Bu müəllimlərin maaşı artdı

Prezident İlham Əliyev "Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əməkhaqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əməkhaqlarının artırılması haqqında" sərəncam imzalayıb.

Sərəncam “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maddi rifahını yaxşılaşdırmaq məqsədilə imzalanıb.

1. Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış, dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşlarının sxemini və məbləğlərini on beş gün müddətində təsdiq etsin;
2.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Diaqnostik qiymətləndirmədən sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə ilk peşə-ixtisas təhsili müəssisələrinə işə qəbul edilən, idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilər bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış işçilərə bərabər tutulsunlar.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
5. Bu Sərəncamın 1-ci hissəsi 2018-ci il yanvarın 1-dən tətbiq edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR