Xəbər verdiyimiz kimi, iyunun 24-də qardaş Türkiyədə növbədənkənar prezident və parlament seçkisi keçiriləcək.
Metbuat.az-ın məlumatına görə, prezident seçkilərində iştirak edən namizədlərin yekun siyahısı bir neçə gün öncə təsdiqlənib. Seçkilərə nəzarət edən Yüksək Seçim Kurulu (YSK) açıqlamasında qeyd edib ki, prezidentlik uğrunda mübarizə 6 namizəd arasında gedəcək - Rəcəb Tayyip Ərdoğan – Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyətçi; Muharrem İncə – Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi, Yalovadan millət vəkili; Meral Akşener – İYİ Partiyanın namizədi, partiyanın rəhbəri; Doğu Perinçek – Vətən Partiyasının namizədi, partiya başqanı; Millətçi Hərəkat Partiyasının (MHP) vahid namizədi, hazırki prezident; Selahattin Demirtaş – Xalqların Demokratik Partiyasının (HDP) namizədi, Temel Karamollaoğlu – Səadət Partiyasının namizədi, partiya başqanı.
Seçkilər iqtidar və müxalifət üçün böyük əhəmiyyət kəsb edir. Ötən il ölkənin prezidentlik idarə sisteminə keçirilməsi ilə bağlı konstitusiyaya dəyişikləri üzrə referendumda prezident Tayyip Recep Erdoğan az fərqlə qalib gəlmişdi. Bu səbəbdən sonra da seçkilərdən sonra Türkiyə parlament sistemindən prezident sisteminə keçəcək.
Qeyd edək ki, seçkilərlə bağlı AKP və MHP, eyni zamanda CHP ilə İYİ Partiyası əməkdaşlıqla bağlı razılığa gəliblər. HDP-nin namizədi isə hazırda həbsdə olan Selahattin Demirtaşdır. Bu baxımdan Türkiyənin gərgin seçki mübarizəsinin gözlədiyini düşünmək olar.
Seçkilərlə bağlı Metbuat.az-a açıqlama verən Dövlət İdarəçilik Akademiyasının politoloqu Zaur Məmmədov deyir ki, seçkilərdə AKP-nin qalib gələcəyi heç kimdə şübhə doğurmur: “Ərdoğanın lider kimi siyasi səhnədə apardığı mübarizə digərlərindən fərqlənir. Bu gün Türkiyə, ABŞ və İsraillə mübarizə apararaq Yaxın Şərqdə onların at oynatmaqlarına mane olmaq istəyindədir. Heç kim dəqiq deyə bilməz ki, adlarını çəkdiyim ölkələr sabah seçkilərə müdaxilə etməyəcəklər. Əgər hər şey normal olarsa, o zaman AKP və MHP-nin başçılığı altında yeni mərhələ başlayacaq.

CHP və İYİ partiyalarına gəldikdə, bu iki partiyanın da Türkiyədə kifayət qədər sosial bazası var. Bu partiyaların məqsədlərinin nə olması bəllidir. Düşünmürəm ki, onlar o qədər də böyük səs ala bilsinlər. HDP-nin namizədinin həbsdə olan Selahaddin Demirtaş olması ilə bağlı isə onu demək olar ki, bu, onun seçkilərə namizəd olması Türkiyənin nə qədər demokratik və tolerant olmasının nəticəsidir”.
Politoloq Ceyhun Əhmədli isə Metbuat.az-a açıqlamasında bildirib ki, Türkiyədə 24 iyun tarixində keçiriləcək prezident və parlament seçkilərində hansı siyasətçi və partiyaların qalib gələcəyini indidən söyləmək bir az çətindir: “Çünki hələlik təşviqat mərhələsinin başlanğıcıdır. Belə deyək, meydanlarda isinmə hərəkətləri gedir. Artıq həm müxalifət, həm də iqtidar partiyaları mitinqlərə başlayıb. Meydanlarda CHP-nin namizədi və böyük bir populyarlığa sahib olan Muhəmmər İncənin, eləcə də yeni yaradılan İYİ partiyanın lideri Maral Akşənərin fəallığı onu deməyə əsas verir ki, seçki gərgin mübarizə şəraitində keçəcək. Görünən odur ki, bu iki siyasətçi Ərdoğan üçün ciddi bir başağrısına çevriləcək.
Bu baxımdan, Ərdoğanın rahatlıqla qələbə qazanacağını düşünmək sadəlövhlük olardı. Onu da yaddan çıxarmayaq ki, AKP-nin təşəbbüsü ilə keçirilən ötən ilki referendumda konstitusiyaya dəyişiklik cəmi 1 faizlik səs üstünlüyü ilə əldə olunmuşdu. Həmin vaxt daAKP-MHP ittifaqı mövcud idi. Üstəlik İYİ partiyanın yaranması ilə MHP-nin elektoratının xeyli zəiflədiyini də unutmamaq lazımdır.

Uğurlu Afrin əməliyyatları AKP liderinin ölkə daxilindəki nüfuzunu xeyli artırsa da, Qəzzada baş verən və onlarla fələstinlinin ölümü ilə nəticələnən hadisələrdən sonra Türkiyənin gözlənilən adekvat tədbirləri həyata keçirməməsi Ərdoğanın reputasiyasına müəyyən zərbə endirdi. Müxalif namizədlər də bundan istifadə edərək hazırkı iqtidara “Niyə ABŞ-dakı səfir geri çağırılmır?”, “İsraillə əlaqələr nəyə görə tamamilə dondurulmur” və s. kimi ritorik suallar ünvanlayırlar. Hətta CHP-nin namizədi M.İncə prezident seçiləcəyi təqdirdə Qəzzaya səfər edəcəyini bəyan edib.
Məncə, prezident seçkilərinin nəticəsi ikinci turda məlum olacaq. Birinci turda Ərdoğanın 35-40%,Muhammər İncənin 25%, Maral Akşənərin 15-20%, kürdlərin namizədi Səlahəddin Dəmirtaşın 12-13%, Səadət Partiyası liderinin isə maksimum 3-5 faizlik səs toplaya biləcəyi qənaətindəyəm. Həlledici mübarizə isə ikinci turda başlayacaq. Fikrimcə, müxalifət sona qədər birlikdə hərəkət etsə, (xüsusən ikinci turda möhkəm CHP-İYİ partiya olarsa) Ərdoğanın məğlub olacağı proqnozunu verə bilərik”.
Günay Elşadqızı / METBUAT.AZ