Play Store

“Heydər Əliyevin mənə verdiyi həmin qəzeti...” – Aydın Quliyevlə müsahibə

Metbuat.az-da “Medianın üzü” adlı layihəmizin məqsədi jurnalistikanı, medianı öz çiyinləri üzərində daşıyan insanları daha yaxından tanımaq və tanıtdırmaqdır. Media nümayəndələrini jurnalistlər yaxşı tanısa da, cəmiyyətdə heç də hamı yaxından tanımır. “Medianın üzü” layihəmizdə məhz medianın üzü olan şəxsləri daha yaxından tanıyacağıq.

Layihəmizin budəfəki qonağı “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyevdir. 18 iyul 1960-cı il ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olan A.Quliyev Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. Naxçıvan Elmi Texniki İnformasiya və Təbliğat Mərkəzində şöbə müdiri, Naxçıvan Dövlət Universitetində müəllim kimi çalışıb. Naxçıvan Ali Məclisində Dövlət quruculuğu və İcra hakimiyyəti orqanları ilə iş şöbəsində, baş referent və müşavir vəzifələrini tutub,Azərbaycan Demokrat Partiyasının katibi olub. «Hürriyyət» qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Son 15 ildə isə «Bakı xəbər» qəzetinin baş redaktorudur.

- İstəyərdim söhbətimizə uşaqlığınızdan başlayaq. Harada böyümüsüz, harada oxumusuz?

- Uşaqlıq dövrü insanın çox maraqlı, emosional dövrüdür. Uşaqlıq dövrünə münasibətdə insanların fərqli mövqeləri var. Bəziləri uşaqlıq dövrünü yenidən yaşamaq istəyir, bəziləri həmin dövrü xatırlayıb ona çox qiymətli dövr kimi baxır. Mən uşaqlıq dövrünü yenidən yaşamaq istəyənlərdən deyiləm. Amma uşaqlıq dövrümü heç vaxt unutmuram, hər zaman xatırlamaq istəyirəm. Çünki uşaqlıq dövründə çox maraqlı hadisələr baş verib. Uşaqlıq dövründə biz formalaşmışıq, ananı-atanı, qohumları tanımışıq və müəyyən mərhələsində artıq vətəni tanımağa başlamışıq. Uşaqlığım Naxçıvanda keçib, Babək rayonunda. Tipik kənd həyatı yaşamışam. Azərbaycanın klassik kənd yerlərini və kənd həyatını necə eşitmisizsə, necə təsəvvür etmisizsə, eynilə onu yaşamışam. Tipik Azərbaycan uşaqlarına məxsus olan və kənd həyatında rast gəlinən demək olar hər şeyi görmüşəm, eşitmişəm, yaşamışam.

Orta məktəbi də kənd yerində bitirmişəm. Amma erkən vaxtlardan dünyagörüşümün formalaşması üçün kənd həyatından çıxmışam. VI sinifdə oxuyanda, o zaman Sovet dövründə çox az pionerə qismət olan Artek pioner düşərgəsində oxumuşam, buna görə də 3 ay Krımda yaşamışam. Mənim onda 13 yaşım var idi. Bu isə yaxşı oxuduğuma görə idi. SSRİ dövründə, Sovet hökumətində məktəblərdə yaxşı oxuyan şagirdləri bir neçə aylıq Krımdakı Artek pioner düşərgəsinə göndərirdilər. O zaman Azərbaycandan gedənlər arasında 4-5 nəfər var idik.

Yeri gəlmişkən deyim ki, sonra əlaqələr kəsildi, 1972-ci ildə Azərbaycandan düşərgəyə gedən həmin uşaqları uzun müddət axtarsam da, tapa bilmədim. Amma o dövr mənim həyatımın ən maraqlı səhifələrindən biri olub. İlk dəfə onda yaşadığım kənddən, oxuduğum məktəbdən, Azərbaycandan tamamilə fərqli mühitdə olmuşam, qohum-əqrəbadan, dost-tanışdan fərqli millətlərdən olan insanları tanımışam, görmüşəm. Onda mənim üçün qeyri-adi təzahür bu idi ki, orada nəinki Sovet vətəndaşları, hətta başqa ölkələrdən, Afrika ölkələrindən, Vyetnamdan və başqa yerlərdən gələn uşaqları görmüşəm və tanış olmuşam. O mərhələ dünyagörüşümə çox təsir elədi. Daha sonra orta məktəbi bitirdik, mən də orta məktəbi çox yaxşı, yüksək nəticələrlə, əlaçı bitirmişəm. Bundan sonra isə həyatımızın yeni mərhələsi başladı.

- Tələbəliyiniz də uşaqlığınız kimi maraqlı keçibmi?

- 1983-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişəm. Tarix fakültəsini çox yüksək səviyyədə oxuyan tələbələrdən biri olmuşam. O zaman Sovet təhsil sistemində qırmızı diplom və ya fərqlənmə diplomu deyilən bir anlayış var idi. O zaman yalnız 5 ilə, ən pis halda çox az sayda 4 qiyməti olan tələbələrə fərqlənmə diplomu verirdilər. Mən də Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. Düzünü deyim ki, oranı bitirəndən sonra dərhal aspiranturada oxumaq üçün çox böyük cəhd göstərsəm də alınmadı. Sovet təhsil sisteminin bəlli reallıqları buna imkan vermədi. Ona görə də bir neçə il başqa sahələrdə fəaliyyət göstərdim.

Nəhayət bir neçə ildən sonra Naxçıvandakı o zaman Naxçıvan Pedaqoji İnstitutunda Fəlsəfə və Politologiya kafedrasında işə düzəldim. Əvvəlcə laborant, sonra isə müəllim işləmişəm. O zaman artıq elmi işlə məşğul olmaq üçün ilk addımları atmağa başlasam da, amma qismət olmadı. Elmi işi davam etdirə bilmədim, çünki Azərbaycanda maraqlı proseslər başladı, Sovet hökumətinin dağılması ilə ölkədə Milli Azadlıq Hərəkatı oldu. Onu da deyim ki, Naxçıvanda Xalq Hərəkatı başlayan dövrdə aktivlik göstərənlərdən biri də mən olmuşam. 1988-ci ildə Qarabağdakı Topxana meşəsində ağacların kəsilməsinə qarşı Azərbaycanda ilk mitinqlərdən biri bizim kənddə təşkil olunub. O mitinqin təşkilatçılarından biri mən olmuşam.

Bununla qürur duyuram ki, Azərbaycanda bizim xalqımızın haqqının-hüququnun pozulmasına, tapdalanmasına qarşı ilkin olaraq baş qaldıran kütləvi aksiyalarda mən də aktivlərin içərisində iştirak etmişəm. Sonra 1990-cı ildə erməni təcavüzünün qarşısının alınmasında könüllü olaraq iştirak edənlərdən biri olmuşam. Mənim özümün şəxsi silahım olub. 1990-cı ilin yanvarında Naxçıvanın Buzqov, Şada, Gəlməçatax kəndlərində ermənilərin elədiyi həmlələrin qarşısının alınmasında könüllü batalyonun tərkibində vuruşmuşam. Bir neçə gün sərhəddə qalmışıq, ondan sonra isə müdafiəni təşkil edən rəsmi strukturlar prosesə girişdilər.

- Dediniz ilk iş yeriniz universitet olub eləmi?

- Yox, əslində ilk iş yerim ora olmayıb. Çox maraqlıdır ki, mənim ilk iş yerim ixtisasıma qətiyyən uyğun gəlməyən sahədə olub. Çünki o zaman universiteti bitirəndən sonra təyinat almaq çox böyük problem idi. Yerlər yox idi, universiteti hətta qırmızı diplomla bitirməyimə baxmayaraq, məni Naxçıvanda müəllim kimi göndərməyə belə yer tapa bilmədilər. Başqa rayonlarda isə işləməyə özüm getmək istəmədim. Nəticədə azad təyinat deyilən bir anlayış var idi. Mən də Naxçıvanda bir ilə yaxın bir tikinti təşkilatında birinci dərəcəli betonçu işləmişəm. O vaxt Dövlət Plan Komitəsinin nəzdində Elmi-Texniki İnformasiya və Təbliğat Mərkəzi deyilən təşkilat var idi. Tam təsadüf nəticəsində təşkilatın rəhbərliyində olan şəxslərlə əlaqə yarandı və onlar sözün həqiqi mənasında təəccübləndilər ki, bu cür təhsilim ola-ola betonçu işləyirəm.

Məni o təşkilata dəvət elədilər, bir neçə il həmin təşkilatda şöbə müdiri işləmişəm. Baş elmi redaktor olmuşam, publisist yazıların yox, elmi yazıların baş redaktoru olmuşam təxminən 5 ilə qədər. Ondan sonra yenə də xoş təsadüf nəticəsində Naxçıvan Pedaqoji Universitetinin həqiqətən elmə və istedada önəm verən rəhbərliyində olan şəxslə tanış oldum, kafedra müdiri idi. Ona da çox təəccüblü gəldi ki, Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirən bir adam öz sahəsinə aid olmayan işdə çalışır. O adam məni universitetə dəvət elədi və Naxçıvan Dövlət Universitetinin rektoru ilə görüşdürdü.

Həmin rektoru da ehtiramla yad edirəm, bilmirəm yaşayır, yoxsa yaşamır, amma xatirəsini ehtiramla yad edirəm. Rektora da çox təəccüblü göründü ki, belə göstəriciləri olan bir adam başqa sahədə çalışsın. Bundan sonra sənədləşdirdilər və məni Naxçıvan Pedaqoji Universitetində dediyim kafedrada işə götürdülər. Dediyim hər iki insan təsadüf nəticəsində qarşıma çıxdılar, ancaq buna təsadüfdən çox zərurət deyirəm. Görünür üzə çıxmağım üçün həmin təsadüflərə ehtiyac var imiş, həmin insanlarla qarşılaşmağım lazım imiş. Hər iki təyinatı almağımda rol alan insanların xatirələrinə hörmət edirəm. Onların haqqını heç zaman itirmirəm. Çünki arenaya çıxmağımda onların böyük rolu olub.

Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri təyin olunanda mən artıq siyasi proseslərin içərisindəydim. Naxçıvan Dövlət Televiziyasında siyasi şərhçi, siyasi icmalçı kimi çıxışlar edirdim. 1991-ci ilin oktyabrında olan ilk çıxışım Heydər Əliyevin diqqətini cəlb etmişdi. Sonra Heydər Əliyevlə qəbulunda onunla görüşümüz oldu. O zaman Heydər Əliyevin çevrəsində onunla mütəmadi görüşən dəyərli şəxslərdən biri Heydər Əliyevin məni görmək istədiyini bildirdi. Sözün düzü buna çox sevindim. Çünki o vaxta qədər Heydər Əliyevi ancaq fəaliyyətilə bağlı uzaqdan-uzağa görmüşdüm və onun Azərbaycan üçün birinci mərhələdə, Kommunist Partiyasının birinci katibi olduğu dövrdə ölkəmiz üçün etdikləri diqqətimi cəlb eləmişdi.

Onun bir şəxsiyyət olaraq güclü keyfiyyətləri, rəhbərlik xüsusiyyətləri, Azərbaycanda ortaya qoyduğu nəticələr, ölkə üçün elədikləri bir azərbaycanlı olaraq SSRİ imperiyasının başına qədər gedib çıxması, bütün bunlar Heydər Əliyevi mənim nəzərimdə əfsanəvi və qeyri-adi insan kimi tanıtmışdı. Bütün bunlara görə də onunla görüşmək mənim üçün çox maraqlı idi. Bu dəvətə də taleyin bir qisməti kimi baxdım. Görüşdük Heydər Əliyevlə və onunla sonradan ünsiyyətlərim davam etdi. 1993-cü ildə Heydər Əliyev Bakıya gəldi, prezident seçildi və mən 1994-cü ilin əvvəlində Naxçıvan Ali Məclisində vəzifəyə təyin olundum.

Bir neçə il Naxçıvan Ali Məclisi sədrinin müşaviri vəzifəsində, Ali Məclisdə Dövlət quruculuğu və İcra Hakimiyyəti Orqanları ilə iş şöbəsində baş referent vəzifəsində çalışmışam. 1997-ci ilin mart ayından isə dövlət işindən tamamilə ayrılmışam. Sonra Bakıya köçüb gəlmişəm, o zamandan da uzun illər siyasətdə, siyasi partiyada vəzifə tutmuşam. Eyni zamanda mətbuatda çalışmışam. Əvvəlcə “Hürriyət” qəzetində baş redaktor olmuşam. Qeyd edim ki, mən mətbuata sıravi jurnalist kimi yox, birbaşa baş redaktor kimi gəlmişəm. Heç vaxt jurnalist işləməmişəm. 2001-ci ildə “Hürriyət” qəzetinin baş redaktoru oldum. 2003-cü ildə isə “Bakı Xəbər” qəzetini özüm yaradaraq həm təsisçisi, həm də baş redaktoru olmuşam.

- Jurnalist işləmədən birbaşa baş redaktor olmaq çətin olmadı?

- Düzü çətin olmadı, nəzərə alsaq ki, baş redaktorluq fəaliyyətinin müəyyən bir hissəsi yaradıcılıqdan, müəyyən bir hissəsi idarəçilikdən, administrativ fəaliyyətdən ibarətdir, o zamana qədər həyatımda artıq bunlar var idi. Bu istiqamətlərin hər ikisi üzrə müəyyən təcrübə sahibi idim, ona görə çəkinmirdim, iş prosesində məni narahat edən hər hansı məsələylə qarşılaşmamışam. Çünki qəzet redaktorları təyin olunana qədər artıq respublika mətbuatında mənim çoxlu sayda məqalələrim çap olunmuşdu. Məsələn, Heydər Əliyevin Azərbaycanda təqiblərə məruz qaldığı vaxtlarda, 1991-ci ildə, hakimiyyətdə olmadığı vaxtlarda Naxçıvan televiziyasında çıxışlarla bərabər “İki sahil” qəzetində Heydər Əliyevin fəaliyyətilə, baş verən proseslərlə bağlı böyük yazılarım çap olunurdu. O zaman Naxçıvanda yaşayırdım, amma “İki sahil” qəzetində çoxlu sayda yazılarım çap olunub. Vüqar Rəhimzadə bilir, o zaman da baş redaktor o idi. Bundan əlavə, o dövrdə Azərbaycanda “Ülfət” qəzeti var idi, Müharibə Veteranları Cəmiyyətinin qəzeti idi. Həmin qəzetin redaktoru ilə şəxsi tanışlığımız var idi və tez-tez ona yazılar göndərirdim, çap edirdi. Naxçıvanda “Ağrıdağ” qəzeti var idi, orda da yazılarım çap olunurdu. Yazılarım əsasən Azərbaycanda gedən proseslər, ölkədəki çoxpartiyalılığın problemləri, cəmiyyətin siyasiləşməsi, bunun mənfi və müsbət cəhətlərilə bağlı müxtəlif istiqamətlərdə siyasi təhlillər idi.

Yadımdadır ki, Heydər Əliyevlə görüşlərin birində onun otağına getdim. Gördüm ki, stolun üstündə “İki sahil” qəzeti açıq idi və mənim böyük məqalələrimdən biri o gün həmin qəzetdə dərc olunmuşdu. Heydər Əliyev də o yazını oxuyurdu, qəzetə baxdım ki, rəhmətlik yazının bir hissəsini qələmlə böyük dairəyə alıb. Yazı belə idi: “Budəfəki mübarizə hədəfləri meydan və mitinq qəhrəmanları olacaq”. Söhbətimizdən sonra otaqdan çıxanda Heydər Əliyev mənə dedi ki, “sözün varmı?” Dedim ki, xahişim var, həmin qəzeti mənə verin. Dedi “axı sənin məqaləndi, bu qəzetdən səndə yoxdu ki?” Dedim qəzetdən var, amma qırmızı qələmlə dairəyə alınmış qəzetdən yoxdu.Heydər Əliyev o qəzeti mənə verdi, götürdüm. Mən Naxçıvanda Yeni Azərbaycan Partiyasınınilk qurucularından olmuşam. 1993-cü ilin 5 oktyabrında Naxçıvanda YAP-ın şəhər təşkilatının təsis konfransından sonra mənə dedilər ki, Heydər Əliyevlə bağlı şəhər təşkilatında guşə yaratmaq istəyirlər. Şəhər təşkilatının sədri Heydər Əliyevin qeyd apardığı həmin qəzeti məndən istədi. O qəzeti verdim ona, amma sonradan guşədə həmin qəzeti görmədim. Həmin qəzetin taleyinin necə olduğunu bu günə qədər bilmirəm. Həmin qəzeti mən məmnuniyyətlə şəxsi arxivimdə saxlayardım. Ancaq əfsuslar... Təəssüf ki, onu apardılar və üzə çıxmadı.

Yəni, dediyim kimi baş redaktor olana qədər jurnalistikada da, idarəçilikdə də təcrübəm var idi. Naxçıvanda Ali Məclisdə müəyyən işlərə rəhbərlik etmişdim, onda idarəçilik təcrübəsi qazanmışdım. Ondan əvvəl Elmi-Texniki İnformasiya və Təbliğat Mərkəzində baş elmi redaktor olmuşdum, müəyyən elmi struktura rəhbərlik edirdim. Bu baxımdan da baş redaktor kimi çətinlik hiss etmədim. Amma deyim ki, ümumiyyətlə mənim o vəzifədə işləyə biləcəyimlə bağlı çevrəmdə də hər hansı bir şühbə hiss eləmədim. İnsanların heç birində tərəddüd yox idi və əmin idilər ki, mən bunu doğruldaraq baş redaktorluq işini axıra qədər yüksək səviyyədə apara biləcəyəm. Tərif kimi çıxmasın, amma doğrudan da belə oldu. Bu günə qədər yaradıcılığım və idarəçiliyimlə bağlı hər hansı irad olmayıb.

- Neçə ildir baş redaktorsuz?

- Artıq 17 ildir. 2001-ci ildən indiyə qədər.

- Qəzeti verməyinizə peşman olmusuzmu? “İki sahil” qəzetinin həmin nömrəsini deyirəm...

- Sözsüz ki, peşmanam. Bilsəydim ki, Heydər Əliyevin qeyd apardığı qəzetin aqibəti belə olacaq verməzdim. Mən bilmirəm bu qəzet itib, yoxsa hardadırsa... Bu qəzeti bu cür münasibət göstəriləcəyini bilsəydim, qətiyyən verməzdim. Açığını deyim ki, o qəzeti öz arxivimdə saxlamaq istəyərdim. Həmin o məqalə qalır, amma Heydər Əliyevin qeyd yazdığı qəzet yox. Təəssüf , hər halda o, Heydər Əliyevin əlyazısının olduğu nadir nümunələrdən biri idi. Amma hər halda məsuliyyət mənim üzərimdə deyil, başqalarının üzərindədir.

- Dediniz ki, Heydər Əliyevlə bir neçə dəfə görüşləriniz olub. Bu görüşlərdən unuda bilmədiyiniz başqa xatirələriniz olubmu?

- Heydər Əliyevlə görüşlərimiz, söhbətlərimiz dəfələrlə olub. Amma bu görüşlər, söhbətlərlə bağlı indiyə qədər heç bir yerdə açıqlama verməmişəm. Yeganə bir xatirəni, qəzetlə bağlı olan məsələni də indiyə qədər heç bir yerdə deməmişdim. Bunu da sizin saytınızın xatirəsinə hörmət olaraq ilk dəfə sizə açıqladım. Siz bunu yazandan sonra yəqin ki, bu məsələyə reaksiyalar olacaq. Çünki dediyim ki, indiyə qədər bu faktı heç bir yerdə açmamışam. Heydər Əliyevlə bağlı digər görüşlərimiz və söhbətlərimizlə bağlı isə açıqlama vermək istəmirəm. Bunu da deyim ki, Azərbaycanda bu gün Heydər Əliyevlə bağlı çoxlu kitablar yazılır. Amma Azərbaycanda Heydər Əliyevlə bağlı yazılan ilk kitabın müəllifi mənəm.

1995-ci ildə Heydər Əliyevin Azərbaycandakı siyasi proseslərdə rolu haqqında, Heydər Əliyevin potensialına, onun idarəçiliyinə Azərbaycanın duyduğu ehtiyac haqqında, onun Azərbaycanla bağlı nələr edə biləcəyiylə bağlı, ölkəmizin ona çox böyük ehtiyac hiss etməsilə bağlı, Azərbaycanın o mərhələnin ağırlıqlarından, çətinliklərindən çıxmasında Heydər Əliyevin alternativsizliyi barədə kitab yazdım. Həmin ilin avqust ayında kitab çapdan çıxdı, kitabın adı isə belədir – “Siyasətin gücü”. O zamana qədər Heydər Əliyev barədə ümumiyyətlə kitab yazılmamışdı, bu, Azərbaycanda ilk nümunədir. İndi də kitab barəsində bilən dostlar hesab edirlər ki, Heydər Əliyev haqqında yazılan həm ilk, həm də ən yaxşı kitablardan biridir.

- Heydər Əliyev özü bu kitabı oxumuşdumu?

- Düzü bu barədə bilmirəm, yəqin ki, oxumuş olar. Onun bu kitabla bağlı reaksiyası nə olub, bu barədə məlumatım yoxdur. Amma təkrar edirəm ki, bu gün də Heydər Əliyevin apardığı siyasətin təbliği ilə məşğul olan dostların dediklərinə görə, onunla bağlı yazılan ən yaxşı kitablardan biridir.

- Aydın müəllim, 1990-cı illərin əvvəllərində ölkəmizdə baş verən hadisələrin canlı şahidi olmusuz. Bir siyasətçi kimi deyə bilərsizmi, ölkəmiz həmin dövrdən necə çıxa bildi, hansı mərhələlərdən keçdi?

- 1993-cü ildən 1998-ci ilə qədər Azərbaycanın çox çətin və mürəkkəb dövrü oldu. Üstündən illər keçməsinə baxmayaraq, hələ indinin özündə də o zaman Azərbaycanın və Azərbaycanın başında duran şəxslərin yaşadıqları çətinliklərin, pərdə arxasında gedən gərgin proseslərin heç də hamısı açılmayıb və indiki dövrdə belə heç də onların hamısını bilmirik. Yəqin ki, bir dövr keçəndən sonra, gələcəkdə o zamankı hadisələrin bütün çətinlikləri üzə çıxacaq, aydınlaşacaq. Bunlar dövlət siyasətinin pərdəsi arxasında gedən proseslər olduğundan indi açılmasına yəqin ki, lüzum görmürlər.

Amma çox çətin bir mərhələ idi. Məsələn, təkcə neft kontraktlarının imzalanmasına qədərki dövr və ondan sonra gedən proseslərlə bağlı müəyyən hadisələr ortadadır. 1994-cü ildə Azərbaycanda dövlət çevrilişinə cəhd göstərilməsi, neft kontraktının imzalanmasının qarşısının alınması, cəhdləri, bölgələrdə baş verən hadisələr, ölkədə sabitliyin pozulması cəhdlərilə bağlı çox narahatlıq doğuran hadisələr var idi. Amma Heydər Əliyev bunların hamısının qarşısını ala bildi. Təkcə məsələn, neft kontraktlarının imzalanması və əsas ixrac kəmərinin marşrutunun müəyyənləşdirilməsi çox böyük gərgin siyasi proses idi, həm də bir əməliyyat idi. Bunu axıra çatdırmaq çox çətin iş idi.

