Mətbuat katibləri Metbuat.az-ın fəaliyyətindən danışdılar

Bu gün Metbuat.az xəbər portalının peşəkar fəalliyətə başlamasından bir il ötür. 2012-ci ildə yaradılan sayt 2017-ci il 21 fevral tarixindən etibarən peşəkar kollektivlə özəl xəbər istehsalına başlayıb.

Dövlət qurumlarının Mətbuat xidmətlərinin rəhbəri Metbuat.az saytını doğum günü münasibəti ilə təbrik edib.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Mətbuat.az saytı 1 il ərzində bir çox saytların görmədiyi işləri görüb:

“Kifayət qədər tanınıb, oxucu kütləsi cəlb edib və işlədiyi qurumlarla çox gözəl münasibət qurub. Bu, saytın əməkdaşlarının uğurlarıdır. Hər yerdə, hər şeydən xəbər verirsiniz. Saytınızı izləyirik. Operativ, dəqiq, ən əsası isə qərəzsiz məlumatlarla çıxış edin. Bugünkü digər saytlar kimi yoxlanılmamış məlumatlar vermir, dedi-qodulara qaçmırsınız. Sırf insanları maarifləndirən, bilgiləndirən məlumatlarla çıxış edirsiniz. Ad gününüz münasibətilə təbrik edirik. Deyirik ki, sükanı həmişə belə saxlayın”.

“BakuBus” MMC-nin Mətbuat xidmətinin rəhbəri Mansur Piriyev qeyd edib ki, fəaliyyətə başlamasından bir il keçməsinə baxmayaraq, bu qısa zaman kəsiyində Mətbuat.az öz üslubunu, öz yolunu, missiyasını oxucularına qabarıq şəkildə göstərə bildi

“Elektron informasiya resurslarının bol olduğu bir şəraitdə seçilmək özünü müsbət tərəfdən təqdim etməyi bacarmaq təsadüfi ola bilməz. Təbbi ki, bu peşəkar fəaliyyətin arxasında öz işini bilən və ən əsası öz peşəsini sevən bir kollektiv dayanır. İş elə gətirdi ki, Mətbuat.az portalının kollektivi ilə yaxından tanış olmaq imkanım yarandı və hər bir əməkdaşın öz işinə nə qədər məsuliyyətlə, həyacanla yanaşdığının şahidi oldum. Bu yaradıcı və gənc kollektivi təbrik edir, onlara uğurlarının davamlı olmasını arzulayıram”.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirdi ki, Metbuat.az qısa müddət ərzində digər saytlar sırasına qoşulmasına baxmayaraq, artıq elektron mediada öz sözünü deyib:

Metbuat.az saytında hazırda fəaliyyət göstərən əməkdaşlar digər media qurumlarından gəliblər. Saytın işçilərinin gözəl qələmləri var. Təbrik edirəm. Uğularınız davamlı olsun”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Elman Babayev qeyd edib ki, öz işinə məsuliyyətlə yanaşan peşəkar və yaradıcı kollektivi ilə sayt oxucu auditoriyasını getdikcə genişləndirir:

Metbuat.az saytının ad günü münasibəti ilə bu media orqanında çalışan həmkarlarımı səmimi qəlbdən təbrik edirəm! Bir ildir ki, fəaliyyətə başlayan Metbuat.az saytı bu müddətdə maraqla izlənən informasiya saytları sırasında, ümumən obyektiv və çevik informasiya təminatında öz yerini tuta bilib. Bu gün Metbuat.az saytı fəaliyyətini milli mətbuat ənənələrinə uyğun tərzdə qurması, cəmiyyət üçün aktuallıq kəsb edən mövzuları dolğun şəkildə əhatə edə bilməsi, ciddi oxucu zövqünə uyğun məzmuna malik olması ilə seçilir. İctimai-siyasi proseslər, ölkə həyatının bütün sahələrində, eyni zamanda, əmək və sosial müdafiə sahələrində aparılan islahatlar, əmək resurslarının məşğulluğunun təminatı istqiamətində görülən işlər barədə ardıcıl informasiyalar təqdim edən sayt muxtəlif rubrikalarda (“Siyasət”, “İqtisadiyyat”, “Dünya”, “Sosial”, “Sağlamlıq” və s. ) maraqlı xəbər və məqalələri ilə diqqəti cəlb edir. Eyni zamanda, “Müsahibə” rubrikasında “Metbuat.az-da mətbuat katibləri” layihəsi üzrə təqdim olunan müsahibələr də hesab edirəm ki, maraqla oxunur. Hazırda mövcud olan çoxsaylı informasiya saytları, media orqanları sırasında cəmiyyətin diqqətini cəlb etmək, öz yerini tutmaq elə də asan deyil, amma bu bir illik fəaliyyəti dövründə Metbuat.az bunu bacarıb. Saytın kollektivinin hər bir üzvünə möhkəm can sağlığı, həm həyatda, həm də peşə fəaliyyətlərində daim sevincli günlər və yeni-yeni uğurlar arzulayıram! Ad gününüz mübarək olsun!”.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev bildirib ki, hər zaman məsələlərə peşəkar yanaşıbsız:

“İlk olaraq kollektivinizi təbrik edirəm. Sizin qurum da bizim kimi fəaliyytinizinin ilk illərini yaşayır. İlk illər daha məsuliyyətli olur. Cəmiyyətdə tanınmaq qəbul edilmək kimi vacib başlıca hədəflər var. Bu gün mən tam səmimiliyimlə deyə bilərəm ki, siz bu hədəflərə nail olmaq üçün doğru yoldasınız. Bu bir il ərzində həftənin demək olar ki, əksər günləri telefon əlaqəmiz olub. Hər zaman məsələlərə peşəkar yanaşmısınız. Ümid edirəm ki, bundan sonrada bu tendensiya davam edəcək. Mən sizin jurnalistikada mətbuat aləmində uğur əldə edəcəyinizə daha doğrusu əldə etdiyiniz uğurun daha da inkişaf edəcəyinə inanıram. Çünki güclü komandanız var. Bir daha sizi təbrik edirəm. Yeni yaradıcılıq uğurları arzulayıram. Bu bir ildə bizə qarşı göstərdiyiniz diqqətə görə də təşəkkürümü bildirirəm”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli qeyd edib ki, həqiqətən də, xəbər vermə baxımından fərqlənən saytlardan biridir:

Metbuat.az xəbər saytını fəaliyyətə başlamasından 1 il ötməsi münasibətilə təbrik edirəm. 1 il böyük rəqəm deyil. Amma buna baxmayaraq, Metbuat.az kiçik müddət ərzində özünü daha böyük işlərlə qələmə verdi. Azərbayan Avtomobil Yolları Dövlət Agentliyi olaraq, bizim də daimi izlədiyimiz xəbər saytları sırasındadır. Bu münasibətlə Metbuat.az xəbər saytının rəhbərliyini, təsçiləri və əməkdaşlarını təbrik edirik. Çünki çox qısa müddət ərzində böyük işlər görüblər. Uğurlarınız bol olsun”.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat katibi Mehman Mehdiyev isə bildirib ki, Metbuat.az saytında qeyri-dəqiq, yoxlanılmamış informasiyalara rast gəlinmir:

“Öncə, bütün kollektivinizi təbrik edirəm. Sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Bir il ərzində mətbuat orqanı olaraq formalaşdırdığınız imic kifayət qədər yaxşıdır. Araşdırmalardan, reportajlardan, gündəlik xəbərlərdən məlum olur ki, peşəkar komandanız var. Ən əsası, saytınızda qeyri-dəqiq, yoxlanılmamış informasiyalara rast gəlməmişəm. Peşə etikasını qorumağı bacarırsınız. Bu baxımdan fəaliyyətinizi izləyir və təqdir edirəm. Etibarlılıq baxımdan özünü doğruldan KİV-lərlə əməkdaşlıq bizim üçün də rahatdır. Metbuat.az-la çalışmaqdan məmmunuq. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC –nin reallaşdırdığı layihələr, təşkil etdiyi tədbirlərlə bağlı xəbərlərin yayımlanması, dənizçi peşəsinin nüfuzunun artırılması işində bizə böyük yardımçı olursunuz. İnanıram ki, bu əməkdaşlıq bundan sonra da jurnalistikanın prinsiplərinə uyğun şəkildə davam edəcək. Bir daha təbrik edir və yeni yaradıcılıq uğurları gözləyirik”.

"Azərpoçt" MMC-nin mətbuat katibi Günel Gözəlova da təbriklərə qoşulub:

“Müqaisə etməyəcəm, hamınız dostlarımızsız. Var olun, ömrünüz uzun olsun!”.

ASAN Xidmət” mərkəzinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov bildirib ki, Metbuat.az operativlik və interaktivliyi təmin edir. Bu da izləyicilərin xəbərlərdə iştirakına səbəb olur:

“Əsində, Metbuat.az fikrimdə Feysbuk üzərindəki canlı yayımları ilə yadda qalıb. Bu, çox maraqlı və dövrün tələblərinə uyğun bir yanaşmadır. Uğurlu fəaliyyətiniz var. Bu istiqamətdə daim təkmilləşə və inkişaf edərək yeni uğurar arzu edirəm. Təbriklər!”.

Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova da Metbuat.az saytını təbrik edib:

“Müasir media aləmində dəyərli və sözün əsl mənasında layiqli KİV resursu yaratmaq çətindir. Siz bu işin öhdəsindən, mənim fikrimcə, gəlmisiniz. Sizi ürəkdən təbrik edir, yeni uğurlar və nailiyyətlə arzu edirəm!”.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayev bildirib ki, Metbuat.az saytı şəffaflığı təmin edir:

“Kommunal qurumlarla sıx əlaqələr üçün mütəmadi olaraq sorğularınıza cavab verilir. Sizə gələcək işlərinizdə uğurlar arzu edirik”.

Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin rəhbəri Tural Müseyibov da təbriklərə qoşulub:

“Saytınızın 1 yaşı münasibətilə ürəkdən təbrik edirəm. Uğurlarınız bol olsun”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova təbriklərə qoşularaq bildirib ki, Metbuat.az saytı ətraf mühitin mühafizəsi, ekologiya səhəsində görülən işləri operativ şəkildə ictimaiyyətə çatdırır:

“Fəaliyyəti ilə artıq özünü KİV arasında təsdiqləmiş Metbuat.az saytının işgüzar və gənc kollektivini 1 yaşları münasibətilə təbrik edirəm. Metbuat.az saytı dəqiq informasiya hazırlamaq üçün nazirlik ilə daim sıx əməkdaşlıq edir. Ölkəmizdə və dünyada baş verən hadisələrin obyektiv içıqlandırıması və operativ ictimaiyyətə çatdırılması səhəsindəki səmərəli fəaliyyətinizdə uğurlar arzulayıram. Arzu edirəm ki, gənc və enerjili kollektiviniz fəaliyyətini növbəti illərdə də müvəffəqiyyətlə davam etdirsin. Daha böyük uğurlara imza atsın. Saytın baş redaktoru Bahadur Seyidova və onun əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.

Qeyd edək ki, fəaliyyətə başladığı ilk gündən on minlərlə oxucunun diqqətini cəlb edən Metbuat.az qısa müddət ərzində Azərbaycanın ən çox oxunan 10 xəbər saytı sırasına daxil olub. Hazırda Metbuat.az “Liveinternet.ru” reytinqölçən saytında informasiya portalları arasında ilk beşlikdədir. Saytın günlük izləyicilərinin sayı 100 min civarındadır. Sevindirici haldır ki, bu gün Metbuat.az xəbər portalı həm də Azərbaycanda nüfuzlu kütləvi informasiya vasitələrindən birinə çevirilə bilib. Metbuat.az kollektivi olaraq, bu sayta önəm verən, dəstək olan və ən çox da oxculara təşəkkürümüzü bildiririk.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR