Xəbər verdiyimiz kimi, ABŞ-ın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürüb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın səfirliyini Qüdsə köçürməsi isə Fələstində böyük etirazla qarşılanıb. Minlərlə fələstinli etiraz aksiyası keçirib. Məlumata görə, etiraz aksiyaları nəticəsində ölən fələstinlilərin sayı 59, yaralıların sayı isə 2770-dən çoxdur. İsrail Qəzza sərhədini “qapalı hərbi zona” elan edib.
Türkiyədə ölən fələstinlilərə görə matəm elan olunub. Prezident Rəcəb Tayyib Ərdoğan bununla bağlı açıqlamasında qeyd edib ki, ölkədə 3 günlük matəm elan olunub. Matəm səbəbilə ölkədəki bayraqlar yarıya qədər endirilib. CHP lideri Kamal Kılıçdaroğlu isə Fələstin məsələsinə görə, ərəb dünyasını tənqid edib: “Biz Fələstinə sahib çıxsaq da, onlar bizim qədər sahib çıxmırlar”. Türkiyənin baş naziri Binəli Yıldırım bildirib ki, ABŞ-ın qərarını təxribat kimi görür və qəbul etmirik.
Millət vəkili Fazil Mustafa Metbuat.az-a açıqlamasında qeyd edib ki, ABŞ-ın səfirliyini Qüdsə köçürməsinin regiona ciddi təsiri olacaq: “Amerika təkbaşına bu addımı atmaqla əslində bölgədəki vəziyyəti daha da gərginləşdirdi. Bu da böyük narazılığa səbəb olur. Burada itkilərə yer verilməməsinə və gərginliyi azaltmağa çalışmaq lazımdır. Əks təqdirdə bölgədə daha böyük gərginlik yarana və problemlər arta bilər. Bu baxımdan çox üzücü bir haldır. Üzücü olduğu üçün də məsələyə ciddi reaksiyalar verilməlidir. Düşünürəm ki, məsələni zamana buraxaraq daha ciddi həlli yollarını tapmaq lazımdır”.
Günay Elşadqızı / METBUAT.AZ