Asif Nərimanlı
Türkiyənin “Zeytun budağı” adını verdiyi əməliyyat başlandı və Afrinin PKK/PYD/YPG terrorçularından təmizlənməsi davam edir. Ankaranın ortaya qoyduğu iradə və türk ordusunun hücum planı əməliyyatın uğurla sona çatacağına şübhə yaratmır. Lakin Afrinin Türkiyənin Suriya siyasətində yeni bir başlanğıcın olacağı ehtimalı da nəzərdən qaçmır. Çünki Afrin əməliyyatı “Fərat qalxanı” və İdlib əməliyyatının davamı olsa da, bölgədəki mənzərə fərqlidir. Xüsusilə, ABŞ-ın “terror dəhlizi” planını həyata keçirmək üçün PYD-yə verdiyi silahlar, 30 minlik ordu məsələsi, ardınca, belə bir ordu qurduğunu təkzib etməsi, türk ordusunun Afrindən sonra İraq sərhədinə qədər bölgəni PYD terrorçularından təmizləmək hədəfi və bütün bunların fonunda Amerikanın hansı addımlar ata biləcəyi buludları daha da qatılaşdırır.
Baş verənləri analiz etmək üçün hər şeyə əvvəldən baxmaq və
şübhəli suallar üzərində dayanmaq lazımdır: Suriyada
İŞİD-in “basdırıldığı”, münaqişənin həlli üçün münbit atmosferin
yarandığı bir vaxtda müharibə mənzərəsinin ön plana çıxması ilk
diqqətçəkən nöqtədir. Ötən yazımızda qeyd etdiyimiz kimi: Amerika
Türkiyə-Rusiya-İran üçlüyünün Suriyada münaqişəni həll etmək üçün
həyata keçirdikləri Soçi prosesini sıradan çıxarmaq planını
dövriyyəyə salıb və bunun üçün PKK/PYD/YPG terrorçularını Suriya
Demokratik Qüvvələri adı altında toplayaraq, “sərhəd mühafizəsi”
ordusu yaradır. (Oxu: Afrin əməliyyatı və Suriyada yeni
müharibə oyunu-http://publika.az/news/nida_tehlil/228029.html).
Lakin Afrin əməliyyatı təkcə “sərhəd ordusu” oyununu pozmaq yox,
ümumilikdə Türkiyənin bölgənin taleyinin həll olunmasında öz gücünü
ortaya qoymasıdır.
“Sərhəd ordusu”: Bu məsələ ortaya çıxan kimi
Türkiyə hərəkətə keçdi. Ərdoğan bu ordunu “terror ordusu”
adlandırdı və Vaşinqtona mesaj verdi ki, “terrorçular
harada olursa-olsun, vuracağıq, bizi orada bayrağınızı almaq,
adamlarınızı basdırmaq məcburiyyətində buraxmayın”. Bu
açıqlamadan və türk ordusunun hərəkətə keçməsindən sonra ABŞ dövlət
katibi Reks Tillerson “Türkiyənin narahatlığını anlayırıq, PKK ilə
mübarizəsini dəstəkləyirik, Afrindəki PYD bizi maraqlandırmır,
sərhəd ordusu qurmuruq”, - bəyanatını verdi. Bu, ABŞ-ın geri
çəkildiyi, daha doğrusu, geri çəkilmək görüntüsü yaratmasıdır.
Və buradan ilk şübhəli məqam boylanır: ABŞ-ın son
üç ildə həyata keçirmək istədiyi və Böyük Yaxın Şərq Planının açar
nöqtələrindən olan “terror dəhlizi” (“kürd dəhlizi”: İraqın şimal
sərhədindən başlayaraq, Suriyanın şimalı bölgəsindən Aralıq
dənizinə qədər olan bölgədə kürdlərin nəzarətini təmin etmək)
planından vaz keçməyəcəyi məlumdur. PKK/PYD/YPG terrorçularını
Suriya Demokratik Qüvvələrinin (SDQ) damı altında toplayaraq, 30
minlik “sərhəd ordusu” yaratmaq istəyinin də arxasında məhz bu var.
Lakin ABŞ “sərhəd ordusu” planını açıqlayacağı təqdirdə, Türkiyənin
sərt reaksiya verəcəyini, hətta Afrin əməliyyatına başlayacağını da
bilməmiş deyildi. Bəs nə üçün buna getdi?!
Hesab etmək olar ki: Amerika
Suriyada Türkiyə-İran-Rusiya üçbucağından Türkiyəni ayırmaq üçün 30
minlik ordu təhdidini gündəmə gətirdi və Ankaraya “istəsək, bunu
edə bilərik” mesajını verdi.
Lakin Afrinin ABŞ üçün “kürd dəhlizi” planındakı strateji
əhəmiyyəti və bu gün türk ordusunun əməliyyatı fonunda Vaşinqtonun
bir mesaj üçün buna gedəcəyi inandırıcı deyil. Deməli, ortada baş
verənləri de-şifrə edən başqa qüvvə var.
Amerikanın 30 minlik ordu planını kim ifşa
etdi?: Burada diqqətdən qaçan bir detal “sərhəd
ordusu”nun qurulacağı xəbərinin hansı media qurumu tərəfindən
yayılmasıdır. Xəbəri ilk olaraq “Röyters” agentliyi yaydı. Bu
agentlik dünyada əksər xəbərin ilk mənbəsi hesab olunur, lakin
məsələyə təkcə xəbərçilik prizmasından baxmaq da doğru olmaz. Ən
azından, 30 minlik ordu haqda xəbərin yayılmasında “Röyters”in “ilk
mənbə” nüfuzuna yox, agentliyin mənsub olduğu ölkəyə diqqət etmək
lazımdır. Böyük Britaniya: Amerikanın planını məhz bu ölkə
de-şifrə etdi. Və bu, heç də səbəbsiz deyil. Vaşinqtonda
Trampın yəhudi kapitalı ilə hakimiyyətə gəlişindən etibarən, bütün
dünyanın ayrılmaz müttəfiq kimi gördüyü Amerika-İngiltərə
qarşıdurmasının fitili alovlandırıldı. Qətər böhranı bu
qarşıdurmanın ən pik nöqtələrindən biri hesab oluna bilər.
İngilislər bir xəbərlə ABŞ-ın planını de-şifrə etdi. Bundan öncə,
İngiltərə BBC telekanalı vasitəsilə ABŞ-ın azad etdiyi Rakkada YPG
(PYD-nin silahlı qanadı) ilə İŞİD-in əməkdaşlığını ifşa etməsi də
təsadüfi deyildi. Əslində İngiltərənin bu prosesdə Türkiyəyə
uzaqdan dəstək verdiyi məlumdur.
Fakt qarşısında qalan Amerika “Türkiyənin narahatlığını
anlayırıq, PKK ilə mübarizəsini dəstəkləyirik, Afrindəki PYD bizi
maraqlandırmır, sərhəd ordusu qurmuruq”, - bəyanatını
verməyə məcbur oldu. Amma bu, ABŞ-ın PYD üzərindən planlaşdırdığı
oyundan əl çəkdiyi anlamına gəlmir.
Amerika PYD/YPG-ni Suriya masasında ən güclü tərəf olaraq
əyləşməsini illər öncədən planlaşdırırdı.
a) Vaşinqtonun nəzarətindəki ən güclü yerli ordu:
bunun üçün Türkiyənin bütün etirazlarına rəğmən, PYD-yə İŞİD-lə
mübarizə adı altında 4 min TIR-dan artıq silah verilib və bu gün
ABŞ “sərhəd ordusu” adından imtina etsə belə, bölgədə əlinin
altında güclü “ordu” mövcuddur.
b) PYD-nin Suriyanın ən zəngin neft yataqları olan
ərazilərə nəzarətini təmin etmək: hazırda PYD Suriyanın
dördə bir hissəsinə nəzarət edir və bu ərazilər şimalda Türkiyə
sərhədindən başlamış, cənubda Fəratın çayının hövzəsi boyunca
uzanan zəngin ərazilərdir.
c) Şimali İraqdan Suriyanın şimalı boyunca Aralıq dənizinə
qədər uzana əraziləri PYD-nin nəzarətinə vermək: Vaşinqton
son üç ildə buna çalışır, lakin Türkiyənin “Fərat qalxanı”, ardınca
İdlib əməliyyatı bunun qarşısında əngələ çevrildi. Afrin əməliyyatı
da bu prosesdə ciddi əhəmiyyətə malikdir.
d) PYD-ni Suriya masasına – Cenevrə danışıqlarına ən güclü
tərəf kimi əyləşdirmək: hazırda bunun üzərində iş
aparılır.
İlk ilk hədəfə nail olunub: birinci, Amerika
silahları ilə silahlandırılmış PYD bölgədə Türkiyə və İrana,
həmçinin, Əsəd rejimi üzərindən Suriya daxilindən gələcək Rusiyaya
qarşı dura biləcək gücdədir; ikinci, Suriyanın
zəngin ərazilərinə nəzarət edir, hansı ki, bu sərvətlər münaqişə
həll olunandan sonra Suriyanın inşasında və bölgədən böyük gəlir
götürməkdə Vaşinqtona lazım olacaq.
Sonrakı iki hədəf hələlik əlçatmazdır. Lakin Amerika indiki
mənzərədə Aralıq dənizinə çıxacaq dəhlizdən imtina etmiş kimi
görünür, əvəzində, Suriyanın bölünməsində PYD-ni ən güclü tərəf
kimi masaya əyləşdirməyin üzərində işləyir.
Əslində Vaşinqtonun “sərhəd ordusu” məsələsindən tez-tələsik imtina
etməsi və Türkiyənin Afrin əməliyyatına qarışmayacağı ilə bağlı
açıqlama verərək, “müttəfiqlik prinsipinin əleyhinə çıxmadığı”
görüntüsü yaratmasının arxasındakı hədəf burada ortaya çıxır.
Hədəflər:
- Amerika Suriyada yenidən müharibənin alovlanmasını istəyir. Bu,
Suriya münaqişəninin həlli üçün Türkiyə-İran-Rusiya üçbucağının
başlatdığı Soçi prosesinə əngəl yaradacaq.
- Türkiyəni Suriyada müharibəyə cəlb etmək. Gözlənilən odur ki,
Amerika silahlandırdığı PYD-ni Türkiyənin qarşısına çıxaracaq və
“müttəfiqi”nin uzunmüddətli “qan itirməsi”nə nail olmağa çalışacaq.
Bu, Vaşinqtona Ankaradan istədiklərini almaq imkanı verir, daha
doğrusu, okeanın o tayındakılar belə düşünür. Həm də müharibədə
zəifləmiş Türkiyə daha sərfəlidir. Mümkündür ki, Türkiyənin
Suriyada “qan itirməsi”nə çalışacaq Amerika bundan daxildə Ərdoğan
iqtidarına qarşı rıçaq olaraq da istifadə etməyi planlaşdırır.
- Böyük müharibə: Türkiyə Afrindən sonra Menbiçi, daha sonra
Fəratın şərq sahillərində PYD nəzarətindəki əraziləri təmizləməyi
planlaşdırır. Bu, artıq Amerikanın birbaşa müdaxilə edəcəyi daha
şiddətli müharibə deməkdir. Vaşinqtonun Afrin əməliyyatına susması
və buna paralel olaraq, Tel Abyed bölgəsinə yeni silahlar
göndərərək, PYD qüvvələrini hazırlaması da bunu deməyə əsas verir.
Deməli, hədəfdə genişmiqyaslı toqquşmaya hazırlıq aparılır.
- İstisna deyil ki, Amerika bölgədə baş verənləri etnik və məzhəb
qarşıdurmasına qədər aparmağı da planlaşdırır. Hazırda Qərb
mediasının Afrin əməliyyatını “kürdlərə qarşı müharibə” olaraq
təqdim etməsini bu planın bir parçası hesab etmək olar. Xüsusilə
terrora qarşı həyata keçirilən Afrin əməliyyatını “kürdlərə qarşı”
olaraq təqdim etməyə çalışan Amerika Türkiyə daxilində etnik kürd
kartı üzərindən oynaya bilər.
- Və əsas hədəflərdən biri bu toqquşmadan PYD-ni güclü çıxarmaq və
Suriya masasında söz sahibinə çevirməkdir.
Amerika buna nail ola biləcəkmi? Bölgədəki situasiya və xüsusilə
Türkiyənin göstərdiyi iradə bunun çətin olacağını deməyə əsas
verir. Çünki bu gün meydanda daha güclü və iradəli Türkiyə
mövcuddur. Afrin əməliyyatı da Türkiyənin öz gücünü göstərməsi
baxımından əhəmiyyətlidir.
AFRİN ƏMƏLİYYATININ HƏDƏFLƏRİ: Ankara Afrinlə
Aralıq dənizinə çıxarılması planlaşdırılan və Türkiyənin cənub
sərhədlərində böyük təhlükəyə çevrilən “terror dəhlizi”nin
qarşısında sədd çəkir. Bu, ümumi mənzərədə görünən hədəfdir.
Halbuki, Afrin əməliyyatı uğurla başa çatarsa, Türkiyə daha böyük
hərbi və siyasi dividendlər əldə edə bilər. Çünki İdlib əməliyyatı
uğurla başa çatsa da, Türkiyə Suriyada zəif duruma düşdü. ABŞ
Ankaranı Cenevrə danışıqlarından uzaqlaşdırdı, Rusiya isə Soçi
prosesində Türkiyəni əngəl olaraq görməyə başladı. Bu baxımdan,
Türkiyənin bölgədə əlini gücləndirərək masaya əyləşməsi
vacibdir.
1. Türkiyə Afrin, ardınca da Menbiçi təmizləməyi planlaşdırır. Bu,
baş tutacağı təqdirdə, “Fərat Qalxanı” ərazisi tamamilə Ankaranın
nəzarətinə keçir. Hansı ki, bu, Suriyada strateji əhəmiyyətli
Hələbin qərb və şərq cəbhədən Türkiyənin mühasirəsinə düşməsini
təmin edəcək. (Əsəd rejiminin Afrin əməliyyatına qarşı çıxmasının
səbəblərindən biri də məhz budur).
2. Afrindən sonra Menbiçin ələ keçirilməsi Türkiyəyə Suriyada ABŞ
və Rusiya arasında sərhəd olaraq qəbul edilən Fərat çayının
şimalına da nəzarət imkanı yaradacaq.
3. Bu iki faktor Türkiyəni ABŞ və Rusiya qarşısında, ümumilikdə
Suriya masasında gücləndirəcək.
- “Terror dəhlizi” qurmağı planlaşdıran Amerika Türkiyə ilə
hesablaşmağa məcbur olacaq.
- Rusiya Soçi prosesini Türkiyəsiz həll etmək niyyətindən tamamilə
əl çəkəcək. Çünki Moskva ABŞ-ı bölgədən çıxarmaq üçün PYD-nin də
iştirak etdiyi Soçi görüşünü dəstəkləyir, lakin Türkiyənin mövqeyi
Rusiyanı dilemma qarşısına qoyur. Türkiyə Afrin əməliyyatı ilə həm
də Rusiyanın tərəddüdlərini aradan qaldıraraq, vazkeçilməz olduğu
mövqeyini gücləndirəcək.
Bu baxımdan, Afrin Türkiyənin Suriya siyasətində yeni
başlanğıcdır. Ankara qarşıda daha çətin yolların olduğunu
da anlayır, lakin bölgədə oynanılan oyunlar Türkiyəyə irəliyə
getməkdən və yumruğunu masaya möhkəm vurmaqdan başqa çıxış yolu
qoymur.