Dünyada ismayıli təriqətinin mənsublarının mənəvi və dini lideri 4-cü Kərim Ağa Xan "almaz yubiley"ini qeyd edir. İsmayılilərin 49-cu varis imamı təyin olunmasından 60 il keçən Kərim Ağa Xan dünən Londonda Britaniya kraliçası 2-ci Yelizaveta ilə görüşüb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 91 yaşlı kraliça şiə ismayılilərin imamının şərəfinə Vindzor sarayında ziyafət verib.

1957-ci ildə 3-cü Ağa Xanın vəfatından sonra şahzadə Kərim 4-cü Ağa Xan elan olunmuşdu. Elə həmin il kraliça Yelizaveta ona "əlahəzrət" titulu vermiş, 1959-cu ildə isə İran şahı Məhəmməd Rza Pəhləvi ismayılilərin liderini "kral həzrətləri" titulu ilə təltif etmişdi.

82 yaşlı 4-cü Kərim Ağa Xanı dünyanın 25 ölkəsində yaşayan 15 milyon ismayıli özünə imam sayır.

Özü çəkisində qızıl alan imamın bayramıdır - FOTO

O, Hz.Məhəmmədin (s.ə.s) nəslindən sayılır. Ağa Xan ailəsinin əcdadlarından biri İran şahı Fəth Əli Şah olduğundan ailə mənsubları şahzadə hesab olunurlar.

Harvard Universitetini "İslam tarixi" ixtisası ilə 1959-cu ildə fərqlənmə ilə başa vurmuş 4-cü Ağa Xan 1967-ci ildə yaradılan və baş qərargahı Parisdə olan Ağa Xan İnkişaf Şəbəkəsinin (Aga Khan Development Network) rəhbəridir.

Ağa Xanın təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində məktəblər, xəstəxanalar, universitetlər tikilir. Onun təşkilatı dünyaca məşhur memarlıq mükafatının da təsisçisidir.

4-cü Kərim Ağa Xan iki dəfə evli olub. Onun Bəyim Səlimə Ağa Xan və Bəyim İnarə Ağa Xandan 4 övladı (şahzadə Rəhim, şahzadə Hüseyn, şahzadə Əli və şahzadə Zəhra) var.

İtaliyadakı Porto-Çervo kurortunun təsisçisi və sahibi olan 4-cü Kərim Ağa Xana təriqət mənsubları hər il onun çəkisi ağırlıqdı qızıl külçələr hədiyyə edirlər. Bunda başqa, təriqət üzvləri gəlirlərinin 10 faizi midarında "ühr" adlı vergini icmaya ödəyirlər.

3 milyard dollarlıq varidata malik 4-cü Kərim Ağa Xanın Fransa və İrlandiyada atçılıq fermaları, otellər şəbəkəsi, İtaliyanın Sardiniya adasında "Kosta Smeralda" kurortu var.

Özü çəkisində qızıl alan imamın bayramıdır - FOTO

İsmaililər başqa şiələr kimi Cəfər əs-Sadiq daxil ilk altı imamı qəbul edir, lakin onun vəfatından sonra (765-ci il) imamətin, "isnə əşəriyyə"dən (on iki imamçılar) fərqli olaraq, kiçik oğlu Musa Kazıma deyil, böyük oğlu İsmailə keçdiyinə inanırlar. Yeddi imamı qəbul etdiklərinə görə, onlara "səbiyyə" (yeddi imamçılar) adı da verilmişdi. Bu məzhəbin ardıcılları belə hesab edirlər ki, Cəfər əs-Sadiq imaməti bilavasitə məhz oğlu İsmailə göstərişlə vermişdir. Amma İsmail atasından öncə - 762-ci ildə vəfat etdiyinə görə, tərəfdarları oğlu Məhəmməd Məqtumun ətrafında toplaşmış və imamətin qeybdə olan (gizli) imamdan ona ötürüldüyünə inanmışlar. İsmaililərə görə, imamlar gizli olsalar da onlara tabeçilik göstərmək vacibdir.

İsmailin yaxın dostu Əbu əl-Xəttab, sonralar "İsmailiyyə" adı altında təşəkkül tapan firqənin batini məzhəb kimi əqidəsini və təşkilat strukturunun əsasını formalaşdırıb. İlk vaxtlar imamların yeddi olduğuna etiqad etsələr də sonralar onların sayı artıb. Məhəmməd Məqtumdan sonra imamətin oğlu Cəfər əl-Müsaddiqə, sonra onun oğlu Məhəmməd Həbibə, daha sonra isə Məhəmmədin oğlu olan Mərakeş hakimi Übeydullah Mehdiyə keçməsi buna bariz misaldır. Bundan başqa ismaililərin Misirdə yaratdıqları Fatimilər xilafətinin bütün xəlifələri imam sayılıblar.

Başqa şiə məzhəbləri kimi ismailik də İraqda yaranmış, sonra isə İranda və Xorasanda yayılıb.

Məzhəbin əqidəsinə görə İslam şəriətinin həm "açıq" (zahiri), həm də "gizli" (batini) mənaları vardır. Lakin "gizli"yə daha çox önəm verdiklərinə görə onları "batinilər" (gizli təlimin daşıyıcıları, ezoteriklər) adlandırıblar. İsmailiyə görə, şəriətin batinini yalnız məzhəbin imamları bilir. Buna görə də Qurani-Kərim ayələrini məcazi mənada yozaraq iddia edirdilər ki, bütün bu "yozmalar" müqəddəs Kitabın batini mənalarını bilən imamlardan gəlir. Bu cür yanaşmalar bəzi sufi təriqətlərinin təlimlərində də vardır. Zaman keçdikcə ismaililər dinin zahirinə, açıq-aşkar göstərilən halal-haram problemlərinə əhəmiyyət verməyiblər, onların batini mənalarının dərk olunmasını vacib sayıblar.

İsmaililərə görə, Allah imamları başqa insanlara nisbətən daha üstün tutaraq, onlara varlığın bütün aspektləri haqqında gizli biliklər verib. İmamlar başqalarının xəbəri olmadığı biliklərə sahibdirlər. Hətta özlərini ardıcıllarına və tərəfdarlarına açıq-aşkar göstərməyib, "gizli" də qala bilərlər. Çünki təlimə əsasən onların xalq qarşısına çıxması vacib deyil. Tərəfdarları ilə bağlılıq isə onun xüsusi nümayəndələri tərəfindən həyata keçirilə bilər. Mütləq halda o, dini icmaya doğru yolu göstərən bir başçıdır. Lakin sonda "gizli" imam dünyada peyda olub ədaləti bərpa edəcəkdir. İsmaililərin təlimində yeni platonçuların, qnostiklərin və başqa antik məktəblərin fəlsəfi baxışları da geniş yer alıb.

Özü çəkisində qızıl alan imamın bayramıdır - FOTO

Onlar antik pifaqorçuluğun və yəhudilərin Kabbala adlı mistik təlimindən təsirlənərək rəqəmlərin mistikasına da xüsusi diqqət yetiriblər. Əsasən "yeddi" rəqəminə böyük önəm verilir və onu müqəddəs hesab edirlər. İsmaililər Platon fəlsəfəsinə uyğun olaraq dünyaya və onda olan hər şeyə ideal (səmavi) aləmin əks olunması kimi baxırlar. Başqa sözlə desək, onlar əsl varlığın ideal müstəvidə, yerdə isə oradakı olayların təhrif edilmiş şəkildə, güzgüdəki kimi əks olunduğuna inanırdılar. Onlar hesab edirdilər ki, ideal aləm haqqında biliklər batini biliklərdir və o aləmin nümayəndəsi olan imamlara məxsusdur. İsmaililərə görə bütün peyğəmbərlər "Dünya dərrakəsi"nin təzahürləridirlər.

Hazırda onların rəhbərləri Ağa Xan titulu daşıyır və nizarilər ona yer üzündə İlahinin təcəssümü kimi inanırlar. Ağa Xanın Hindistan və Keniyada iqamətgahları vardır. Tacikistanın bəzi yerlərində də nizariliyin ardıcılları mövcuddur. İsmailiyin digər böyük təriqətinin ardıcılları olan mustəlilər vaxtı ilə müsəlman dünyasının qərbində (Misir və Şimali Afrikada) daha çox yayılıblar. Amma Fatimi xəlifəliyi süqut etdikdən sonra onlar Yəmənə, daha sonra isə Hindistana köçüblər. Hazırda mustəli icmaları Hindistan, Pakistan, İran, Yəmən, Keniya və Tanzaniyada vardır. Onların dini mərkəzi Hindistanın Surat şəhərində yerləşir. Avropada və Amerikada da müxtəlif ismaili icmalar fəaliyyət göstərirlər.

Milli.Az