təminatı sistemi sosial müdafiə sisteminin mərkəzində durur. Ötən dövr ərzində bu sahədə ciddi islahat tədbirləri həyata keçirilib. Ölkəmizdə pensiya sistemi sığorta prinsiplərinə, fərdi uçot sisteminə əsaslanır. Həmin tədbirlər ölkə Prezidenti İlham Əliyevin 2014-cü ildə pensiya təminatı sahəsində imzaladığı islahat konsepsiyasına uyğun olaraq həyata keçirilib. 2017-ci il iyulun 1-dən pensiya sistemində əsaslı dəyişikliklər baş verib. Həmin prinsiplər pensiya sistemində sığorta prinsiplərinin daha da gücləndirilməsi, sığorta haqları ilə pensiya təminatı arasında mütənasibliyin qorunması, sığorta öhdəlikləri ilə dövlət öhdəliklərinin bir-birindən ayrılması kimi mühüm məsələləri özündə ehtiva edir. İyulun 1-də aparılan dəyişikliklər nəticəsində pensiyanın strukturunda dəyişikliklər baş verib. Həmin vaxtadək pensiya baza və sığorta hissəsindən ibarət idisə, həmin vaxtdan sonra yalnız sığorta hissəsindən ibarətdir. Vətəndaşın sığortaolunan kimi ödədiyi vəsaitin 50 faizi pensiya təminatında nəzərə alınırdısa, iyulun 1-dən artıq tam məbləğ olaraq ödənilən sığorta haqları onun pensiya təminatında nəzərə alınır. Bu, pensiya məbləğinin ödənilən sığorta haqlarından tam asılı olması deməkdir. Əlbəttə, bunlar əməkhaqqının yüksəlməsinə və sığorta haqlarının ödənilməsinin stimullaşmasına xidmət edir. Pensiyanın strukturunun dəyişdirilməsi onun tam indeksləşdirilməsinə əsas verir. Pensiyanın tam məbləğdə indeksləşdirilməsi daha çox artım verir. Mövcud qanunvericiliyə görə, orta aylıq əməkhaqqının artım səviyyəsinə uyğun olaraq bu ilin yanvarından pensiyanın bütün məbləği orta aylıq əməkhaqqının artım səviyyəsinə uyğun olaraq indeksləşdiriləcəkdir.
Digər tərəfdən hazırda 150 min nəfərdən artıq işləyən pensiyaçı var. İyulun 1-dək onlar ödədikləri sosial sığorta haqqını pensiya təminatlarında hiss etmirdilər, onlar bunu yalnız əmək fəaliyyətini dayandırdıqdan sonra hiss edə bilərdilər. Qanunvericilikdə edilən dəyişikliklər isə 6 ildən bir həmin hüququ onlara verir. Elə pensiyalar var ki, həmin dəyişiklikdən sonra iki dəfə artır. İyulun 1-dək əlilliyi olan və işləyən şəxslər pensiyanın yalnız bir hissəsini-baza hissəsini alır, sığorta hissəsini ala bilmirdilər. Dəyişikliklərdən sonra onlar pensiyanın tam məbləğini almaq imkanı əldə etmişlər. Digər bir dəyişiklik əlavə pensiya təminatı yaranması hüququnun formalaşması ilə əlaqədardır. Yeni pensiya sistemində fərdi şəxsi hesabları olan pensiyaçılar üçün də daha münasib dəyişikliklər var. Yaşa görə orta aylıq pensiyanın məbləği ilin əvvəlinə nisbətən təxminən 8 faiz artdığını müşahidə etmək olar”.
Əhatəliliyinə görə ikinci böyük sosial proqram olan ünvanlı sosial yardımın əsas məqsədi aztəminatlı ailələrə minimal yaşam imkanı yaratmaqdan və aktiv məşğuliyyəti təmin etməkdən ibarət olduğunu söyləyən nazir müavini qeyd edib ki, ünvanlı sosial yardımın təyin olunması üçün ailənin gəlirləri və xərcləri barədə bütün məlumatlar təfsilatı ilə nazirlikdə olmalıdır. Əvvəllər həmin məlumatların əldə edilməsi üçün vətəndaşlar xeyli əziyyətə qatlaşmalı olurdular, indi elektron informasiya sisteminin tətbiq olunmağı bu məlumatları tam rahatlıqla əldə etməyə imkan verir.
İ.İsayev bir statistikanı da xatırladıb: “Ölkəmizdə həyata keçirilən məşğulluq tədbirləri nəticəsində ünvanlı sosial yardım alanların sayında azalma müşahidə edilir. Ötən ilin yanvarında 159,5 min ailə həmin proqrama müraciət etmişdisə, dekabrda həmin göstərici 50 faiz azalıb. Bu, ilk növbədə, qeyri-neft sektorunun, kənd təsərrüfatının, sahibkarlığın inkişafı, həyata keçirilən məşğulluq proqramlarının nəticəsində mümkün olmuşdur. Növbəti ildə də ailənin tərkibində əmək qabiliyyətli şəxs varsa, onun məşğulluğunun təmin edilməsi hesabına ünvanlı sosial yardım alanların sayının daha da azalması gözlənilir. Doğrudur, elə sosial təbəqəyə məxsus olanlar var ki, onlar mütləq sosial yardım almalıdır. Məsələn, öhdəsində sağlamlıq imkanları məhdud olan, onlara qulluq göstərənlər, əlillər, çoxuşaqlı ailələr və s. təbəqədən olanlar həmin yardımı almaqda davam edəcəklər. Ünvanlı sosial yardımın məbləğində də dəyişiklik var. Həmin yardımın təyin edilməsində əsas göstəricilərdən biri də ehtiyac meyarıdır. Ehtiyac meyarının 116 manatdan 130 manata qaldırılması ilə əlaqədar olaraq dövlət sosial yardımının təyinatında həmin məbləğ nəzərə alınacaqdır”.
Qeyri-rəsmi məşğulluq barədə danışan nazir müavini deyib: “Dünya iqtisadi xəritəsində qeyri-formal iqtisadiyyat və qeyri-formal məşğulluq təsiredici amillərdən biridir. Dünyada mövcud olan 200-dən artıq dövlətdən yalnız 47 ölkədə Beynəlxalq Əmək Təşkilatı onun statistikasını apara bilir. Çətinlik ondan ibarətdir ki, formal və qeyri-formal iqtisadiyyatın dəqiq sərhədi yoxdur və ona görə də bu məsələyə müxtəlif ölkələrin müxtəlif yanaşması var. Adətən, iqtisadiyyatın əmək münasibətləri tezliyi yüksək olan ticarət, ictimai iaşə, tikinti və s. kimi sahələrdə qeyri-rəsmi məşğulluq daha çox müşahidə olunur.
Azərbaycanda da belə hallar mövcuddur. Çox təəssüf ki, işəgötürənlərdən bəziləri əmək münasibətində olduğu işçilərlə rəsmi müqavilə bağlamır və beləliklə, vergilər, sosial sığorta ayırımları, digər dövlət ödənişlərindən, hətta işçilərin sosial təminatlarından yayınaraq fəaliyyət göstərirlər. Bəzi işəgötürənlər işçilərlə əmək müqaviləsi bağlamır, onlarla mülki müqavilə bağlayaraq yenə də vergilərdən yayınmaq məqsədi güdür. Lakin rəsmi qeydiyyatı olmadan işləmək gələcəkdə işsiz qalanda sığorta ödənişi almaq, xəstələnəndə, istehsalat zədəsi alanda, hansısa bədbəxt hadisə baş verəndə, həyatını itirəndə müavinət almaq üçün müraciət etmək hüququndan, yaşlaşanda isə pensiya təminatı almaqdan məhrum edir. Yenə də çox təəssüf ki, həmin qaydada işləyənlər bunu nəzərə almırlar. Ötən ilin oktyabrında ölkə Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilib. Artıq Tədbirlər Planının icrasına başlanılıb, müvafiq işçi qrupları yaradılıb, qanunvericilik aktlarına dəyişikliklər hazırlayaraq hökumətə təklif olunub. Ümid etməyə dəyər ki, 2018-ci ildə tədbirlər planının icrası bu sahədə ciddi irəliləyişlərə səbəb olacaqdır”. /AzərTac