Naxçıvan Muxtar Respublikasında turizmin ekoloji, ziyarət, müalicə, dağçılıq növlərinin inkişafı üçün böyük potensial var.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Muxtar Respublikadakı "Nəqşicahan Holdinq" şirkətlər qrupunun "Duzdağ" Müalicəvi İstirahət Mərkəzinin direktoru Novruz Novruzov Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında deyib.
N.Novruzov qeyd edib ki, zəngin tarixi-mədəni irsi, nadir təbiət abidəsi olan Duzdağ, mədəni memarlıq abidələri, sabitlik və müasir infrastruktura malik yaşayış məntəqələri Naxçıvanda turizmin inkişafını şərtləndirən əsas amillərdir: "Muxtar respublikada turizmin ekoloji, ziyarət, müalicə, dağçılıq və başqa növlərinin inkişafı üçün böyük potensial var. Bizim şirkətin də əsas fəaliyyət istiqamətlərindən biri turizm sektorudur.
İstirahət Mərkəzinin direktoru əlavə edib ki, bu illər ərzində təmsil etdiyi holdinq xidmət sektorları ilə yanaşı, yerli xammala əsaslanan idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılmasına da üstünlük verib: "Karbon Qazı Zavodu" Məhdud Məsuliyyətli Cəmiyyəti belə müəssisələrdəndir. Burada arsenli quru qaz, karbon qazı və quru buz istehsal olunur. Məhsullarımız daxili tələbatı tam ödəyir. Mineral sular, sərinləşdirici içkilər istehsal edən müəssisələr, tibb ocaqları və ərzaq məhsulları istehsalı ilə məşğul olan şirkətlər məhsullarımıza daha çox üstünlük verirlər.
"Nəqşicahan Holdinq" şirkətlər qrupu məşğulluğun tam təmin olunmasına öz töhfəsini verir. Şirkət tərəfindən müxtəlif profilli sahələrin yaradılması yeni iş yerlərinin açılmasına imkan yaradıb. Hazırda şirkətimizdə 1100 nəfər çalışır".
Milli.Az