Maliyyə Bazarlarına Nəzarət Palatasında Strateji Yol Xəritələrinin icrası ilə bağlı 2018-ci il üçün əməliyyat planı müzakirə olunub

Maliyyə Bazarlarına Nəzarət Palatasında Strateji Yol Xəritələrinin icrası ilə bağlı 2018-ci il üçün əməliyyat planı müzakirə olunub
11:37 21 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) Strateji Yol Xəritələrinin icrası ilə bağlı iclas keçirilib.
“Report” Palataya istinadən xəbər verir ki, iclas qurumun baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə baş tutub.
İclasda 6 dekabr 2016-cı il tarixində Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritələri üzrə nəzərdə tutulmuş tədbirlər çərçivəsində 2017-ci ildə görülmüş və 2018-ci ildə görüləcək işlər geniş müzakirə edilib. Bildirilib ki, ötən il Azərbaycanda bank sektorunun sağlamlaşdırılması ilə bağlı əsaslı işlər görülüb, sektora yeni kapital investisiyaları daxil olub. Belə ki, 2017-ci il ərzində bankların cəmi kapital inyeksiyalarının həcmi 0,9 mlrd. manat təşkil edib. Ümumilikdə, 2016-2017-ci illərdə bankların səhmdar kapitalına investisiyalar 1,2 mlrd. manat olub.
Bununla yanaşı, ölkə prezidentinin 15 iyul 2015-ci il tarixli fərmanına əsasən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması prosesi yekun mərhələyə çatdırılıb. Bu çərçivədə, bankın problemli aktivləri “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına ötürülüb, xarici borc öhdəliklərinin restrukturizasiyası prosesləri tamamlanıb.
Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində bank restrukturizasiyasının hüquqi çərçivəsinin formalaşdırılması işləri aparılıb. Bu istiqamətdə beynəlxalq təcrübə də nəzərə alınmaqla “Banklar haqqında” qanuna rezolyusiya ilə bağlı yeni fəsil əlavə edilib.
Sığorta sektoru üzrə icbari avtomobil sığortası ilə bağlı İcbari Sığorta Bürosu tam avtomatlaşdırmanı təmin edib. Sözügedən növ üzrə müqavilənin bağlanması mərhələsindən ödənişlərin həyata keçirilməsi, habelə nəzarətin aparılması mərhələsinədək bütün xidmətlər elektronlaşdırılıb. Bundan əlavə, sektorda yeni mikro, müştərək və kənd təsərrüfatı sığortasının tətbiqi ilə bağlı işlər görülüb.
2017-ci il ərzində maliyyə vasitəçiliyinin genişləndirilməsi məqsədi ilə maliyyə bazarları üzrə infrastrukturun gücləndirilməsi çərçivəsində ilk özəl kredit bürosu yaradılıb, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin formalaşdırılması üzrə hüquqi, institusional və əməliyyat çərçivələr formalaşdırılıb.
Eyni zamanda, dövlət başçısının sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə 15 sentyabr 2017-ci il tarixli fərmanı ilə "Kredit Zəmanət Fondu" ASC təsis edilib və 25 dekabr 2017-ci il tarixli fərmanla isə "Azərbaycan İpoteka Fondu" ASC-yə birləşdirilərək İpoteka və Kredit Zəmanət Fondu qeyri-kommersiya hüquqi şəxsi yaradılıb.
İclasda Palatanın Strateji Yol Xəritələrinin icrası ilə bağlı 2018-ci il üçün əməliyyat planı da müzakirə olunub. Bu çərçivədə İ.Alışov işçi qruplarının rəhbərlərinə sığorta sektorunda yeni alətlərin tətbiqinin təşviq edilməsi və bütövlükdə sığorta sektorunun penetrasiyasının genişləndirilməsi, maliyyə bazarları üzrə tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi və Bazel II-ə keçidlə bağlı planın hazırlanması, yeni listinq prosedurlarının müəyyənləşdirilməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestrininfəaliyyətinin təmin edilməsi istiqamətində tapşırıqlar verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/maliyye-bazarlarina-nezaret-palatasinda-strateji-yol-xeritelerinin-icrasi-ile-bagli-2018-ci-il-ucun-emeliyyat-plani-muzakire-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR