Onu ilk dəfə “9 ilə 13 arasında - İlin qalibləri” mükafatlandırma mərasimində görmüşdüm. Mənim üçün ikiqat bayram idi: həm doğum günüm idi, həm də sevimli futbolçum Dino Ndlovudan müsahibə alacaqdım. Onunla söhbətləşmək üçün vaxt tapa biləcəyim ağlıma da gəlməmişdi. Çünki milli komandaya yenicə baş məşqçi təyin edilmişdi və hər kəs onu təbrik edib şəkil çəkdirmək üçün sıraya düzülmüşdü. Təxmin etdiyiniz kimi, “İlin baş məşqçisi 2017”nin laureatı, “Qarabağ”ı Çempionlar Liqasına çıxarmaqla Azərbaycan futbolunda, idmanında qızıl hərflərlə tarix yazan, qaşqabaqlı üzü ilə bizi bir dünya sevindirməyi bacaran Qurban Qurbanovdan danışıram.
...O qədər həyəcanlı idim ki, bir cümlədə tabeli və tabesiz mürəkkəb cümlələrin, az qala, bütün növlərindən istifadə etdim:
- Qurban bəy, bu gün mənim doğum günümdür, buna görə də xahişimi geri çevirməyib mənə müsahibə verməyinizi istəyirəm...
- Müsahibə? Həə... nə zaman?
- Nə zaman vaxtınız olsa.
- Nə qədər çəkər ki?
- Bir saat... (gülərək) Yaxşı, yarım saat... (təlaşla) On beş dəqiqə...
Çempionlar Liqasında rəqiblərini öyrənəndə fikrə getmədiyi qədər bu təklifim qarşısında fikrə getdi...
- Yaxşı, gəlin elə suallarımı burada verim...
Üzüldüm... Onu incitdiyimi, daha doğrusu, ondan fövqəladə bir şey istədiyimi düşünürdüm. Bilirəm ki, müsahibə verməkdən xoşu gəlmir. Ancaq yenə də hansısa tədbirdə pilləkənlərdən enərkən, qapı önündə, konfrans bitən kimi kürsüdən enərkən tələsik verdiyim sualları cavablandırdığı üçün bir minnətdarlıq hissim var...
Çünki onun sayəsində 70 000 azərbaycanlı tribunada, 10 milyon azərbaycanlı doğma torpağında, milyonlarla insan isə ürəklərində Çempionlar Liqasının, Azərbaycanın uğurunun sevincini yaşayırdı. Hər kəs ilk dəfə konfet hədiyyəsi almış bir uşaq kimi ora-bura qaçır, içində nəhayətsiz minnətdarlıq hiss edirdi. İndi təkcə mənim yox, bütün Azərbaycanın, bütün futbolsevərlərin Qurban Qurbanovla bağlı bir xatirəsi var.
Tarix bizə Qurbanı verdi, Qurban isə bizə yeni tarix. Qurbanovlar ailəsinin ağlına belə gəlməzmiş ki, sonuncu övladları futbol tarixinin ilklərindən olacaq. Bəlkə hələ heç özü də buna inanmaq istəmir ki, hələ də əzmlə, səbirlə çalışır, uğur dalınca qaçır. Bəlkə elə qaşqabaqlı, ciddi imicinin sirri də bundadır? Çoxları onu belə tanıyır, belə xatırlayır. Ancaq mənim üçün dəyişməz bir siması var. Tabeli və tabesiz mürəkkəb cümlələri bütün növlərini eyni anda istifadə etdiyim vaxt mənim həyəcanıma necə gülümsəyirdisə, hər dəfə qarşılaşanda o gülümsəyişlə üzümə baxır...
Və bu gün o gülümsəyişin 46-cı yaş günüdür.
Torpağımızın mübarək insanlarından olan Qurban Qurbanov, onsuz da, gəlişi ilə mübarək olub. Ona çox təbriklər, təriflər yaraşır. Ancaq özünün də sevdiyi kimi, qısa bir yazı ilə, ancaq uzun bir ömür qədər gəlişinə təşəkkür edək. Elə təkcə varlığı üçün!

Zümrüd Kərimova