Əməkdar artist Əkbər Əlizadənin Milli.Az-a müsahibəsi.
- Əkbər bəy, artıq 4-cü mövsümdür ki, "Qız atası" serialında Alik obrazında çəkilirsiniz. 4 mövsüm eyni serialda çəkilmək sizi bezdirmir?
- Artıq 23 ildir ki, Musiqili Teatrda çalışıram. Hər dəfə səhnəyə ayaq basanda elə bilirəm ki, ilk dəfədir səhnəyə çıxıram. Tamaşa təkrar olsa da biz hər dəfə tamaşaçılar üçün onu fərqli şəkildə oynayırıq. O ki, qaldı "Qız atası" serialına... Mən artıq 3-cü ildir ki, bu komanda ilə əməkdaşlıq edirəm. Xeyr, bu məni bezdirmir. Seriyadan-seriyaya həvəs daha da artır.
- İllərdir efirdəsiz və sizi həmişə gülərüz görmüşük. Bu enerjini hardan alırsınız?
- Əlbəttə ki, tamaşaçılardan. Bəzən aptekdən gedib dərman alanda satıcı soruşur ki, siz də dərman alırsınız? Deyirəm ki, bizim xəstələnməyə ixtiyarımız yoxdur? (gülür). Əlbəttə ki, canlı insanlarıq.
- Arzusunda olduğunuz rollar varmı?
- Vaxtilə arzusunda olduğum rollar olub, oynamışam da. Bu yaxınlarda da "Molla Nəsrəddin və 5 arvadı" tamaşası səhnələşdirildi və Molla Nəsrəddin obrazı mənə həvalə olundu. Əvvəl-əvvəl bu rolu məşq edəndə əsəbləşirdim. Rejissorun yerinə mən olsaydım, deyərdim ki, daha məşqə gəlmə (gülür). Amma sözün yaxşı mənasında nazımla oynadılar. Rejissor əmin idi ki, bu obraz məndə alınacaq. Həqiqətən də yaxşı alındı. Mən çox istərdim elə bir mənfi obraz oynayım ki, tamaşaçılar desin ki, Əkbərin bu üzü də var? Bu cür obraz oynasam, ürəyimdən tikan çıxarmış olacağam. Amma teatrdan fərqli olaraq "Bayram axşamı" filmində Elşən adlı mənfi obraz oynamışam. Qeyd edim ki, filmin baş prodüseri Murad Dadaşov idi.
- Ulduzluğun teatr nöqteyi nəzərindən formulu nədir?
- Mənə elə gəlir ki, bəxtim böyük sənətkarlarla tərəf müqabili olanda gətirdi. 1994-cü ildə universitetə daxil oldum, elə həmin ildə də teatrda çalışmağa başladım. Böyük sənətkarımız Hacıbaba Bağırovla birlikdə "Bankir adaxlı" tamaşasında Balakişi rolunu oynadım. Bu obraz sanki mənə biçildi. Elə buna görə də tamaşaçı məni yadında saxlaya bildi. Onu da deyim ki, keçən il Tehranda "Ər və arvad" tamaşasındakı Səfi-ən yaxşı kişi roluna görə "Ərk qalası" mükafatına layiq görülmüşəm.
- Hansı daha ağır gəlir? Aparıcılıq, yoxsa aktyorluq?
- Əlbəttə ki, aktyorluq. Aktyorluq çox çətin peşədir. Əgər o insan həqiqətən də aktyorluqla məşğuldursa, üstündən illər ötəndən sonra dönüb arxaya baxanda fərqinə varır ki, aktyorluq sənəti insanın sən demə şirəsini canına çəkir. Sən əsəb keçirirsən, enerjin olduğundan da artıq sərf olunur. Aparıcılıq elədir ki, sən özünsən və səmimiyyətinlə verilişin öhdəsindən gəlirsən.
- Bir aktyor kimi efirdə yayımlanan seriallardan razısınız?
- Mən əgər bunun dərinliyinə varsam, tamaşaçılar tərəfindən qınağa tuş gələ bilərəm. Bunu deməyə ixtiyarım yoxdur. Mənə elə gəlir ki, seriallarımız qənaətbəxşdir.
- 3 övladınız var. Hansısa bu sənəti davam etdirmək istəyir?
- İki qızım, bir oğlum var. Qızımın biri aktrisa olmaq istəyir, amma mən istəməzdim. İstərdim ki, böyük qızım həkim olsun. Kiçik qızım gimnastika ilə məşğuldur, 4 yaşlı oğlum da mənim pərəstişkarımdır (gülür).
- Özünüzü xoşbəxt insan hesab edirsiniz?
- Özüm haqqında bu sözü deməyə çox ehtiyat edirəm. "Xoşbəxt" sözündə nə qədər sait, samit varsa onların hamısını əzizləyirəm. Həmişə Allaha yalvarıram ki, sən mənim bu gözəl günlərimi əlimdən alma. Bəli, xoşbəxtəm (gülür).
Əli Rəhimoğlu
Milli.Az