Martın 27-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə İtaliyanın "Testene Art Baku" Beynəlxalq Mədəniyyət Assosiasiyasının və C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin birgə təşkilatçılığı ilə II Beynəlxalq İncəsənət festival-müsabiqəsinə start verilib.

Müsabiqədə münsiflər heyəti kimi Rusiyanın xalq artisti Viktor Pelenyaqre, Rusiya və Tatarstanın xalq artisti Renat İbrahimov, bəstəkar, pianoçu,Litva musiqi akademiyasının professoru Arturas Ankskauskas, Vilnüs musiqi akademiyasının professoru, Litva-Avstrya cəmiyyətinin prezidenti Petras Kunka iştirak edirlər.

Müsabiqə 7 nominasiya: vokal, instrumental, rəqs, teatr, folklor, təsviri incəsənət, moda və dizayn üzrə keçirilir. Müsabiqənin ilk günündə simli alətlər üzrə, akademik vokal və fortepiano ifaçılarının çıxışları dinlənilib. Martın 28-də müsabiqədə nəfəs və zərb alətləri, xor, ansambl, xalq çalğı alətləri üzrə, 29 və 30-da isə estrada oxuma və rəqs nominasiyaları üzrə çıxışlar davam edəcək.

Qeyd edək ki, martın 30-da saat 14:00-da Mərdəkan Mədəniyyət Sarayında qaliblərin konserti və mükafatlandırılma mərasimi baş tutacaq. Festivalda qalib gələn iştirakçılara I, II, III dərəcəli diplomlarla təltif oluncaqlar, onlara xüsusi hədiyyələr və Təşəkkürnamələr veriləcək. Vokalçılar arasında Qran-pri mükafatına layiq görüləcək iştirakçıya qalib üçün Rusiyanın xalq artisti Viktor Pelenyaqre tərəfindən xüsusi bəstələnmiş mahnı hədiyyə olunacaq.

Milli.Az