Bu gün Azərbaycanın Avropa Şurasına tamhühuqlu üzv qəbul edilməsi ilə bağlı qərar verilməsindən 17 il ötür.

Metbuat.az-ın məlumatına görə, Azərbaycanla Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlamışdır, belə ki, 24 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının Parlamenti «xüsusi dəvət edilmiş qonaq» statusu almaq üçün Avropa Şurasına müraciət edib. 1994-cü il noyabrın 10-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan-Ermənistan cəbhəsində atəşkəsin əldə edilməsi ilə bağlı məmnunluq hisslərinin ifadə olunduğu 1047 (1994) saylı qətnamə qəbul edib.

Bir neçə ay sonra, 3 fevral 1995-ci ildə AŞPA Bürosu 1994-cü ildə qəbul edilib və üç Cənubi Qafqaz dövlətinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 (1994) saylı tövsiyəyə uyğun olaraq Azərbaycanın «xüsusi dəvət edilmiş qonaq» statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış edib.

17- 18 mart 1996-cı ildə keçirilən Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasının (Venesiya Komissiyası) iclasında Azərbaycan bu komissiyaya üzv qəbul edilib. 28 iyun 1996-cı il tarixində AŞPA Bürosu Azərbaycana «xüsusi dəvət edilmiş qonaq» statusunun verilməsi barədə qərar qəbul etmişdir. 13 iyul 1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti H. Əliyev Avropa Şurası Baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi İnsan hüquqları və azadlıqları haqda Avropa konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib.

11 sentyabr 1996-cı ildə Avropa Şurası Nazirlər Komitəsinin 573-cü iclasında Azərbaycanın Avropa Şurasına daxil olması, Azərbaycanda demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan hakimiyyət dairələri ilə danışıqların intensivləşdirilməsi, əməkdaşlıq proqramları formasında yardımın edilməsini nəzərdə tutan (96) 32 saylı qətnamə qəbul edilib.

22 aprel 1997-ci ildə keçirilən AŞPA-nın yaz sessiyasında Cənubi Qafqaz münaqişələri ilə əlaqədar olaraq sərhədlərin toxunulmazlığı, beynəlxalq sülhü mühafizə qüvvələrinin vasitəçiliyi ilə münaqişə zonalarında təhlükəsizliyin təminatı, bütün əlaqədar tərəflər arasında danışıqlardan sonra Abxaziya və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu, qaçqınlar və məcburi köçkünlərin öz yerlərinə qayıtmaq hüququ ilə bağlı prinsiplərin əks olunduğu 1119 (1997) saylı qətnamə qəbul edilib.

10-11 oktyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti H. Əliyev Avropa Şurası üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Strasburqda keçirilən 2-ci zirvə toplantısında iştirak edib, Avropa Şurasının rəhbərləri ilə Azərbaycanda demokratik proseslərin gedişi, ölkəmizin Avropa strukturları ilə əlaqələri barədə fikir mübadiləsi aparıb, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini açıqlayıb.

20 yanvar 1998-ci ildə Azərbaycan Prezidenti «Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında» sərəncam imzalayıb.

3 fevral 1998-ci ildə isə Azərbaycan Milli Məclisi Respublika Prezidentinin qanunvericilik təşəbbüsü əsasında ölüm hökmünün ləğv edilməsinə dair qərar qəbul edib (1993-cü ildən etibarən ölüm hökmünün icrasına faktiki surətdə moratorium qoyulub). 16 avqust 1998-ci ildə Azərbaycanda mətbuat üzərində senzura ləğv olunub. 21 oktyabr 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti «Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında» sərəncam verib.

2000-ci il martın 23-25-də AŞPA Siyasi Komitəsi Azərbaycan Respublikası Milli Məclisinə Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul edildikdən sonra yerinə yetirilməli olacağı öhdəliklərin siyahısını göndərib və bu sənəd Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri tərəfindən imzalanıb. Bir neçə gün sonra, martın 27-28-də Azərbaycan Respublikasının Xarici İşlər Naziri V. Quliyev Strasburqa səfər edərək Milli Məclisdə təmsil olunmuş siyasi partiyalar tərəfindən imzalanan öhdəliklərin siyahısını və Azərbaycanın 8 Avropa Şurası konvensiyasına qoşulması barədə ratifikasiya sənədlərini Avropa Şurasının Baş Katibinə təqdim edib.

26–28 iyun 2000-ci ildə AŞPA-nın növbəti sessiyası keçirilib; 126 nəfər deputatın iştirak etdiyi səsvermədə 120 nəfər lehinə, 1 nəfər əleyhinə, 5 nəfər isə bitərəf qalmaqla Azərbaycan Respublikasının Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib. 6 sentyabr 2000-ci ildə Avropa İttifaqının üzvü olan ölkələr adından Sədrlik (Fransa) tərəfindən Azərbaycan və Ermənistanın Avropa Şurasına üzvlük üçün müraciətləri ilə bağlı bəyanat qəbul edilib. Bu dövlətlərdə mövcud olan siyasi şəraitin müəyyən zaman kəsiyində Avropa Şurası tərəfindən müdafiə olunan dəyər və prinsiplərə uyğun şəkildə inkişaf edəcəyinə ümidin ifadə olunduğu bu bəyanatda bildirilir ki, Katiblik tərəfindən göstərilən məsələ haqqında hazırlanmış təhlillərin bu iki dövlətin qoşulmasının siyasi və maliyyə tərəfləri ilə əlaqədar olaraq, Avropa Şurası Nazirlər Komitəsinin Avropada Demokratik Sabitlik üzrə Məruzəçilər Qrupunun (GR-EDS) 15 sentyabr 2000-ci il tarixində keçiriləcək iclasında nəzərdən keçirilməsi üçün ona ötürülməsi və onun tərəfindən bu məsələyə dair hazırlanmış məruzənin Nazirlər Komitəsində nəzərdən keçirilməsi Avropa İttifaqının üzvü olan dövlətlər tərəfindən məqsədəuyğun hesab edilir.

10 oktyabr 2000-ci ildə Azərbaycan Xarici işlər naziri V. Quliyev Strasburqa səfər edib və bu təşkilatın Nazirlər Komitəsinin iclasında çıxış edib. Nazir səfər çərçivəsində üzv dövlətlərin Səfirləri, Avropa Şurasının Baş Katibi V. Şvimmer, Avropa Şurası Parlament Assambleyasının Sədri Lord Rassel-Conston, Avropa Şurası Katibliyinin Siyasi məsələlər üzrə Baş Direktoru, Avropa Şurasının Nazirlər Komitəsinin Katibi ilə görüşərək qarşılıqlı maraq doğurun bir sıra məsələləri müzakirə edib.

7-9 noyabr 2000-ci il tarixində keçirilən Avropa Şurası Nazirlər Komitəsinin 107-ci sessiyasında Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi adlı 14 (2000) saylı Qətnamə qəbul edilib. Bu sənəddə aşağıdakı qərarlar öz əksini tapıb:

1. Azərbaycanın Avropa Şurasına üzv olmağa və Nizamnaməyə qoşulmağa dəvət edilməsi;

2. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndələrinin sayının 6 nəfər həddində müəyyənləşdirilməsi;

3. Bu qətnamənin əlavəsinə uyğun şəkildə Azərbaycanın Avropa Şurasına müxtəlif bölgülü maliyyə ödəmələrinin miqdarının müəyyənləşdirilməsi.

Bu sessiyada qəbul olunan “Ermənistan və Azərbaycan: Avropa Şurasının üzvlüyünə dəvət” adlı Qərarda Azərbaycanla bağlı aşağıdakı müddəalar təsbit edilib:

1. Nazirlər Komitəsinin Sədri və Azərbaycanın Xarici İşlər Naziri arasında 2000-ci ilin oktyabrında aparılmış məktub mübadilələrinə uyğun olaraq, ölkənin demokratik inkişafının müntəzəm şəkildə, zərurət yaranarsa bu məqsədlə təsis edilmiş işçi qrupların köməyi ilə izlənməsi;

2. Azərbaycan hökumətindən bir ay ərzində seçkiləri müşahidə üzrə beynəlxalq missiya tərəfindən ilkin qeyd və yekunlar üzrə bəyanatda edilmiş tənqidlərə cavab məruzəsinin təqdim olunması və qeyd edilən saxtakarlıqlarda düzəlişlərin edilməsinin xahiş edilməsi;

3. Nümayəndələrin, Avropa Şurası Parlament Assambleyasının növbəti hissəvi sessiyasından əvvəl keçiriləcək 737-ci (17 yanvar 2001-ci il) iclasına qədər məruzə edəcək monitorinq qrupunun yaradılması;

4. Venesiya Komissiyasını Konstitusiya, seçki qanunu və mətbuat haqqında qanunda Avropa Şurası standartlarına uyğun şəkildə islahatların aparılması məqsədilə Azərbaycan hakimiyyət orqanlarına yardım göstərməyə dəvət edilməsi;

5. Həm Nazirlər Komitəsi, həm də Parlament Assambleyası qarşısında götürülmüş öhdəliklərə müvafiq olaraq, Azərbaycan hökumətindən Dağlıq Qarabağ münaqişəsinin dinc nizamlanmasına nail olmaq üçün Ermənistan hökuməti ilə birgə səylərini gücləndirməyin xahiş edilməsi.

20 noyabr 2000-ci ildə Avropa Şurası Nazirlər Komitəsinin Nümayəndələr səviyyəsində keçirilən 730-cu görüşündə Azərbaycanla bağlı aşağıdakılar qərara alınıb:

1. Avropada Demokratik Sabitlik üzrə Məruzəçilər Qrupunun (GR-EDS), özünün, Avropa Şurası Parlament Assambleyasının 2001-ci ilin yanvar ayında keçiriləcək növbəti hissəvi sessiyasına qədər bütün iclaslarının gündəliyinə “Ermənistan və Azərbaycanın demokratik inkişafının müşahidə edilməsi” adlı bənd daxil etməyə dəvət edilməsi;

2. Monitorinq Qrupunun ("Aqo" qrupu) İtaliyanın Daimi Nümayəndəsinin Sədrliyi ilə Avstriya, Fransa, Gürcüstan, Yunanıstan, İtaliya, Latviya, Niderland, Rumıniya, Rusiya Federasiyası, İsveç, İsveçrə, Türkiyə və Almaniya (Avropada Demokratik Sabitlik üzrə Məruzəçilər Qrupunun Sədri qismində) nümayəndələrindən təşkil edilməsi.

3-4 yanvar 2001-ci ildə Avropa Şurası Nazirlər Komitəsinin Sədri, Latviyanın Xarici İşlər Naziri cənab İ.Berzinş Latviya, Almaniya, Niderland və İsveçin həmin təşkilat yanında Səfirləri ilə birlikdə Bakıda səfərdə olmuşdur. Nümayəndə heyəti Bakıda Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisin Sədri, Xarici İşlər Naziri, Konstitusiya Məhkəməsinin Sədri və digər şəxslərlə görüşlər keçirib.

6-9 yanvar 2001-ci ildə İtaliyanın Avropa Şurası yanında Daimi Nümayəndəsi P. Erkole Aqonun rəhbərlik etdiyi və Niderland, İsveç, Türkiyə, Yunanıstan Səfirlərindən təşkil edilmiş digər nümayəndə heyəti yuxarıda qeyd edilən məsələlərlə əlaqədar olaraq Bakıda səfərdə olmuş, Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisin Sədri, Xarici İşlər Naziri, Konstitusiya Məhkəməsinin Sədri, Mərkəzi Seçki Komissiyasının Sədri və digər şəxslərlə görüşlər keçirib.

17 yanvar 2001-ci ildə Avropa Şurası Nazirlər Komitəsinin Nümayəndələr Səviyyəsində keçirilən iclasında Azərbaycanın Avropa Şurasına tamhüququlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib.

Bundan bir neçə gün sonra, 25 yanvar 2001-ci il tarixində Strasburqda Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə həsr olunmuş rəsmi mərasim keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəhbərlik etdiyi geniş nümayəndə heyəti iştirak edib.

“Azərbaycan faktiki olaraq dəmir yolu xətlərinin qovuşduğu yerdir” – Millət vəkili