Bu gün Azərbaycan Milli Qəhrəmanı Mirzə Quliyevin doğum günüdür.
Metbuat.az-ın məlumatına görə, Mirzə Məcid oğlu Quliyev 11 yanvar 1974-cü il Bərdə rayonunun Saatlı kəndində anadan olub. 1980-1991-ci illərdə burada təhsil almışdır. 1992-ci il hərbi xidmətə çağırılıb. Mirzə Quliyev dövlətçiliyimizin qorunmasında da, vətənpərvərlik borcucu layiqincə yerinə yetirir. O, Polis Akademiyasını bitirdikdən sonra DİN-də işə qəbul edilib. Qəhrəmanımız hazırda polis kapitanı rütbəsi ilə Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır.
Sədərək cəbhəsində döyüşlərə atılan Mirzə burada böyük şücaətlər göstərib. PDM-də tuşlayıcı-atıcı kimi döyüşlərə girən cəsur döyüşçü onlarla erməni yaraqlısını məhv edib. 1993-cü il 28 iyul tarixdə Ağdam cəbhəsinə göndərilir. Ağdam cəbhəsində qaynar döyüşlərə girir və qəhrəmanlıqlarla dolu səhifələr yazır. Daha sonra Füzuli, Tərtər, Ağdərə uğrunda gedən döyüşlərə atılır və PDM-si ilə xeyli erməni tankını alova bürüyür.
Mirzə Quliyev 15 yanvar 1995-ci il “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Mirzə Məcid oğlu döyüşlərdə göstərdiyi igidliklərə görə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.