Azərbaycan Qran Prisində Formula 1 pilotlarının sonuncu, üçüncü sərbəst yürüş sessiyası başa çatıb.

Milli.Az xəbər verir ki, "Uilyams"ın rusiyalı pilotu Sergey Sirotkinin qəzaya uğradığı yürüşün nəticələri də dünənkilərdən fərqli olub. Belə ki, bu dəfə "Ferrari"nin alman pilotu Sebastyan Fettel daha yüksək nəticə göstərib (1:43.091). Bakı Şəhər Halqasının dövrəsini daha tez başa vuran ikinci pilot "Mercedes"dən Luis Hamilton olub. Britaniyalı pilotun ən yaxşı nəticəsi 1:43.452 olub. İlk üçlüyü 1:43.493 nəticə ilə "Ferrari"nin finlandiyalı pilotu Kimi Raykkonen tamamlayıb.

Dünən keçirilən son sərbəst yürüşdə birinci olan "Red Bull"un avstraliyalı pilot Daniel Rikkiardo bu dəfə 1:44.861 nəticə ilə sıralamada 12-ci olub.

Nəticələrin fərqli olması göstərir ki, əsas rəqiblər hər yürüşdən sonra çatışmazlıqları aradan qaldıraraq sonadək mübarizə aparmaq niyyətindədirlər. Ona görə də sabah, aprelin 29-da baş tutacaq final günündə pilotların pit-leynə hansı sıralama ilə çıxacağı məhz təsnifat mərhələsində bəlli olacaq.

Əlavə edək ki, təsnifat yarışı az sonra, yəni saat 17:00-da başlayacaq.

Qeyd edək ki, yarışda 10 komandadan 20 pilot - "Mercedes"in heyətində Luis Hamilton və Valterri Bottas, "Ferrari"nin heyətində Sebastyan Fettel və Kimi Raykkonen, "Red Bull"un heyətində Daniel Rikkiardo və Maks Ferstappen, "Fors İndia"nın heyətində Serxio Peres və Esteban Okon, "Uilyams"ın heyətində Lens Stroll və Sergey Sirotkin, "Reno"nun heyətində Niko Hülkenberq və Karlos Sayns, "Toro Rosso"nun heyətində Pyer Qasli və Brendon Hartli, "Haas"ın heyətində Roman Qrojan və Kevin Maqnussen, "MakLaren"in heyətində Fernando Alonso və Stoffel Vandorn, "Sauber"in heyətində Markus Erikson və Şarl Lekler iştirak edirlər.

Xatırladaq ki, 2018-ci ildə 3 mərhələdən sonra pilotların mübarizəsində hələlik ümumi sıralamada 141 xalla "Ferrari"nin pilotu Sebastiyan Fettel (54 xal) liderdir. "Mersedes"dən Luis Hamilton (45 xal) ikinci, Valterri Bottas (40) isə üçüncü yerdədirlər.
Komanda hesabında hələlik "Mersedes" komandanı 85 xalla birinci, "Ferrari" 84 xalla ikinci, "Red Bull" isə 55 xalla üçüncüdür.

İlkin İzzət
Milli.Az