Təbriz də Tehran qədər inkişaf etməli idi...

....TƏBRİZİN KÜÇƏLƏRİ DOLANBADOLAN

(Müəllifin üslubuna toxunulmayıb)

Təəssüflər olsun ki, bu gün cənubdakı, İran tərəfdəki başqaldırmaların bizimlə müsbət anlamda heç bir bağlantısı yoxdur. Yenə bir-iki əlləm-qəlləmin saxta millətçiliyi, iyrənc vətənpərvərliyi, bizi bu zor dönəmlərdə yandırmasa yaxşıdır...

Deyildiyi kimi, böyük güclər artıq qoca şərqin, özəlliklə müsəlman dünyasının yerlə yeksan edilməsi ilə bağlı lazımi qərarı çoxdan vermişdir. Bu yerdə bizlərə düşən ancaq qardaş Türkiyə örnəyindən (15 iyun hadisəsi) kifayət qədər yerində istifadə etmək səriştəsidir. Gerisi başdan-ayağa təfərrüatdır.

Ərəb ölkələrini gözümüzün qabağında nə günə qoydular, insanlara, ölkələrə nə sitəmlər çəkdirdilər. Elə biləsən hamının və hər kəsin, təbii, söhbət müsəlman dünyasından gedir, bunların dədələrinə borcları var. Sadə və məntiqli insanlar həmən ağıllarından keçirirlər ki, sənin neçə min kilometr keçib gələrək mənim torpaqlarımda nə işin var, Amerika? Okeanın o tayından bu tayına səni çəkib gətirən tamah, istək nə ola bilər, Amerika? Eyni münasibəti sənə qarşı bir başqa dövlət nümayiş elətdirsə, bu əxlaqın qarşısında sən hansı tavrını sərgiləməli olarsan, Amerika?

İndi bu sualları boş ver. Dəhşət burasıdır ki, kimsənin yanında bu notlara köklənə bilmirsən. Səni Amerika düşməni elan edirlər. Amerikanın dərdini bizimkilər amerikalılardan daha çox çəkirlər.

İslam alimi İbn Xəldunun gözəl və sadə olan bir təspiti var. O yazırdı ki, allah yer üzündə yalnız fil, dəvə, at, şir, zürafə yaratmayıb. Yer üzü həm də öz uzun ömrünə, sağlam bir atmosferdə yaşaya biməsi üçün qarışqalara, milçəklərə, soxulcanlara, arılara, hörümçəklərə və digər maraq kəsb etməyən heyvancıqlara da borcludur. Təsəvvür edin, milçəklərin yer üzündən bir anda tamamiylə yoxa çıxması, yer üzünü qarşısıalınmaz təhlükə və fəlakətlərlə üz-üzə qoya bilir. Çıxarılan nəticə budur ki, bütün yer üzü yalnız Amerika deyildir. Yer kürəsindəki bütün xalqlar, toplumlar Amerika dövlətinin hegomonluq sərgiləyən sistemində nəfəs almaq zorunda deyil. Dünyada elə bir qayda zorunluğu və tətbiqatı yoxdur ki, bütün ölkələr bir ölkə, bir dövlət, bir sistem müstəvisində yaşasınlar.

Əgər bu dünyada bir nizam, bir balans, bir ritm varsa və bu dünyanın yaşam fəlsəfəsi bu fərqliliklər, çeşitliliklər, özəlliklər üzərindən cərəyan edərək həyatımıza, dünyagörüşümüzə yön verirsə, təkqütblü, təksistemli, tək bayraqlı, himnli, konstitusiyalı bir həyat şərtlərinin mövcudluğu olduqca absurddur. Dünya fərqliliklərin, sonsuz müxtəlifliklərin ritmiylə VARLIĞA UYUM SAĞLAMALIdır.

Ancaq görünən və uzaqdan-yaxından yansıyan təəssürat budur ki, Amerika bir burjua- hegemonluq sisteminin müəllifi olaraq, artıq bu müxtəliflikləri istəmir, qəbul etmir. Çünki, bu dünyanın Amerika tərəfindən qəbul edilməyən bəlli ərazilərindəki çeşitli sistemlərin sürdürülməsi, davam etməsi, o ölkələrin bulunduğu ərazilərdəki yeraltı zənginliklərin də sorunlarını üzə çıxarır.

Məsələn, Amerika Strateji Araşdırmalar Mərkəzi dünyanın yaxın-uzaq gələcəyi ilə bağlı bir araşdırma apara bilir. Bu araşdırmaların sonucu onu göstərir ki, kosmosdakı təbəddülatlar, gedən proseslər, planetlər arası “alış verişlər”lərin nəticəsi sonucda yer planetinə də təsir etməkdədir. Bu təsirlər nəticəsində üzərində Amerikanın israrla durduğu ölkələrin coğrafiyasında yaxın gələcəkdə yeraltı zənginliklər daha da böyük zənginliklərə, varidatlara səbəb yaradacaq. Bu tökülən qanlara səbəb yalnız bumu? Xeyr, əslində problemlərin kökündə onlarla səbəb mövcuddur. Ancaq gerçək səbəblərdən və vazkeçilməz anlayışlardan biri də, məhz budur. Kapital, zənginlik, mal, pul, ekonomika...bu saydığım zənginliklər, təbii sərvət olaraq təbiət kimə verirsə, hakimiyyət də, özgürlük də ondadır.

Sadəcə olaraq, bir şeyə təəssüf edirəm. Amerika yaxın günlərdə İranda da bu olayları, məlum ayaqlanmaları başlatdı. Bu, sadəcə, görünən ilk epizodlar və fraqmentlər idi. İran olduqca zəngin bir dövlətdir. Ancaq kaş ki, o zənginlikdən İranda yaşayan Azərbaycan türkləri də, onların məskunlaşdığı ərazilər də, şəhərlər, qəsəbələr, kəndlər də nəsibini almış olaydı. Bu olmadığı üçün, üstəlik Amerika niyyətini reallığa çevirmək üçün bu vasitələrdən də gələcəkdə rahatlıqla istifadə edəcək. Nə edəsən ki, dünyanın mahiyyəti həm də oyunlardan və bitib-tükənməyən mübarizələrdən ibarətdir.

Bu gün Tehran hansı inkişafa qucaq açıbsa, Təbriz də eyni yüksəlişə, inkişafa, gəlişimə sahib olmalıydı. Bu gün Tehran 21-ci əsrin, Təbriz 19-cu əsrin şəhər səviyyəsini daşıyırsa, bir ölkə içindəki bu qeyri-tarazlıq onun qarışıqlığına, xaosuna asanlıqla səbəb ola biləcəkdir. İranın bu həngamələrdən qurtulmasının yollarından biri də tarixi məkanlarını qorumaq və bərpa eləmək şərtiylə, Təbrizi müasir bir şəhərə çevirməkdən ibarətdir. Urmiya gölünü qurtarmaqdır. Hələlik bu qədər...

Xanəmir Telmanoğlu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR