Metbuat.az Rəqsanə Mehdizadənin "Sonra sənin yerini adam-adam doldurdum" şeirini təqdim edir:

Hansısa ilin hansısa fəsli idi...

Boş qalmış əlimi cibimdə gizlədirdim,

Təlatümlü yollarda adam-adam gözdən itirdim.

Yadından çıxırdım yolların, adamların, Allahın.

Hansısa ilin hansısa fəsli idi,

Ağlamağa yaş, gülməyə bəhanə gəzirdim.

Hansısa ilin hansısa fəsli idi,

Onda təzəcə qanmışdım ki,

Pişik balasını istədiyindən yeyirdi,

Atam anamı istədiyindən döyürdü,

Tanrı insanı sevdiyindən təkləyirdi.

Hansısa ilin hansısa fəsli idi,

Biz bölünüb sənlə mən olduq.

Nə yollar çatladı, nə yağış yağdı.

"biz bölünəndə"

rəqəmlər təkliyə,

İnsanlar cinslərə bölünməmişdi.

Hələ çox, çox əsr qabaq,

Məcnun Leyli üçün döyülməmişdi.

Çox keçmədi unutmağa bir yer,

Gülməyə bəhanə tapdım.

Qəlbimdə boş qalmışdı xoş məramlı yerlərin.

Sonra sənin yerini adam-adam doldurdum.

Hansısa ilin hansısa fəsli idi...

Rəqsanə Mehdizadə / Metbuat.az