“Hər uşaq ata-ana sevgisinə möhtacdır. Xüsusilə qızlar atalarına bağlı olur, amma mən anamla böyümüşəm. Anam çox güclü qadındır, bizə həm ana, həm də ata olmağa çalışıb. Lakin deyə bilmərəm ki, o, öz varlığı ilə atamın yoxluğunu bizə hiss etdirməyib. Deyirlər ki, uşaq anadan yetim qalır, bu fikirlə razı deyiləm. Uşaq üçün hər ikisinin sevgisi eyni dərəcədə önəmlidir və hər ikisindən yetim qala bilir".
Publika.az xəbər verir ki, bu sözləri Natavan Həbibi bizə verdiyi açıqlamada deyib. Sənətçi əlavə edib ki, atasının dəstəyinə həmişə ehtiyac duyub:
"Çox şükür ki, anam yanımdadır, lakin elə saatlar olub ki, kimələrəsə qarşı tək qalanda gücünə, dəstəyinə arxalana biləcəyim atam olmayıb. Atam yanımda olmadı ki, ondan yardım istəyim, deyim ki, ata məni təkləyiblər. Belə məqamlarda ata sevgisinə möhtac qalırsan. Bu ağrını həmişə hiss etmişəm.
Heç bir atanın haqqı yoxdur ki, həyat yoldaşı ilə olan problemlərin övladları ilə münasibətlərinə pis təsir göstərməsinə icazə versin və uşağını həyatın axarına buraxsın. Atamla aramızda olan soyuq münasibətlərə baxmayaraq, mənim üçün doğma insandır. Onu bağışlamamaq kimi haqqım yoxdur, ürəyimdə onu həmişə sevmişəm.
Toydan sonra fikirləşirdim ki, qızım olarsa, Murad Arifdən icazə alıb “Qızım” mahnısını oxuyaram. Amma qismət... Oğlanla qız arasında heç vaxt seçim etmirəm, sadəcə evimizdə bacımın qız övladı böyüdüyü üçün qızı necə tərbiyə etmək lazım olduğunu bilirəm”.
Müğənni gündən-günə arıqlamasına da aydınlıq gətirib:
“Xüsusi heç nə etmirəm, iştahım olanda yemək yeyirəm, olmayanda özümü məcbur edə bilmirəm”.
İfaçı 2014-cü ildə verdiyi konsertə gəlmədiyi üçün uzun müddət küsülü olan həmkarı Elnarə Xəlilova ilə münasibətlərinə də aydınlıq gətirib:
“O ərəfədə bütün qalmaqallar mənim ətrafımda cərəyan edirdi, Tolik, Zorik, hamısı üstümə gəlmişdi. Deyirdilər guya ki, milliyyətcə erməniyəm. Əsəblərim yerində deyildi ki, Elnarəyə dəvətnamə göndərim və ya zəng edim. Bu söhbətlərin içərisində konsert verirdimsə, həmkarlarım mənə dəstək olmalı, “Süd iç səsin batar” deməli idilər. Uman yerdən küsərlər. Artıq qalmallardan yorulmuşam, istəyirəm ki, sakit həyat yaşayıb sənətimizlə məşğul olaq. Mənə deyirlər ki, kinli insanam. Xeyr, kinli deyiləm, sadəcə edilən səhvləri unutmuram. Bağışlasam da, yaddan çıxartmıram. Nə edim, belə adamam. Odur ki, münasibətlərdə ehtiyatlı olmaq lazımdır. Nə qədər çox istəsən də, qırılan qəlbi “yapışdırmaq” mümkün deyil".
İfaçı əlavə edib ki, qəlbini qırıb sonra ondan üzr istəyənlərdən yorulub:
"Efirə çıxıb hərəsi haqqımda nələrsə danışır, gündəm yaradır. Nə qədər istəyirsiniz danışın, reklamımı edirsiniz, sizə pulumu verirəm. Amma qəlbimi qırmayın, mən axı sizə pislik etməmişəm. Səhəri gün də yaxınlaşıb “Bacı, oldu da” deyirlər. Bu sənətçilərdən fərqim odur ki, onlar çıxıb mənim haqqımda danışırlar, mənsə özümdən. Qəlb qırdırmağı dayandırın”.
Aytən