Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan vəzifəsinə başlayandan sonra ilk olaraq Xankəndində mətbuat konfransı keçirib. O, mətbuat konfransı zamanı Qarabağla bağlı elə erməni xislətinə xas olan açıqlamalar verib.

Bir neçə gün öncə isə Paşinyan fövqəladə hallar naziri David Tonoyanı Ermənistanın yeni müdafiə naziri seçib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyir ki, Ermənistanın rəhbərliyinə kim gəlirsə-gəlsin onların siyasəti dəyişmir: “Birinci səbəb odur ki, kim gəlirsə-gəlsin həmin şəxslər müəyyən qüvvələrin köməyilə hakimiyyətə gəlir. Buna görə də o qüvvələri maraqlandıran sifarişi yerinə yetirirlər. İstər üçüncü ölkələr olsun, istər hansısa qüvvələr olsun və s.

Qarabağ məsələsi belədir ki, hakimiyyətə kim gəlsə, bu mövzudan bir vasitə kimi istifadə edir. İndiyə kimi son 10 ildə Qarabağ klanı hakimiyyətdə idi. Düzdür, biz Nikol Paşinyanın hakimiyyətə gəlməsindən heç nə gözləmirdik. Ancaq onun Qarabağ klanına məxsus olmaması üçün düşündük ki, o, doğrudan da xalqın bugünkü sosial, iqtisadi vəziyyətinin ağırlığını, miqrasiya problemlərini nəzərə alaraq xalqa canı yanar. Bildiyiniz kimi, miqrasiya problemi də birinci növbədə Qarabağ məsələsilə bağlıdır, çünki oradakı gənclər Qarabağdakı orduda xidmət etmək istəmirlər. Düşünürdük ki, Paşinyan həmin problemlərin həlli üçün, inkişaf üçün hansısa addımlar atacaq və bəlkə də danışıqların bərpa edilməsi, bu danışıqların daha da konstruktiv olmasına çalışacaq. Digər tərəfdən bildiyiniz kimi həmin işğalçı siyasətin nəticəsində Ermənistan müəyyən formada blokada şəklindədir.

Bəlkə də ola bilsin Ermənistanla Türkiyənin münasibətində müəyyən qədər yumşalma gedə bilər. Amma o yumşalmalar da birinci növbədə Qarabağ məsələsinin həllindən keçir. Paşinyan gəlişinə qədər belə sərt bəyənatlar vermirdi, onun bəyənatları daha çox xalqın xeyrinə, ehtiyaclarına uyğun idi. Ancaq vəzifəyə gələn kimi ilk bəyənatı Qarabağla bağlı oldu. Amma buna sərt bəyanat da deməzdim. Onun ifadələri baş nazirə yaraşmayan, daha çox həbsxana və ya küçə jarqonuna uyğun olan ifadələrdir. Ümumiyyətlə Paşinyandan nə gözləmək olar ki, onu da hansısa qüvvəllər orada oturdub və o da onların sifarişini yerinə yetirir.

Paşinyanın gəlişi Ermənistanın işğalçılıq siyasətini dəyişmir. Bu da bizim üçün növbəti ismarıcdır. Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev Qarabağla bağlı dəqiq fikrini bildirib. Azərbaycan Müdafiə Nazirliyi Paşinyanın dediklərilə bağlı fikir bildirib. Azərbaycan Silahlı Qüvvələrinin bugünkü inkişafını hamı görür, Azərbaycan Ordusu Ermənistanı 30 pillə geridə qoyub. Paşinyan, dediyi fikirlərlə Ermənistan xalqının, cəmiyyətinin faciəsinə səbəb ola biləcəyini düşünməlidir. Çünki bu gün Azərbaycan Silahlı Qüvvələrinin imkanları qat-qat genişdir. Sadəcə olaraq, Azərbaycan, Minsk qrupu və digər beynəlxalq qurumlarla bağlı öhdəçiliklər götürüb və bu məsələnin həllini sülh yolu ilə həll etməyə çalışır.

Azərbaycan humanist addım atırsa, bunu başqa cür yozmağa ehtiyac yoxdur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan Ordusu qısa zamanda işğalçı qüvvələri darmadağın edib ərazi bütövlüyünü bərpa edəcək. İndi bütün tapşırıqlar Ali Baş Komandan gələcək əmrin yerinə yetirilməyinə yönəlib. Bu əmr olduqda isə Azərbaycan Silahlı Qüvvələri öz əmrini yerinə yetirərək Qarabağı işğaldan azad edəcək və ərazi bütövlüyümüzü bərpa edəcək. Düzdür, istəmərik ki, oğullarımız şəhid olsun. Bizim oğullarımız öz Vətəni uğrunda şəhid olur, amma itki hər bir halda itkidir. Ancaq görünən budur ki, düşmən mövqeyində olan işğalçı qüvvələr başqa variant saxlamırlar. Ona görə də artıq güc variantı, müharibə variantı özünü biruzə verir. Artıq Qarabağdan barıt qoxusu daha çox gəlir. Ona görə də Azərbaycan Ordusu bu gün həmin məqam üçün hazırlaşır və inanıram ki, xalqın bu etibarını doğruldacaq.

Müdafiə naziri dəyişikliyinə gəldikdə isə, bilirik ki, əvvəlki müdafiə naziri Serj Sarkisyanın komandasından idi. Ona görə bu dəyişiklik təbiidir. Paşinyan fövqəladə hallar nazirini müdafiə naziri etdi, halbuki müdafiə naziri mülki şəxs olmalıdır. Müdafiə nazirinin öz işinin öhdəsindən necə gələcəyini zaman göstərəcək. Amma nazirlik həmən nazirlikdir. Ona tabe olan qüvvələr, hissələr, birləşmələr və idarə heyəti eynidir. Düşünürəm ki, Paşinyanın özü kimi təyinatlarının da uzunmüddətli olacağına inanmıram”.

Günay Elşadqızı / METBUAT.AZ