“Serbiya ilə strateji əməkdaşlığımız möhkəmlənir”

“Biz strateji tərəfdaşıq və imzalanan sənədlər arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı imzalanıb. Bu, çox geniş və əhəmiyyətli sənəddir. Bu sənəddə bizim gələcək əməkdaşlığımızla bağlı bütün önəmli məsələlər öz əksini tapıb”.

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan və Serbiya dövlət başçılarının mətbuata bəyənatlarla çıxışı zamanı prezident İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik:

“Bütün önəmli məsələlərdə bir-birimizə dəstək göstəririk. Ölkələrimizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı məsələlərdə bütün beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik. Üzləşdiyimiz münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkələrimizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində öz həllini tapmalıdır. Bu məsələ ilə bağlı biz daim bir-birimizə qarşılıqlı dəstək göstəririk və bundan sonra da göstərəcəyik”.

Serbiya prezidenti Aleksandr Vuçiç isə bildirib ki, Azərbaycanla dostluq münasibətlərinin inkişafı çox vacibdir: “Bu, bizim dövlətlərimizin və xalqlarımızın maraqlarına tam uyğundur. Bizim əməkdaşlığımız üçün çox böyük meydan var. Məhz bu səbəbdən də mən bizim hökumətimizin demək olar ki, tam yarısı ilə Azərbaycana səfərə gəlmişəm. Çünki biz Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmindəyik”.

Millət vəkili, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Serbiya bir-birinə ikitərəfli və çoxtərəfli formatda çox yaxın əlaqələri olan dövlətlərdir: “Eyni zamanda Serbiya ilə Azərbaycan bir-birinin strateji müttəfiqlik və əməkdaşlıq çərçivəsində də bir-birinə çox yaxın müttəfiqdilər. Bu əlaqələr də daima inkişaf edir. Serbiyanın dövlət rəhbərləri dəfələrlə Azərbaycana səfər edib, Azərbaycan prezidenti bir neçə dəfə Serbiyada olub. Qeyd etdiyim kimi bütün beynəlxalq təşkilatlarda, həm ikitərəfli, həm çoxtərəfli formatda çox yaxın əlaqələrimiz var. Azərbaycan və Serbiya prezidentlərinin görüşündə gördüyünüz kimi bir sıra sənədlər imzalanıb. Müxtəlif sahələrdə imzalanan sənədlər göstərir ki, Azərbaycan-Serbiya münasibətləri ildən-ildən inkişaf edir və strateji əməkdaşlığımız daha da möhkəmlənir. Bununla eyni zamanda iki ölkə arasındakı əməkdaşlıq daha da güclənir”.

Millət vəkilinin sözlərinə görə, Serbiya hər zaman beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini qınayır: “Azərbaycan da eyni zamanda Serbiyanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bu günə qədər necə ki, Serbiya “Dağlıq Qarabağ”ın qondarma müstəqilliyini tanımır, Azərbaycan da Kosovanın müstəqilliyini tanımır. Bizim Serbiya ilə əməkdaşlığımız ildən-ilə bütün sahələrdə daha sürətlə inkişaf edir”.

Günay Elşadqızı / METBUAT.AZ

“TANAP Avropanın mavi qazla təchizatında mühüm mənbələrdən biridir” – Aydın Hüseynov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR