“Dünən axşamdan burada ən çox rast gəlinən iki söz var - təbrik və qələbə. Doğrudan da dünən hamımızın təbrikinə və hamımızı təbrikə haqq edən bir qələbə qazanıldı. Bilirsiniz, əslində bu, cənab İlham Əliyevin özündən çox bütün xalqın qələbəsiydi və heç də asan qələbə deyildi”.

Metbuat.az-ın məlumatına görə, bunu millət vəkili Sahib Alıyev deyib: “Düzdür, biz seçkiyə qatılan və könlündən prezidentlik keçsə də, bəlli səbəblərdən qatılmayan hər kəsi göz önünə gətirib deyə bilərik ki, İlham Əliyev üçün onların üzərində qələbə çalmaq asandan da asandı axı. Elədir, ancaq onun əsl rəqibləri nə seçkiyə qatılanlar, nə də boykotçular idi. Rəqiblər həmin boykotçuları “Məhsul”da “gimnastika” etdirənlər, Vidadi, Orduxan və digər adlar altında “çirkab boruları” düzəldib xalqımızı və prezidentimizi gözdən salmağa çalışanlar idi. Bu həm də o çevrələrdir ki, Yaxın Şərqin xaos girdabına yuvarlanmasında az rol oynamayıblar.

Burada da bu dəfə “söyüş inqilabı” hazırlayırdılar, alınmadı. Çirkab borularından kəmər düzəltmək, Azərbaycana xaos axıtmaq mümkün olmadı. Kəmər düzəldə bilmədiklərindən 4-5 “boru”dan axıdılan çirkab elə axıtdıranların öz məmləkətində qaldı, pis qoxulu imiclərini daha da iyləndirdi.

Dünən keçirilən seçki bir daha təsdiqlədi ki, Yaxın Şərqdə və bir çox başqa ölkələrdəki kimi üzərində eksperiment aparılan xalqlardan deyilik, olmayacağıq. Öz seçici fəallığı və seçki mədəniyyətimizlə biz bir xalq olaraq mütəşəkkilliyimizi, sivilliyimizi, eyni zamanda da qədirbilənliyimizi ortaya qoyduq.

Hər bir xalq öz liderinə haqq edir deyirlər. Yüksək seçki mədəniyyətimiz, mütəşəkkiliyimiz, qədirbilənliyimizlə göstərdik ki, elə hər bir lider də öz xalqına haqq edir. Dünən təkcə biz Prezidentimizi seçmədik, həm də onun öz xalqına haqq etdiyini sərgilədik.

Təbriklər Azərbaycan xalqı, təbriklər cənab Prezident! Uğur həmişə Sizinlə, uğur həmişə bizimlə olsun!”