Xəbər verdiyimiz kimi, Nikol Paşinyan Ermənistanın baş naziri seçiləndən sonra Dağlıq Qarabağa səfər edib və mətbuat konfransı keçirib.
Politoloq İlqar Vəlizadə Metbuat.az-a açıqlamasında qeyd edib ki, Paşinyanın baş nazir seçiləndən sonra Dağlıq Qarabağa səfər etməsi təsadüfi səfər deyil: “Bu, təəssüf doğuran bir səfərdir. Demək lazımdır ki, Ermənistan siyasətində təəssüfedici ənənə yaşayır. Ümumiyyətlə Ermənistan Respublikasının müstəqilliyi, ümumiyyətlə 30 il əvvəl başlayan proseslər Qarabağ mövzusundan başlayıb. Yəni, separatizmlə başlayan söhbət bu gün də başqa formada davam edir. Təəssüflər olsun ki,o vaxtkı siyasətçilər də, indiki siyasətçilər hələ də böyük Ermənistan xülyasılə yaşayırlar. Paşinyan baş nazir seçiləndən sonra deyib ki, ilk Dağlıq Qarabağın müstəqilliyi olmalıdır.
İkinci addım isə odur ki, “Dağlıq Qarabağ xalqı özü” seçim etməli, son nəticə etibarilə də Ermənistana birləşməlidilər. Onlar 30 ildir ki, bu xülyalarla yaşayırlar. Təəssüflər olsun ki, baxmayaraq ki, hakimiyyət dəyişikliyi və təzə formasiyalı siyasətçilər meydana çıxır, ancaq bu xülyalar hələ də yaşamaqdadır. Əlbəttə ki, Azərbaycan üçün bu, müsbət hal deyil. Çünki bu insanlar, bu siyasətçilər Azərbaycan torpaqlarına göz dikirlər.
Söhbət təkcə Azərbaycanın Qarabağ, Qarabağ ətrafında olan torpaqlarından getmir. 2016-cı ildə Nikol Paşinyan çıxış edərək demişdi ki, “biz aprel məğlubiyyətindən sonra dayanmamalıyıq, irəli getməliyik. Azərbaycanın yeni torpaqlarını zəbt etməliyik”. Düzdür indi hakimiyyətə gəlib, ritorikanı bir az dəyişib. Fikirlər eynidir, məqsədlər eynidir. Onlar nə qədər ki, bu fikirlə, bu məqsədlə hakimiyyətdə qərar tuturlarsa, o ölkədəki hakimiyyətdən yaxşı bir şey gözləmək düzgün deyil. Təəssüflər olsun ki, bunu deməliyik ki, biz, müharibəyə hazır olmalıyıq.Bu cür səfərlər, bu cür bəyənatlar bizi ancaq müharibəyə hazırlaşmağa məcbur edir. Düzdür təbii ki, danışıqlar aparmalıyıq, amma ən mürəkkəb ssenarilərə də hazır olmalıyıq”.
- Nikol Paşinyan və “Yelk” fraksiyasının üzvü olan digər deputatlar hər zaman Serj Sarkisyanın apardığı siyasəti kəskin tənqid ediblər. Deyirdilər ki, Sarkisyan ruspərəstdir, onların maraqlarına uyğun çıxış edirdilər. Paşinyan həmişə Avropanın, Qərbin mövqeyindən çıxış edirdi. Ancaq baş nazir olan kimi Sarkisyanın eyni hakimiyyətinin daha sərt ritorikasının şahidi olduq. Bunun səbəbi nədir?
- Bilirsiz, onlar başqa mövzularda ola bilsin ki, fərqli mövqedə dayanırlar, ancaq Azərbaycana qarşı onlar həmişə sərt mövqedə dayanırlar. 30 ili ona görə deyirəm ki, 30 il əvvək demokratik qüvvəllər hakimiyyətə can atırdı, Ter Petrosyan və digərləri. Onlar kommunist rejimə qarşı çıxış edirdilər, amma çıxışın mövzusu da Qarabağın Ermənistana birləşdirilməsi idi. Mübarizələrini də bu şüar altında aparırdılar. Bizdə həmişə bir düşüncə var idi ki, Ermənistanda demokratik qüvvəllər hakimiyyətə gəlsə, hər şey dəyişəcək. Ancaq 1990-cı illərin əvvəllərində orada hakimiyyətdə olanlar məhz demokratik qüvvəllər idi. Onlar Qarabağla bağlı hər zaman mövqedədilər.
Onu da qeyd etmək lazımdır ki, 1988-ci ildə Qorbaçovun köməkçilərindən olan Aqambegyan Qarabağın Ermənistana birləşdirilməsilə bağlı parlament nümayəndələrinin qarşısında çıxış edərkən bunu demişdi. Ermənistanın diasporası həmişə bu məsələdə sərt mövqedə dayanıb. Paşinyana əsas dəstək verən diasporadır. Diaspora pul verirdi, o da onların mövqeyindən çıxış edirdi. Diaspora ondan tələb edir ki, bu məsələdə sərt mövqedə dayansın. Yəni, bir sözlə bu məsələdə dəsti-xətt dəyişilməyəcək. Çox təəssüflər olsun ki, bu belədir.
Günay Elşadqızı / METBUAT.AZ