İşçiləri işə müqaviləsiz cəlb edən 3 hüquqi şəxs barəsində - cinayət işi başlanıb

Əmək müqavilələri olmadan işçiləri işə cəlb edən 3 hüquqi şəxs barəsində cinayət işi başlanıb.

Baş Prokurorluqdan Metbuat.az-a verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən digər dövlət qurumları ilə əlaqəli şəkildə ölkə vətəndaşlarının hüquqlarının qorunması, tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması, bu sahədə qanunvericiliyin tələblərinə dönmədən riayət edilməsinin təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti sektorunda aparılmış monitorinqlər nəticəsində əmək müqavilələri olmadan işçilərin işə cəlb edilmələri faktları ilə bağlı 19 hüquqi və 3 fiziki şəxs barəsində həmin Agentlikdən daxil olmuş 18 material Baş İdarədə araşdırılıb.

Aparılmış araşdırmalar nəticəsində 3 hüquqi şəxs barəsində Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri cinayət işləri başlanıb. “İ.N.V.” MMC-nin vəzifəli şəxsləri barəsində istintaq edilən cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib, digər iki hüquqi şəxs barəsində başlanmış cinayət işləri üzrə istintaq yekunlaşmaq üzrədir.

Göstərilənlərlə yanaşı, araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntuları ilə bağlı digər prokuror təsir aktlarının tətbiq edilməsi də təmin edilib. Belə ki, 11 hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması), 1 hüquqi şəxs barəsində isə həmin Məcəllənin 198.0.1-ci (əməyin mühafizəsi qaydalarının pozulması) maddələri ilə inzibati icraatın başlanması haqqında qərarlar qəbul edilib. Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib, 12 halda fiziki şəxslərə və hüquqi şəxslərin rəhbərlərinə rəsmi xəbərdarlıq edilib. Yol verilmiş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə Vergilər Nazirliyinə 9, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə 11 təqdimat göndərilib. Hazırda 5 hüquqi və 2 fiziki şəxs barəsində araşdırmalar davam etdirilir. Araşdırmalar zamanı aşkar edilmiş faktlar üzrə əvvəllər əmək müqaviləsi olmadan işə cəlb edilmiş işçilərlə əmək müqavilələrinin bağlanması təmin edilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi və vətəndaşların əmək hüquqlarının müdafiəsi istiqamətində aidiyyəti dövlət qurumları ilə əməkdaşlığını bundan sonra da davam etdirəcək.

Bu pəhrizlə gündə 1 kq arıqlaya bilərsiniz - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR