“Reks Tillerson qurban verilən fiqur kimi dəyərləndirilə bilər” – Elçin Mirzəbəyli

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp ötən ilin fevralından dövlət katibi olan Reks Tillersonu istefaya göndərib.

Metbuat.az-ın məlumatına görə, Tramp artıq Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunu yeni dövlət katibi təyin edib. ABŞ prezidenti bu haqda Tvitter səhifəsində bildirib: “Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo yeni dövlət katibimiz olacaq. O, fantastik işlər görəcək. Reks Tillersona xidmətlərinə görə təşəkkür edirəm”.

İstefaya göndərilən Reks Tillerson işdən çıxarıldıqdan sonra ilk dəfə jurnalistlərin qarşısına çıxaraq bildirib ki, 31 mart tarixində vəzifəsi ilə vidalaşacaq. Tillerson, həmçinin işdən çıxarıldığını eşidəndən sonra Trampla telefon əlaqəsi saxladığını bildirib: “Vəzifəmi rəsmi şəkilldə 31 martda təhvil verəcəyəm. Bundan sonra sivil həyatıma davam edəcəyəm. İşdən çıxarıldıqdan sonra Trampla danışdım. İraqda və Suriyada görüləcək çox işlər var”. O, hansı səbəbdən istefaya göndərilməsi haqda KİV-ə məlumat verməyib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, ABŞ-ın xarici siyasətində son dövrlərdə kifayət qədər ciddi uğursuzluqlar nəzərə çarpır: “Bu uğursuzluq bir sıra aspektdən özünü daha çox həm Avropa ölkələri, həm də Yaxın Şərqdə baş verən hadisələr konteksində biruzə verir. Bu konteksdən Türkiyə-ABŞ münasibətlərini də dəyərləndirmək yerinə düşər. Təbii ki, Tramp Administrasiyasının xarici siyasətini uğurlu hesab etmək olmaz. Bu, bilavasitə dövlət katibinin kurasiyasında olduğu üçün şübhəsiz ki, daha çox onun fəaliyyəti ilə bağlıdır. Amma eyni zamanda bu, bütövlükdə Tramp Administrasiyasının xarici siyasətinin uğursuzluğu kimi də qiymətləndirilə bilər. Çünki təbii ki, dövlət katibi birbaşa proseslərə təsir edir, amma Trampın da xarici siyasətlə bağlı kifayət qədər köməkçiləri və müşavirləri var. Bu aspektdən, Reks Tillerson qurban verilən fiqur kimi dəyərləndirilə bilər.

Məsələnin digər apsketdən birbaşa əlaqəsi olmasa da, bir prosesə də fikir bildirmək düzgün olardı. Azərbaycanın işğal olunmuş torpaqlarında, Dağlıq Qarabağda qondarma rejimin rəhbəri Bako Saakyanın Ermənistan pasportu ilə ABŞ-a səfər etməsi və Konqresdə görüşlər keçirməsi də düşünürəm ki, bilavasitə Tillersonun rəhbərlik etdiyi xarici siyasətin uğursuz cəhdlərindən biridir. ABŞ-ın Azərbaycanla əlaqələrində son dövrlərdə kifayət qədər inkişaf nəzərə çarpır, amma bütün bunlara baxmayaraq, Bako Saakyanın Amerika Birləşmiş Ştatlarına gedişinə viza verilməsi, hesab edirəm ki, Reks Tillersonun xarici siyasətinin uğursuz elementlərindən biri kimi dəyərləndirmək olar. Çünki Amerika Birləşmiş Ştatları bilavasitə münaqişənin həllində vasitəçi kimi məsuliyyət daşıyır. Digər tərəfdən, viza səfirlik tərəfindən verilir və səfirlik Bako Saakyanın kim olduğu barədə şübhəsiz ki, tabe olduğu xarici siyasət idarəsinə məlumat verib. Oxşar faktların sayını kifayət qədər artırmaq olar, amma mən, Azərbaycana daha yaxın, daha uyğun olan məqamı vurğuladım”.

Qeyd edək ki, yeni dövlət katibi təyin olunan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri, 52 yaşlı Mayk Pompeo ABŞ Quru Qüvvələrinə zabit yetişdirən "West Point"-dəki Əsgər Akademiyasından 1986-cı ildə məzun olub. Daha sonra o, Harvard Universitetində hüquq fakültəsini bitirib.

Pompeo aborta qarşı fikirlərilə gündəmə gəlib. O, ilk ziyarətini Türkiyəyə edib. Pompeo Donald Trampla oxşar dünyagörüşünə malik mühafizəkar kimi tanınır.

Günay Elşadqızı / METBUAT.AZ

“Dağlıq Qarabağdan ABŞ-a səfər etmək istəyən istənilən adamın qarşısını almalıyıq” – Mübariz Əhmədoğlu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı