Gəncənin xüsusi istedadlıları Respublika gününü qeyd ediblər.
Metbuat.az-ın məlumatına görə, Gəncə şəhəri 27 saylı məktəb-liseyinin “Xüsusi İstedadlılar” sinfi olan “5L”-in şagirdləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə maraqlı poeziya gecəsi təşkil ediblər.
“100 il bundan əvvəl qədim Gəncədən dünyaya bir mesaj çatdırıldı – Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Və bu gün məhz 100 il sonra qədim Gəncədən müstəqil Azərbaycana salam deyirik” şüarı altından təşkil olunan tədbirin iştirakçıları vətənpərvərlik mövzusunda yazılan ən möhtəşəm şeirləri səsləndiriblər. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Zenfira Aslan tədbirdə çıxışı zamanı Məhəmməd Əmin Rəsulzadənin və onun silahdaşlarının faciəvi həyatlarından danışıb və şagirdlərə bu örnək şəxsiyyətlərin müdrik sözlərini çatdırıb, bayraq sevgisinin, bayraq andının nə qədər əhəmiyyətli olduğunu qeyd edib.
Tədbirin aparıcıları Zəhra və Talib tədbir boyu vətənpərvər şüarlarla tədbirə xüsusi rəng qatıblar. Tədbirin sonunda Cumhuriyyətin 100 illiyi münasibəti ilə şagirdlərə xüsusi “Təşəkkürnamə” və üzərində Azərbaycanın müqəddəs simvolları əksini tapmış xüsusi hədiyyərlə təqdim edilib.