Türkiyənin Side bölgəsində Beynəlxalq Velosipedçilər
İttifaqının 1.2 kateqoriyalı Side Qran-Prisi
keçirilib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat katibliyindən
Publika.az-a verilən məlumata görə, birgünlük
yarış “Synergy Baku” kontinental komandamız üçün uğurlu alınıb.
Yarışda Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Polivoda, Musa
Mikayılzadə, Kərim Şirəliyev, Kənan Qəhrəmanlı və Telman Vəliyevdən
ibarət heyətlə mübarizə aparan komandamızın heyətində ən yüksək
nəticəyə Samir Cəbrayılov imza atıb. Əla komanda işinin nəticəsi
olaraq finiş xəttinə 4 nəfərlik kiçik qrupun tərkibində gələn Samir
184,9 km məsafəni 4 saat, 16 dəqiqə, 23 saniyəyə başa vurub və
fotofinişə əsasən 2-ci olub. Bu nəticə həmçinin idmançımıza 30
reytinq xalı da qazandırıb.
“Synergy Baku”nun digər üzvü Aleksandr Polivoda isə qalibdən 5
saniyə geri qalmaqla 5-ci yeri tutub və bununla da klubumuzun
aktivinə daha 15 xal əlavə edib. Komanda hesabına gəlincə, “Synergy
Baku” ən yaxşı göstəriciyə imza atmaqla xüsusi mükafatla da təltif
edilib.