Bədlik gəlməsin deyə, hansı təbii daşın üzərinə hansı dua yazılır?

Təbii daşlardan litoterapiyada geniş istifadə olunduğu kimi, dində də ətraflı şəkildə bəhs olunur. Ancaq təəssüflər olsun ki, bu barədə məlumatlı insanlar çox azdır.

Maraqlıdır, dinimizdə təbii daşların rolu hansı səviyyədədir? Biz hansı daşlardan istifadə etməliyik? Kişilər və qadınlar üçün nələr halal sayılır?

Mətbuat.az olaraq AQAT Təbii Daşlar Evində ilahiyyatçı Hacı Müşfiqlə söhbətləşdik.

- Hacı, dinimizdə təbii daşların hansı rolu var?

- Mərhəmətli, mehriban Allahın adı ilə başlayıram. İmam Cəfəri Sadiq (ə) hədislərində buyurur ki, xəstəliklərin dərmanı olduğu kimi, günahların da dərmanı var. Amma o xəstəliklərin dərmanı kimi deyil ki, içib, sağalasan. Burda ən əvvəl inam olmalıdır. Allaha inam insan üçün böyük bir nicat, səadət yoludur. İnamlı, əqidəli insan bilir ki, Allah bu gün də elmə məlum olmayan gizlin aləmlər yaradıb. Ətrafımızda olan bu daş-qaşlar əslidilər. “Əsli” nə deməkdir? Yəni bu daşların hərəsi bir rəngdədir. Bu rənglər ilahidən çəkilib. Xilqətindən belə yaranıb. Hansı kimyəvi qatqını vurursan, vur, bu daşların rəngini apara bilməzsən. Yer üzərində ilahi yaradan nə qədər daş varsa, dünya elmi yığıla, heç kim onların rəngini dəyişə bilməz. Bu Allahın bəndəsinə göstərdiyi qüdrətidir. Və hər bir rəngin özünün mənası var. Peyğəmbər salavatullah buyurub ki, ən gözəl rəng rəngsizlik aləmidir. Bir an söylədiyimə diqqət edin. Göy rəngi danışdıra bilsək, o iddia edəcək mən gözələm, qırmızı deyəcək, mən gözələm. Peyğəmbərlər Allahın izni ilə bu gözəlliklərin dilini bilirdi. Allah-təala pis heç nə yaratmayıb. İmam Əli (ə) deyir ki, “Allah gözəldir və insanlarda da gözəlliyi sevir.” Burda əməli gözəllikdən söhbət gedir. Bütün möminlər müsəlmandır, ancaq bütün müsəlmanlar mömin deyil. Əli (ə) buyurub ki, sağ əlində əqiq qaşlı üzük olarsa, gözəl olar. Bu möminin nişanələrindən biridir. Əqiq daşı bizə peyğəmbərlərdən, imamlardan gəlib. Əqiqin çox növü var. Deyir, peyğəmbər özü barmağındakı əqiqlə həmsöhbət ola bilirdi. Beytül-müqəddəsdə Həzrəti-Süleyman (ə) xanımı Bilqeys üçün böyük bir imarət tikdirib. Orda işlədilən daş-qaşların mənbəyini bəşər elmi bu gün tapa bilmir. Həmin daş-qaşlara bu gün lölövü mərcan deyirlər. “Quran” deyir ki, biz dərya yaratmışıq, biri şirin, biri şor olsa da, sular bir-birinə qarışmır. Yumurtanın sarısı və ağı qarışmayan kimi. Deyir, dənizdə olur lölövü mərcan daşı. Ancaq bu sudan yaranmayıb. Pərvərdigari-aləm yaz vaxtı buz yağışını yer aləminə nazil edərkən, biz onu rəngsiz görürük. Ancaq Allahın qoyduğu rənglər bir “kumfa yəkun” sözü var, “OL” deməklə bu xislətdə, bu xasiyyətdə yaranır. Süleyman peyğəmbərin tikdirdiyi həmin binada yaqut daşlarından da istifadə olunub. Yaqut daşları insan orqanizmi üçün çox faydalıdır. Və bu da bizə o dövrdən gəlib çatıb. Daha sonra mərcan, müsüri daşı gəlib çatıb. Bunların hər birinin ayrı gücü var. Bu da Allahın qüdrətidir. Bunları gördüyünə görə də “La ilahə illəllah” de. O qadir Allah həqqdir, o əbədidir, hər şeyə qadirdir. Bəzi astroloqlar təbii daşları bürclərlə əlaqələndirirlər. Ancaq dində əqiq, firuzə, Süleyman daşı, aslan gözü tövsiyə olunur. İnsanın əhvalı pis olarsa, firuzəyə, əqiqə baxarsa, Xatəmi-ənbiyanı yad edib, salavat çəkərsə, Allah-təala onu həmin müşküldən xilas edər. Bizi qoruyan Allahdır. Bəzən insanlar at nalını qapıya-bacaya vurur, düşünür ki, onu qoruyacaq. Rəsulullah buyurur: “Əllərinizlə yaratdığınız əşyalar sizi qorumağa qadir deyi.” Ancaq Allahın yaratdığı hər bir şeydə hikmət var.

- Belə bir sual yaranır: Rəsulullah əqiq qaşından istifadə edirmiş?

- İbrahim peyğəmbər Məhəmməd peyğəmbərin 30-cu babasıdır. Oğlu İsmayılı minaya qurban gətirir. Və tarixini eşitmisiniz ki, qurban əvəzləndi. Həmin qoç kəsildi. Qoçun qanı axdığı yeri Allah göyərtdi. Onun bir qismini əqiq, bir qismini mərcan elədi. Yəni, bu daş İbrahim oğlunun nişanəsidir. Və bu gördüyümüz 200-dən artıq növü olan əqiqin kökü oradan gəlib. Daha sonra az tapılan yüsür daşından deyim. Haqqında rəvayətlər yayılan qoçun buynuzları dəryaya xilqət olundu. Həmin buynuzlar bitki toxumuna çevrilib təsbehlər yaradılıb. Elm, bəşər inkişaf etdikcə əldə olunan məlumatlardan insanlar faydalı istifadə edir. Hədis var ki, Allah hər bir möminin barmağındakı üzükləri sevə

- Dini aksessuarların minarələri adətən zümrüd daşından olur. Rəng kimi isə yaşıl rəngdən istifadə edilir...

- Dünya müsəlmanlarının bayrağında yaşıl rəng var. Peyğəmbərimizin (ə) ən sevdiyi rəng yaşıl olub. Niyə yaşıl? İnsan bir az sıxıldıqda mənzərə, yaşıllıq axtarır. Yaşıllıqda bir ümidvericilik var. Yaşıl rəng insana həyat verir. Həmçinin yaşıl rəng insana sevgi, mərhəmət göstərmək deməkdir. Qurani-Kərimin 113 surəsində Allahın mehriban və mərhəmətliliyindən danışılır. Bu insanlara nümunə olmalıdır.

- Hansı təbii daşların üzərinə hansı dualar yazılsa, faydalı olar?

- Bu ümumən xəttatların işidir. O nəstəli xətti ilə yazır. Tutalım, firuzənin üzərinə bədnəzər duası yazılır. Covşan-kəbir, Ayətəl-kürsü duasını Yəmən əqiqinin üzərinə yazılması yaxşıdır. Allah kəlamının bu təbii daşların üzərində yazılmasında bir hikmət var. Ancaq bir şərt var ki, inam ola.

- Təsbeh kimi hansı təbii daşlar məsləhətlidir?

- Möminlər üçün daha çox əqiqlərin növündən, mərcandan, firuzədən, Süleyman daşından, yüsürdən istifadə etmək yaxşı olar. Sizə belə bir rəvayət də danışım: Yaz mövsümünün 45-ci günü yağış yağır. Bu da bir ilahi sirdir. Bəzi yatalaq ilanlar var. Onlar ildə bir dəfə su içərlər. O su da yaz mövsümündə olar. Həmin ilanlar başlarını qaldırıb bu yağışın suyundan içərlər. Həmin sudan alınmış zəhərlər bu gün tibdə bahalı dərmanların hazırlanmasında istifadə olunar. Həmçinin o yağış yer aləminə yağıb xüsusi bitkilər bitirər. Həmin bitkiləri ahular tapıb yeyər. Bu da ahunun göbəyində bu gün qramı yüz minlərlə manata satılan müşk-ənbəri yaradar.

- Belə bir məlumat da var ki, müşk ceyranların, ənbər balinanın göbəyindən alınar.

- Rəvayətə görə, bəzi balıqlar var ki, həmin vaxt suyun üzünə çıxıb o yağış suyundan içər. Həmin yağış damlaları onların mədəsində qiymətli daşlar yaradar. Balıqlar ölən zaman dənizin dibinə enərlər və mədələrindəki daşları boşaldarlar. Allahın möcüzələrinə baxın, nədən nə yaradır. “Quran”da deyir ki, biz sizə yağışı nazil edirik. Bilsəniz o yağışın tərkibi ilə sizə nələr nazil edirik, yağış yağanda qaçıb gizlənməzsiniz. Çıxıb yağışda islanaraq Allaha dualar edərsiniz. Deyir, bizdən sizə yağışla ruzi- bərəkət gələr, sizdən isə bizə günahlar.

- Elə bir dua varmı ki, hansısa daşın üzərinə yazıla və yaxşı təsir edə?

- Hansısa çətinə düşmüsənsə, “Quran”da da buyurulub ki, Fələq-Nas ayələrini firuzənin üzərinə yazdırmaq yaxşı təsir edər. Belə rəvayət edirlər ki, qədimdə padşahların papağının üzərindəki böyük daşın altına Ayətəl-Kürsü duası yazılırmış. Bəzi daşlara Xəmsətil-Aləmi yazldığı söylənilir. Bir mərcan daşının üzərinə Ayətəl-Kürsü duasını yazdırıb evdə saxlamaq yaxşı təsir edər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR