Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu il 3 mart tarixli qərarlar jurnalından çıxarış:

Dinlənildi: Qərara alındı:

Nazirlər Şurasının sədri Xalq maarif naziri Nəsib

Fətəli xan Xoyskinin bəy Usubbəyova

Azərbaycan Teleqraf Azərbaycan Teleqraf

Agentliyinin təşkil Agentliyinin təşkil

olunması barədə məruzəsi edilməsi tapşırılsın

Əsli ilə düzdür:

Katib köməkçisi Nəcəfov

Düzdür: Kargüzar Əli Yusif

1919-cu il martın 3-də hökumətin Nazirlər Şurasının iclasında Azərbaycan Teleqraf Agentliyinin təşkili barədə məsələ müzakirə olunur. İclasda nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin bu barədə məruzəsi dinlənildikdən sonra xalq maarif naziri Nəsib bəy Usubbəyova Azərbaycan Teleqraf Agentliyinin təşkil edilməsi tapşırılır.

Lakin bu qərar hansısa səbəbdənsə icra edilmir. Bir il sonra, 1920-ci il fevralın 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Cəmo bəy Hacınskinin başçılıq etdiyi Poçt və Teleqraf Nazirliyi yanında “geniş daxili və xarici xronika, habelə dövlət idarəçiliyinin bütün sahələri üzrə hökumət xəbərləri şöbələri olan” Azərbaycan Teleqraf Acanslığının –AzərTAc-ın təşkil olunması haqqında yeni qərar qəbul edir.

Qərara əsasən, baş redaktora ayda 6 min manat, onun köməkçisinə 4500 manat məvacib təyin edilir. Abunə haqqı isə 40 min manatadək artırılır.

Nəhayət, 1920-ci il martın 2-də AXC-nin mətbu orqanı olan “Azərbaycan” qəzetində ilk dəfə olaraq “AzərTAc” imzası ilə xəbərlər dərc olunur.

AzərTAc-ın xəbər bülletenləri, bayram günləri də daxil olmaqla, hər gün 2 dildə - Azərbaycan və rus dillərində buraxılır. Bülletenlərdə gənc Azərbaycan dövlətində baş verən mühüm hadisələr işıqlandırılır, hökumətin gördüyün işlər tarixin yaddaşına yazılır.

Lakin agentlik cəmi 2 aya yaxın fəaliyyət göstərə bilir. Bolşevik Rusiyasının işğalı nəticəsində 1920-ci il aprelin 28-də AXC süqut edir. Həmin gün və ertəsi Rusiya Teleqraf Agentliyi - ROSTA xəbər verir ki, guya Bakıda çevriliş olub, xalq kütlələri köhnə hökuməti devirib.

***

1920-ci il iyunun 9-da Nəriman Nərimanovun imzaladığı dekretlə Azərbaycan Mərkəzi Mətbuat Kollegiyası yaradılır. O vaxt fəaliyyət göstərən ROSTA-nın Qafqaz diyar şöbəsinin Azərbaycan bölməsi (AzQafROSTA) aparıcı şöbələrdən biri hüququnda Kollegiyaya daxil olur. İnformasiya işinin təşkilində Kollegiyanın sədri, tanınmış jurnalist Ağababa Yusifzadənin böyük rolu olub.

AzQafROSTA-nın fəaliyyəti təkcə Bakı ilə məhdudlaşmır, Gəncə, Şuşa, Lənkəranı da əhatə edir. Ən maraqlı xəbərlər ölkədən kənara da göndərilir. AzQafROSTA informasiya xarakterli divar qəzetləri və təşviqat plakatları da buraxır. Bu işdə görkəmli rəssam Əzim Əzimzadə də yaxından iştirak edir.

O zaman AzQafROSTA Bakının indiki Tərlan Əliyarbəyov küçəsi 5 ünvanında keçmiş bankın binasında yerləşib.

1921-ci ilin aprelində Azərbaycan Xalq Komissarları Soveti respublikada müstəqil teleqraf agentliyinin yaranması haqda qərar qəbul edir. Mayda isə I Ümumazərbaycan Sovetlər qurultayı həmin qərarı təsdiqləyir. 1921-ci ilin ortalarında AzQafROSTA Azərbaycan Teleqraf Agentliyinə - AzərTA çevrilir. O vaxt hərbi hissələrdən birində döyüşçülər arasında savadsızlığın ləğvi üzrə fövqəladə komissiyasının başçısı Qubad Qasımov iyulun 14-də agentliyə direktor təyin edilir.

1922-ci ilin dekabrında Zaqafqaziya Federasiyası yarandıqdan sonra 3 Cənubi Qafqaz respublikasının informasiya agentlikləri ZaqTA adı ilə birləşdirilir. 1936-ci ildə isə AzərTA yenidən müstəqil informasiya orqanı kimi fəaliyyətinə bərpa edir.

Ümumiyyətlə, 1922-ci ildə SSRİ-nin təşkilindən sonra digər respublikaların informasiya agentlikləri kimi AzərTA da əslində SİTA-nın filialına çevrilmişdi. Xəbərlər Bakıya uzun müddət SİTA (indiki TASS) vasitəsilə teleqrafla - Morze əlifbası ilə göndərilirdi.

1932-ci ildə respublikanın informasiya xidmətində o zamana görə texniki inqilab baş verir. Azərbaycan Xalq Komissarları Soveti “Kleynşmidt” markalı teletayp alır. Teletayp ittifaq və dünya xəbərlərinin alınması və mətbuata, radioya ötürülməsində bütün prosesi sürətləndirməyə imkan verir.

1972-ci ilin iyununda respublika Nazirlər Sovetinin qərarı ilə AzərTA-nın adı növbəti dəfə dəyişdirilir. Azərbaycan İnformasiya Agentliyi - Azərİnform adlandırılan agentlik o dövr üçün müasir texniki avadanlıqlarla təchiz olunur. Azərİnform SSRİ dövründə kompüterləşdirilən 3 mətbu orqandan biri olub.

1992-ci il dekabrın 18-də Azərİnformun tarixi adı bərpa olur, lakin o, Azərbaycan Teleqraf Agentliyi - AzərTAc olur.

1995-ci il martın 3-də mərhum prezident Heydər Əliyevin fərmanı əsasında agentliyin adı saxlanılmaqla ona dövlət informasiya orqanı statusu verir. Nazirlər Kabinetinin yanında Dövlət Teleqraf Agentliyi yaradılır.

Sovet hakimiyyəti dövründə 8 dəfə ad dəyişikliyinə məruz qalan agentlik 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi, nəhayət, prezident İlham Əliyevin 2015-ci il 26 fevral tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi adlandırılır.

***

1921-ci ildən 1928-ci ilədək AzərTac-a Qubad Qasımov, 1928-ci ildən 1930-cu ilədək Mixail Sinitsin, 1937-ci ildən 1938-ci ilədək Vasili Xaldayev, 1939-cu ildən 1962-ci ilədək Xasay Vəzirov, 1942-ci ildən 1958-ci ilədək və 1962-ci ildən 1986-cı ilədək Yefim Qurviç, 1986-cı ildən 1988-ci ilədək Rafiq Zeynalov, 1988-ci ildən 1992-ci ilədək Azad Şərifov, 1992-ci ilin aprel ayından avqusta qədər Fikrət Sadıqov, 1992-ci ildən 1994-cü ilədək Vaqif Rüstəmov, 1996-cı ildən 2002-ci ilədək Şamil Şahməmmədov rəhbərlik edib. 2002-ci ildən bəri qurumun baş direktoru Aslan Aslanov 220 nəfərlik kollektivə rəhbərlik edir.

***

“Azərbaycanın tarixini, salnaməsini, mədəniyyətini yaratmaq AzərTAC-ı 98 ildə

ayaqda saxlayıb. Elə çətin anlar olub ki, əməkdaşlar vətənpərvərlik göstərib maaşsız, gəlirsiz işləyiblər. 20 Yanvar hadisələri zamanı basqı altında işəyiblər. Həmin vaxt Azərbaycanın informasiya blokadasının yarılmasında AzərTAC-ın xüsusi rolu olub. AzərTAC-a blokadanı qırıb informasiyanı kənara yaya bilib”. Bunu bu günlərdə yaranışının 98-ci ildönümünü qeyd edən AzərTAC-ın baş direktorunun müavini Dağbəyi İsmayılov özəl günlə bağlı Lent.az-a açıqlama verərkən deyib.

Dağbəyi müəllimin masası sənətlər, kağız-kuğuzla doludur. İşinin çox olmasına baxmayaraq, Lent.az-ın suallarını cavablayır.

Qurumun yaradıcı strukturu belədir: baş redaksiyalar, redaksiyalar və bölmələr. Azərbaycan dilində informasiyalar baş redaksiyası, Rus dilində informasiyalar baş redaksiyası, İngilis dilində informasiyalar baş redaksiyası və Foto İnformasiya baş redaksiyası. Redaksiyaların tərkibində də buraxılış üzrə redaksiyalar vardır: Rəsmi və siyasi xəbərlər redaksiyası, Gənclər, Ordu redaksiyası, Hüquq xəbərlər redaksiyası, Elm-təhsil redaksiyası və s.

“Dil coğrafiya geniş olduğundan sayta xaricdən də giriş çoxdur. Əsasən Asiya, Avropa ölkələri və ABŞ-dan. Dünyanın bir çox nəhəng media qurumları AzərTAC-a istinad edir” - deyə D. İsmayılov əlavə edir.

Baş direktor müavininin sözlərinə görə, hazırda 21 ölkədə, ölkə daxilində 11 bölgə üzrə bölgə müxbirləri var. Naxçıvan Muxtar Respublikasında isə İnformasiya Bürosu yaradıblar.

- AzərTAC-ın heyətinin 85-90 faizi gəncləşib. Əsasən yeni nəsil jurnalistika üstünlük təşkil edir. Gənclərin həm texnoloji bilikləri yüksəkdir, eyni zamanda gənclər praqmatik olurlar. Öz düşüncələri ilə yenilik gətirirlər. AzərTAC-ın bir neçə redaksiyanın əməkdaşları qrup şəklində hərə öz sahəsi üzrə tədbirdən həm mətn informasiya, həm foto informasiya, həm də video informasiyalar hazırlayır.

- Muzey yaratmağı düşünürsünüz?

- Elə bir fikrimiz vardı. Potensiyalımız da vardı: tarixi sənədlər, qədim telefon, faks aparatlarımız, 70-ci illərdən qalma “Olivetti” markalı kompüterlərimiz və s. Binamızda muzey üçün geniş yer olmadığından biz onları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verdik. Hazırda həmin avadanlıqlar nazirliyin muzeyində nümayiş olunur.

AzərTAC Azərbaycan dilindən başqa 6 dildə informasiya buraxır. Bunlarında ayrı bölmələri var: Ərəb dili, Çin dili, Fransız dili, Rus dili, Alman dili bölmələri. İngilis dili ayrıca böyük redaksiyadır. Texnoloji şöbəsi də var ki, informasiyanı poçtla qəbul edir, redaksiyalar arasında paylaşır.

Xarici Dillər Baş İnformasiya Redaksiyasının Alman bölməsi 2010-cu ildə yaradılıb. Bölməyə Səlayət Yusifov rəhbərlik edir. Bölmənin gündəlik işi Azərbaycan iqtisadi, siyasi, idman sahəsində baş vermiş ən mühüm xəbərləri alman dilinə tərcümə etmək və alman dilli oxucuların auditoriyasına çatdırmaqdır.

- Əsas oxucularımız Almaniya, Avstriya, Lixtenşteyndəndir. Hansılar ki, bizim mədəniyyət, ölkəmizdə gedən inkişaf, mötəbər idman tədbirləri ilə maraqlanırlar. Xüsusən də “Formula 1” yarışları.

Söhbətimizə AzərTAC-ın Uşaq bilik portalının rəhbəri Nigar Hüseynova ilə davam edirik. Portal 2013-cü ildə yaradılıb.

- Portal məktəbli yaşlı uşaqlar üçün nəzərdə tutulub. Uşaqlar daha çox əyləncəli bölmələrə maraq göstərir. Oyunlara, tapmacalara, cizgi filmlərinə, bədii filmlərə və s. Əlbəttə ki, portal tək əyləncədən ibarət deyil. Məktəblərdə uşaqlara verilən tapşırıqları yerinə yetirmək üçün bizim portalda rus və Azərbaycan dilində geniş məlumatlar var. Görkəmli şəxsiyyətlərdən tutmuş, təbiət, idman və mədəniyyətə qədər.

Portal gündəlik yenilənir. Son yenilənmədən sonra portala mobil cihazlardan da giriş mümkündür. Daha çox oxucu toplamaq üçün portal gələcəkdə daha da təkmilləşdiriləcək.

***

“Yerli kanallardan xəbərləri audio və video fayların yazır, xəbər başlıqlarını kompüterdə vörd proqramında yazır, növbətçi və şöbə redaksiya müdirlərinə göndərir, faks vasitəsilə rəsmi materialları qəbul edirik. Gün ərzində 30-a yaxın faks qəbul etmişik. Bayram və tədbir günlərində işimiz gərgin olur”. Bunu isə AzərTAC-ın Texniki təminat və rabitə şöbəsinin müdiri Rauf Məmmədov deyir.

Rauf müəllimin sadaladığı gündəlik işlərin öhdəsindən Texniki təminat və rabitə şöbəsinin 10 əməkdaşı gəlir. Şöbənin işi 3 növbəlidir.

AzərTAC-da zəif görənlər üçün sayt yaradılıb. Hər bir insan gözünə uyğun saytda fon və şriftlərinin rəngini və ölçüsünü dəyişə bilir. Hazırda bu funksiya Azərbaycan dilli auditoriya üçün nəzərdə tutulub, amma yaxın vaxtlarda bir dildə mümkün olacaq.

Agentliyin aylıq xəbər buraxılışının həcmi 10 mini ötür. Buraya, həmçinin 50 mindən çox foto, 1500-dək videoxəbər daxildir. Onun xəbərləri hazırda dünyanın 100-dən çox ölkəsində yayılır.

AzərTAC Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı və Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilib. Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir. Dünyanın 45 ölkəsinin milli informasiya agentlikləri ilə əməkdaşlığa və xəbər mübadiləsinə dair müqavilələr imzalanıb.

Lent.az olaraq, AzərTAc-ın uzunömürlü kollektivini ad günü münasibətilə təbrik edir, yeni uğurlar arzulayırıq.