Əməkdar artist Bəhruz Vaqifoğlunun Milli.Az-a müsahibəsi.
- Bəhruz bəy, aktyor olmağınıza baxmayaraq son zamanlar rejissor kimi də fəaliyyət göstərirsiniz. Bu ehtiyac haradan yarandı?
- Mən universitetdə musiqili teatr rejissorluğu fakültəsini bitirmişəm.Tələbəlik illərimdə oxuduğum vaxtdan bəri artıq tamaşa qurmağa başlamışdım. 2008-ci ildən bu günə qədər Pantomima teatrında 10-a yaxın tamaşanın rejissor kimi müəllifiyəm. Bəzi tamaşalarda həm rəssam, həm də musiqi tərtibatçısı kimi, bir neçə tamaşanın da yazar müəllifi kimi çalışıram.
- Sözün və hərəkətlərin həyatınızdakı yeri nədən ibarətdir?
- Pantomima teatrı mənim həyatımda çox böyük dəyişiklik etdi. Bu dəyişiklik məndə sözə qiyməti artırdı. Bugünkü gündə sözün qiyməti yoxdur. Tamaşada lazım olanda danışırıq. Pantomima teatrı mənə az danışmağı, əgər danışacağamsa, söz deyəcəyəmsə, o sözün arxasında durmağı, onu əmələ döndərməyi öyrədib.
- Bu günə qədər oynadığınız ən çətin rolunuz hansı olub?
- 2012-ci ildə teatrda "Unutmayaq" adlı bir tamaşa hazırladım. Tamaşa Xocalı faciəsinə həsr olunmuşdu. Mən bu tamaşada erməni obrazını oynayırdım. Bu rolu aktyor yoldaşlarıma təklif etmədim, çünki mənim ermənini necə gördüyümü hansısa yoldaşıma izah etməyə gücüm çatmırdı. Buna görə də həmin rolu özüm oynadım. Həmin obrazı oynamaq mənim üçün həddindən artıq ağır idi.
- Bugünkü seriallarda niyə sizi görmürük?
- Qürur hissi duyuram ki, mən bu gün seriallara çəkilmirəm.
- Niyə?
- Mən öz simamı qorumağı daha üstün bildim. Ali işlər görməyi daha üstün tuturam. Bədii filmlərdə, teatrda daha çox parıldamağı sevirəm, bu, məni qürurlandırır və bir aktyor kimi böyüdür.
- Tamaşaçıya serial lazım deyil ki?
- Əlbəttə ki, seriallar da lazımdır. Bizim film sahəmiz yenidən ayaq açmağa, qanadlanmağa başlayıb. Seriallar da bunun bir təkanıdır. "Mən seriala çəkilmirəm" deyirəm, amma sabah lazım olsa, çəkilərəm. Çəkilmişəm də. "Aydın" serialının əvvəlində mən oynamışam, 2 dəqiqəlik səhnədir. Düşünürəm ki, həmin serialın davamı çəkilsəydi, daha yaxşı olardı. Mənim üçün serial "vikinqlərdir". Mən vikinqlər üzərindən Dədə Qorqudumuzu, Şah İsmayılımızı araşdırıram. Məişət yox, tarixi mövzularda seriallar çəkilsəydi, məmnuniyyətlə, çəkilərdim.
- Arzuladığınız yerdəsiz?
- Bu işi sevirik, bu işə əməyimizi qoyuruq bu da sənətimizə diqqətsiz ötüşmür. Sağ olsunlar, qiymət verib, müküfatlandırırlar. İnsan sevdiyi işlə məşğul olmalıdır. O zaman sevdiyinin şıltaqlığına da, ərköyünlüyünə də dözürsən.
- Sizcə, tamaşaçıya tamaşa maraqlıdır, yoxsa səhnəarxası məqamlar?
- Bizim iş rejimimiz həddindən artıq çox gərgindir. Biz səhnədə gülüb, səhnəarxasında ağlayırıq. Yaxud da əksinə... Ən böyük tamaşa elə səhnə arxasındadır deyərdim. Əgər tamaşaçılar səhnəarxasını görsəydilər, yaxşı mənada tamaşaya baxmaqdan imtina edərdilər.
Əli Rəhimoğlu
Milli.Az