BAKI: Yollar zülmətə qərq olunub

Paytaxtətrafı bəzi ərazilərdə avtomobil yollarının işıqlandırılması ilə bağlı saytımıza müraciət daxil olub.

Bildirilir ki, Bakının Suraxanı rayonunun Hövsan şosesi hava qaraldıqdan sonra işıqlandırılmır. Problem axşam saatlarında avtomobil sürücüləri və piyadalar üçün çətin vəziyyət yaradır, yol qəzaların baş verməsinə şərait yaradır. Eyni problem Bakı-Şamaxı şosesində də yaşanır.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən “Bakı şəhər işığı” Elektrik Şəbəkə Müəssisəsinin Suraxanı rayon Küçə İşıqları-Texniki İstismar İdarəsinin rəisi Abdulla Bağırov bildirir ki, hazırda Hövsan şosesində yenidənqurma işləri həyata keçirilir:

"Yola işıq dirəkləri qurulur. Məsələyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi baxır."

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə bildirib ki, Hövsan şosesində heç vaxt işıq dirəkləri olmayıb:

“Layihə əsasında Hövsan şosesində işıqlandırma nəzərdə tutulub. Yolun inşası zamanı işıqlandırma, avtomobil dayanacaqları nəzərə alınır. İşlər yekunlaşandan sonra təhvil verilir Bakı şəhər icra hakimiyyətlərinin nəzdində olan işıqlandırma idarəsinə. Yolların işıqlandırılmasına onlar xidmət göstərir. Dayanacaqlara isə Bakı Nəqliyyat Agentliyi (BNA) baxır. Yolun inşaası zamanı layihədə qeyd olunan məsələlər nəzərə alınır və edilir. Ondan sonrakı proseslərə isə qeyd etdiyimiz qurumlar baxır”.

Bakı-Şamaxı şosesinin işıqlandırılmaması ilə bağlı Metbuat.az-a açıqlama verən Abşeron Rayon İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli bildirdi ki, sözügedən yolun işıqlandırılması məsələsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansındadır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirildi ki, sözügedən yol çəkilərkən elektrik dirəklərinin quraşdırlması layihədə nəzərdə tutulmayıb. Gələcəkdə yolun yenidən qurulması layihədə nəzərdə tutulsa, onlar tərəfindən həmin ərazidə işıq dirəkləri quraşdırıla bilər.

Məsələ diqqətimizdədir...

Xəyalə Məmmədova / METBUAT.AZ

Şəmkir, Tovuz və Tatlı stansiyalarının baş yolları əsaslı təmir olunur – FOTOLAR – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR