Bu gün Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimovun anım günüdür.

Metbuat.az-ın məlumatına görə, Vüqar Qasım oğlu Həşimov 24 iyul 1986-cı ildə Bakıda anadan olub. O, FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşıb. 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.

Vüqar Həşimov xəstəliyi ilə əlaqədar Almaniyada müalicə kursunu başa çatdırmaq üzrə idi və 2014-cü ildə onun yarışlarda iştirakı gözlənilirdi. Lakin şahmatçı beyində bədxassəli şişlə əlaqədar 2014-cü il yanvarın 11-də müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib. 14 yanvar 2014-cü ildə mərhumla vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil olunub və o, həmin gün III Fəxri Xiyabanda dəfn edilib.

24 iyul 2014-cü ildə Vüqar Həşimovun qəbirüstü abidəsinin açılış mərasimi olub. Bürüncdən olan abidənin müəllifi məşhur heykəltəraş Azad Əliyevdir. Bakıda Vüqar Həşimovun adını daşıyan ŞahmatAkademiyası fəaliyyət göstərir.