Sağlamlıq materialları dərc edən saytların DİQQƏTİNƏ - Bu nüanslara əməl edin, yoxsa...

“Bu qarışım xərçəngi sağaldır”, “Baş ağrılarını kəsən məlhəm”, “Böyrəkdəki daşları salan təbii şirə” və s.

Bu cür başlıqlarla verilən sağlamlıq materilları son vaxtlar tez-tez qarşımıza çıxır. Həmin materialların bəzilərdində mütəxəssis rəyi, yaxud istinad mənbəyi göstərilsə də, çoxunda qeyd olunan tələblər yer almır.

Orqanizmlər individual olduğundan, həmin məsləhətlər hər kəsə eyni təsiri bağışlaya bilməz. Həkim məsləhəti olmadan qəbul edilən hansısa bir qarışım sonradan ciddi fəsadlara belə səbəb ola bilər. Bu səbəblə, mütəxəssislər insanları diqqətli olmağa çağırır.

Həkim rəyi olmadan verilən sağlamlıq materillarına görə saytlar hansı məsuliyyəti daşıyır?

Bununla bağlı Metbuat.az saytına açıqlama verən Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli bildirib ki, mediada bəzi materiaların reklam, təbliğat, yaxud informasiya olduğu bilinmir:

“Bu cür materiallar mediada geniş yayılıb. Lakin bəzi oxucular onları qarışdırırlar. Sağlamlıqla bağlı məhsulun reklamı verilirsə, onun üstündə mütləq reklam işarəsi olmalıdır. Bildirilməlidir ki, KİV bunun məsuliyyətinə qarışmır, onun məsuliyyətini reklam verən şirkət daşıyır. Oxucu da bilməldiri ki, bunu yazan adam materialın məzmununa qoşulmur və məsuliyyət daşımır. Reklam deyilsə, bu zaman birbaşa mütəxəssis rəyi olmalıdır. Çünki jurnalist sağlamlıq üzrə mütəxəssis deyil. Mütəxəssis isə əhaliyə düzgün məlumat verməlidir. Təəssüf ki, bizim mediada materialın reklam, təbliğat, yaxud informasiya olduğu bilinmir. Təbii ki, KİV qrumunun rəhbəri də bu məsələdə məsul olmalıdır. Bu cür pozuntulara yol verməməlidir”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət isə qeyd edib ki, saytlarda o cür materialların sağa-sola tirajlanması qorxulu bir şeydir:

“Çünki təklif olunan resept və müalicə məsləhətləri naşı adamın əlində onun özünə qarşı çevrilə bilər. Yəni, hansısa bir xəstəliyin şiddətlənməsinə səbəb ola bilər. Media insanları çaşdıracaq, onlara bu və ya digər şəkildə zərər verə biləcək yazılar dərc etməməlidir. İkinci bir tərəf, yazıların o formada dərc edilməsi oxucuları da düşündürməlidir. Oxucu fikirləşməlidir ki, kimsə ağlına gələn bir materialı da dərc edə bilər. Ona görə diqqətli olmalıdır.

Bunu hansısa bir formada tənzimləmək mümkün deyil. Mümkün olmadığına görə, indiki şəraitdə bir şey edə bilmirik. Ümumiyyətlə, hansısa formada məsələnin həllini tapması üçün qaydalar işləyib hazırlamaq və onları Azərbaycan Jurnalistlərin Peşə Davranış Qaydalarına əlavə etmək lazımdır. Bununla yanaşı, qanunvericiliyə də əlavələr etsək, işin xeyrinə olar”.

Xəyalə Məmmədova / METBUAT.AZ

"Etiraz olaraq qalstukları yandırdıq" - Tural Müseyibovla MÜSAHİBƏ / TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR