“Bu, dəqiqləşdirilməsi çətin və araşdırılması mümkün olmayan məsələdir” – Arzu Nağıyev

Şərqi Qutadakı kimyəvi hücumda sinir qazı istifadə edilib.

Metbuat.az-ın məlumatına görə, bunu Ağ Evə yaxın mənbələr bildirib. Hücumun kim tərəfindən həyata keçirildiyi hələ ki, məlum deyil.

Qeyd edək ki, Şərqi Qutadakı kimyəvi hücumdan sonra ABŞ prezidenti Donald Tramp Əsəd rejimini günahlandıraraq onu təhqir edib və Suriyada mərkəzi hökümətə hücum təhdidi etmişdi. ABŞ-dan əlavə bir neçə ölkə də kimyəvi hücumdan Əsəd rejimini günahlandırıb.

Xatırladaq ki, bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında Ankarada keçirilən üçtərəfli sammitdə Suriya məsələsi ilə bağlı razılıq əldə olunub.

Prezidentlər Suriya üzrə birgə bəyanat imzalayıblar. Sənəddə qeyd olunub ki, Türkiyə, Rusiya və İran Suriya məsələsi ilə razılığa gəlib. Bundan başqa, prezidentlər üçlü formatda əməkdaşlığı davam etdirmək məsələsini də razılaşdırıblar. Tərəflər Suriyada davamlı atəşkəsə nail olunmasına sadiq qalacaqlarını bildiriblər.

Bəyanatda Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstək veriləcəyi vurğulanıb: “Suriyanın ərazi bütövlüyünü pozmağa çalışan və qonşu dövlətlərin təhlükəsizliyini təhdid edən separatçıların fəaliyyətinə qarşıyıq. Biz əminik ki, Suriya münaqişəsi hərbi yolla deyil, sülh, siyasi dialoq çərçivəsində həllini tapmalıdır”.

Qeyd edək ki, bir müddət öncə Böyük Britaniyada Rusiya xüsusi xidmət orqanının sabiq əməkdaşı Sergey Skripalın və qızının zəhərlənməsindən sonra Suriyada da kimyəvi silahdan istifadə olunması diqqət çəkib. Qərb Skripalın və qızının zəhərlənməsində Rusiya günahlandırsa da, rəsmi Moskva bunun doğru olmadığını deyir.

İndiki halda kimyəvi hücumdan sonra ABŞ, Türkiyə, Rusiya və İran hansı addım atacağı maraq doğurur. Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Arzu Nağıyevin sözlərinə görə, kimyəvi silahlarla bağlı məsələ hər dəfə gündəmə gəldikdən sonra sanksiyalar olur: “Rusiya Suriyada nə qədər nüfuz sahibi olmağa və proseslərə təsir gücünü göstərməyə çalışsa da, bu, alınmır. ABŞ və digər Qərb dövlətləri istər Şimali Koreyada, İranda, Suriya və Rusiyada nüvə məsələlərini önə çəkir. Skripal məsələsindən sonra Qərb yenə də bu məsələyə qayıtmaqla bildirdi ki, kimyəvi silahlar hələ tam məhv olunmayıb. Bu bir səbəb olmasa da, gələcəkdə hansısa tədbirlərin həyat keçirilməsi üçün vasitədir”.

Politoloqun sözlərinə görə, Suriya məsələsində Türkiyə, Rusiya və İran görüşlər keçirib, müəyyən addımlar atsalar da, orada digər ölkələrə yaxın qüvvələr də var: “O qüvvələr Bəşər Əsəd rejimindən narazıdırlar və seçkilərin keçirilməsi, konstitusiyanın yenidən yazılması ilə razılaşmırlar. Ona görə də bu məsələ mütəmadi olaraq gündəmdə olacaq”.

Kimyəvi hücumun Bəşər Əsəd qüvvələrinin edib-etməməsinə gəldikdə isə politoloq qeyd edib ki, bunun dəqiq cavabı üçün laboratoriya analizləri aparılmalıdır: “İllər əvvəl İraqa da bu adla girdilər və ölkənin tam şəkildə məhv edilməsində bu amildən istifadə eetdilər. SSRİ dövründən bugünədək Suriya ərazisində SSRİ-yə məxsus olan o silahlar var idi və bu silahlardan istifadə edirdilər. Bir neçə dəfə dedilər ki, Suriya tərəfi özü o silahlardan istifadə edib. Ancaq bu, dəqiqləşdirilməsi çətin və araşdırılması mümkün olmayan məsələdir”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı