Play Store

"​Kişilər günü 26 iyundur" - 23 fevral bizə aid DEYİL!

23 fevral bir vaxtlar Qızıl Ordunun və ya Sovet Hərbi Dəniz Donanmasının yaranması günü kimi qeyd olunurdu. Sovetizmi yaşayan insanlar bu tarixi “Kişilər günü” kimi keçirirdilər.

Müstəqil Azərbaycanın bu gün öz Silahlı Qüvvələr Günü (26 iyun) olmasına baxmayaraq, ölkəmizdə 23 fevralı “Kişilər günü” kimi keçirən insanlar var. Hətta bundan istifadə edən bəzi şirkətlər məhz bu gün “Kişilər günü” adı altında müştərilərinə endirim kampaniyaları belə təklif edir.

Telejurnalist, publisist İlham Tumas Metbuat.az-a açıqlamasında bildirir ki, şirkətlərin bunu reklam etməsi düzgün deyil:

“Sovet dövründə bu gün bayram olub. Bizim uşaqlığımız, yeniyetməliyimiz, cavanlığımız keçib. Orta məktəbdə oxuyanda qızlar 23 fevralda bizə hədiyyə verirdilər. Amma Azərbaycanda hansısa şirkətin xüsusi olaraq endirim etməsi, bu günü qabartması düzgün deyil. Sovet dövründə Sovet ordusuna xidmət etmiş zabitlərin fərdi şəkildə təbrik etmələri öz işləridir. Amma şirkətlərin bunu reklam etməsi düzgün deyil. Məsələn, mən bu günü qeyd etmirəm, heç kim də mənə hədiyyə vermir. 23 fevral mənim üçün adi günlərdən biridir. Amma bunu kimsə qeyd edirsə, ona da bir söz demək olmaz. Onların beynində oturuşmuş bir fikir var. Sovet dövründən qeyd etdikləri üçün indi də ənənə kimi qeyd edirlər”.

Telejurnalist, sənətşünas Elçin Əlibəyli isə qeyd edir ki, 23 fevralı qeyd etməyimiz unutqanlığımız, tariximizə hörmətsizlikə bağlıdır:

“1918-ci il 23 fevralda yaranan həmin ordu XI Qızıl Ordu kimi 1920-ci ildə müdtəqilliyimizə qəsd etdi. 1990-cı ilin 20 yanvarında şəhidlərimizin qanını tökdü. Həmin ordunu bayram etmək, yaxud kişilər günü kimi qeyd etmək axmaqlıq və rəzalətdir. Azərbaycan tarixi, Azərbaycan öz sözünə, dövlətimizə qarşı rəzalətdir. Onu edən insanları şüurca, təfəkkürcə şikəst adamlar hesab edirəm. Onlar tarixi unudanlardır. O unutqanlığın hesabına bu gün torpaqlarımızın bir hissəsi işğal olunub. 20 Yanvardan neçə il keçib?! Biz həmin ordunun qan tökməyini unutmuşuq. Niyə 23 fevral olmalıdır? Bizim ordu günümüz var. 1918-ci ildə yaranan 26 iyun Ordu Günümüzü lazımdırsa, həm də kişilər bayramı kimi qeyd edək. Müstəqillik, dövlətçilik naminə ilk şəhidlərimizin qanının töküldüyü günü bayram kimi qeyd edən insan və ya şirkətlər manqurtdurlar”.

Şair, tərcüməçi Səlim Babulllaoğlu bildirib ki, biznemenlər, ticarət şəbəkələri öz məhsullarını satmaq üçün bu gündən istifadə edirlər:


“23 fevral bir vaxtlar “Kişilər günü” kimi qeyd olunurdu. Lakin onun indi qeyd edilməsi ideoloji tərəfdən doğru deyil. Bizim öz ordu günümüz var. “Kişilər günü”nü qeyd etmək istəyənlər həmin günü qeyd edə bilərlər. Bu məsələnin birinci tərəfi. İkinci tərəf, “Kişilər günü”, “Qadınlar günü” və “Sevgililər günü”nü xüsusi olaraq qeyd etmək fikrimcə, absurddur. Təsəvvür edin, bütün ökələrin təqvimindəki qırmızı günləri toplasaq, gərək bütün günləri bayram kimi qeyd edək. Bayram uğurla bağlı olan bir şeydir. Təqvimlə bağlı bayram olmaz. Yaşı 35-40-dan çox olan adamlar bu günü qeyd edə bilər. Biznemenlər, ticarət şəbəkələri öz məhsullarını satmaq üçün bu gündən istifadə edirlər. Bu gün mənə də bayram təbriki gəlmişdi. Sual verdim ki, nə münasibətlədir? Dedilər ki, “Kişilər günü”dür. Bildirdim ki, “Kişilər günü” 26 iyundur.

Yazar Qan Turalı isə qeyd etdi ki, bu kimi hallar yolverilməzdir:

“Ən azından, Qızıl Ordu Azərbaycanı işğal etmiş, onun müstəqilliyinə son qoymuş bir ordudur. Qızıl ordunun xüsusi hərbi hissələri 20 Yanvar qırığınını törədib. Ona görə, bütün bu məsələləri diqqətə almaq lazımdır. Ölkəmizin birliyinə zərbə vurmuş bir ordunun – Qızıl Ordunun yubileyini keçirmək heç bir halda etikaya sığmır. Sovet dövründə bu günü qeyd etmək məcbur idi. Amma indi müstəqilik, öz ordu günümüz var”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR