Bu gün Azərbaycan Ordusunun Şuşa rayonunun Daşaltı kəndində keçirdiyi əməliyyatdan 26 il ötür.
Metbuat.az-ın məlumatına görə, əməliyyat 1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa ilə Laçın arasında strateji əhəmiyyətə malik ərazi olan Daşaltı kəndi Qarabağ mühəribəsi zamanı yaşanan ən böyük faciələrdən birinə şahidlik edib. 1992-ci il yanvarın 25-i saat 20:00-da başlanan əməliyyat zamanı Azərbaycan ordusunun bir neçə taqımı Daşaltı kəndinə daxil olub. Əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev rəhbərlik edib.
Əməliyyatda Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 taqımı və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan bir taqım düşmənin pusqusuna düşərək məhv edilib. Kəndə daxil olan digər taqımlar isə itki verərək geri çəkilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, onların böyük əksəriyyəti hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itiriblər.
Bu əməliyyata çox diqqət ayrılır, çünki bu əməliyyatda uğursuzluq müharibənin gedişinə ciddi təsir etdi. Daşaltı əməliyyatının gedişatında qələbə müharibənin gedişatını dəyişdirə və bizim qoşunlarımıza strateji təşəbbüsü ermənilərdən almağa və erməni qoşunlarını müdafiəyə keçməyə məcbur etməyə imkan verirdi. Amma əməliyyatın uğursuzluğundan sonra, Azərbaycan qoşunları uzun müddət faktiki olaraq hücum əməliyyatlarını həyata keçirmədilər və bununla da erməni qoşunları müharibədə təşəbbüsü ələ aldı. Daşaltıda məğlubiyyət həmçinin Azərbaycan qoşunlarının və əhalinin döyüş ruhunda ciddi təsir etdi.
Lakin eyni zamanda Daşaltıdakı döyüş bizim əsgərlərimizin bir çox qəhrəmanlıq və cəsarətinin nümunəsi kimi yada salınır. T.Mehdiyevin sözlərinə görə, sonradan sağ qalmış bələdçiləri tapmaq cəhdləri heç nəyə gətirib çıxarmadı. O, yanvarın sonuna kimi Şuşada qaldı, amma bu vaxt ərzində bələdçilərdən heç birini tapmadılar. Bir neçə gün sonra Azərbaycan əsgərləri vaxtından gec göndərilmiş zirehli texnikadan və artilleriyadan istifadə edərək Daşaltını güclü atəşə məruz qoydula
Daşaltı əməliyyatında iştirak edən döyüşçülər deyir ki, əməliyyatın məqsədi düşməni məhv etmək, erməni silahlı bölmələrinin işğalının qarşısını almaq olub. Daşaltı döyüşü uğursuzluqla nəticələnsə də, Azərbaycan əsgərləri o döyüşdə qəhrəmanlıq nümayiş etdiriblər. Orada neçə-neçə əsgərimiz ermənilərin təslim olmaq çağırışına rədd cavabı verərək özlərini qumbara ilə partladıblar. Təəssüflər olsun ki, onların çoxunun nəşini belə əldə etmək mümkün olmayıb.