Təsəvvür edin ki, təkcə Bakı-Tiflis-Ceyhan neft kəmərinin əsas marşrut kimi seçilməsinin üstündə aylarla-illərlə mübarizə gedib. Bununla bağlı ayrıca bir işçi qrupu yaradılıb. Çünki başqa variantlar da var idi. O kəmərin İran və ya başqa ərazilərdən keçirilməsi, məhz Bakı-Tiflis-Ceyhan marşrutunun seçilməsi ətrafında bir neçə il çox gərgin geosiyasi mübarizə gedib. Nəhayət ki, bunu həyata keçirmək mümkün olub. Əlbəttə Heydər Əliyev əvvəldən miras qalan ictimai-siyasi sabitsizliyin, xaosun ortadan qaldırılması üçün nədən birinci başlamağı çox dahiyanə şəkildə müəyyən edə bildi. Heydər Əliyev ağıllı siyasətçi kimi başa düşürdü ki, erməni işğalının, təcavüzünün davam elədiyi şəraitdə ölkədə sabitlik yaratmaq mümkünsüzdür. Belə şəraitdə sabitliyi davamlı olmağa qoymayacaqlar. Ermənilər yenə də hücum edəcəklər, yenə torpaqlarımızı tutacaqlar və ölkədə sabitlik pozulacaq. Buna görə də Heydər Əliyev birinci erməni təcavüzünün dayandırılmağına nail oldu.

Bizim artıq rayonlarımız getmişdi və təcavüzün fiziki olaraq dayandırılması lazım idi ki, ölkədə sabitlik olsun. Həm də sabitlik şəraitində ölkənin diplomatiyası, ordusu formalaşdırılsın, dövlət orqanlarının sistemli fəaliyyətitəmin olunsun, xarici siyasətin vektorları müəyyən olunsun ki, kiminlə dost, kiminlə düşmən olacağıq. Aydın məsələdir ki, məqsəd həm də neft kontraktlarının imzalanması nəticəsində Azərbaycana pul axınına nail olmaq idi. Valyuta axını olmasaydı, ölkənin iqtisadiyyatını bərpa eləmək mümkünsüz olardı, hətta ayaq üstə durmaq belə mümkünsüz idi. Ona görə də Heydər Əliyev çox çətin şəraitdə birinci erməni təcavüzünün fiziki olaraq dayandırılmasına nail oldu ki, yeni ərazilərimiz də onların əlinə keçməsin. Yaranmış sabitlik şəraitindən də istifadə edərək ölkənin iqtisadiyyatını dirçəltdi, neft kontraktları fəaliyyətə başladı və bu gün Azərbaycanın itirilmiş ərazilərini bərpa eləmək üçün çox böyük gücü var və yəqin ki, nə zamansa, o gücdən istifadə olunacaq. O mərhələdə Heydər Əliyev Azərbaycana çox gərək idi.

Sizi inandırım ki, əgər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə 1993-cü ildə yox, bir neçə il əvvəl qayıtması mümkün olsaydı, torpaqlarımızın işğal olunması bu həddə qədər gəlib çıxmazdı, Qarabağın Azərbaycandan ayrılması mümkün ola bilməzdi, Qarabağ ətrafındakı rayonların işğal edilməsi da mümkün olmazdı. Heydər Əliyevin özündən asılı olmadan Azərbaycanda hakimiyyətə gəlişi bir az gecikdi, amma hər halda o, Azərbaycanı, xüsusilə də erməni təcavüzü konteksində daha ağır nəticələrlə üzləşmək təhlükəsindən xilas etdi.

- Azərbaycan həmin proseslərdə torpaqlarının bir hissəsini itirsə də, o dövrü keçə bildi. Aprel ayından etibarən Ermənistanda da vəziyyət gərginləşdi, orada da qarışıq dövr yaşanır. Ermənistan bu proseslərdən necə çıxa biləcək?

- Ermənistanın müəyyən qədər gərginlik və xaos görüntləri olsa da, amma müşahidəmə görə bütün proseslər nəzarət altındadır. Nikol Paşinyan ölkəyə rəhbərlik eləmək postu üçün təsadüfi və ya zəif fiqur kimi görünə bilər. Amma unutmayaq ki, o proseslərin arxasında tək Paşinyan dayanmır. Çox böyük erməni lobbisi, xarici qüvvələr bu prosesləri idarə edirlər və Paşinyanın hansısa məqamda axsamasını, zəifliyini görən kimi dərhal proseslərə çiyin verəcəklər və Ermənistanı lazım olan istiqamətə yönəldəcəklər. Bu istiqamətdə nə olduğunu isə gələcək göstərər. Orada ölkə daxilində çox ciddi kataklizmlərin, toqquşmaların ola biləcəyini düşünmürəm. Nə qədər çətin olsa da prosesi irəliyə doğru aparmağa çalışacaqlar. Hər halda Paşinyan yeni fiqurdur, onun hansı güc, qabiliyyət, istedad sahibi olduğunu deyə bilmərəm, amma prosesin arxasında dayanan qüvvələr Ermənistanı bu yolda fikrimcə, stabil aparmağa cəhd edəcəklər.

Bizim üçün məsələnin ən maraqlı tərəfi odur ki, həmin o prosesi idarə edənlər Ermənistanın indiyə qədər yaşadığı iqtisadi çətinliklərin məhz hansı səbəbdən irəli gəldiyinə lazımi qədər qiymət verəcəklər, ya yox? İstədiyimiz budur ki, ona qiymət verə bilsinlər. Məsələn, Serj Sarkisyan niyə uğursuzluğa düçar oldu? O, birincisi bütün qohum-əqrəbası, dost-tanışı ilə klan-mafiya diktaturası yaratdı. Bunlar təbii ki, Ermənistan xalqı tərəfindən etiraza səbəb oldu. Onun uğursuzluğunun birinci səbəbi bu idi. İkinci səbəb isə o idi ki, Qarabağla bağlı çox barışmaz, təcavüzkar yanaşmasını sona qədər davam elətdirdi. Çünki ondan 10-15 il qabaq çox ağıllı adam Levon Ter-Petrosyan bildirmişdi ki, Qarabağla bağlı aqressiv siyasət aparmaq olmaz, torpaqları qaytarmaq lazımdır. Sarkisyan çox böyük səhv edərək Qarabağ təcavüzkarlığını aqressiv formada sona qədər davam etdirdi. Nəticədə Azərbaycan onu regiondakı bütün infrastruktur, enerji layihələrindən kənarda saxladı. Bununla da Ermənistanın iqtisadiyyatı çökməyə başladı. Çox ciddi səbəblərdən biri onun xarici siyasətdə balans yaratmağa cəhd göstərməsi idi. Hiss olunur ki, bu cəhətdən o, Azərbaycanı yamsılamağa çalışdı. Azərbaycanın xarici siyasətində doğrudan da çox unikal, balanslı siyasət aparılır. Nə daha çox Amerika ilə oturub-durmaq, nə Rusiyaya daha yaxın olmaq.

Azərbaycanın xarici siyasəti çox vektorludur. Eyni vaxtda Rusiya da var, Amerika da var, Avropa da, ərəb ölkələri də, İslam dünyası, Cənub-Şərqi Asiya ölkələri, yəni bütün istiqamətlərdə Azərbaycan xarici siyasətini aparmağa və milli, siyasi, iqtisadi maraqlarını mümkün qədər yeritməyə çalışır. Sarkisyan bir növ Azərbaycanı yamsılamaq istədi və eyni zamanda həm Rusiya ilə, həm Avropayla, həm Amerikayla, eyni vaxtda ərəb ölkələrilə belə bir siyasət həyata keçirmək istəyəndə nəticədə balansa nail ola bilmədi və sonda müvazinətini itirmiş oldu. Çünki o, başa düşə bilmədi ki, Ermənistanda dövlətin siyasətinin genetikasının kökündə bu var ki, onlar balanslı siyasət apara bilməz. Ermənistan dövlətinin özü məhz dünya qütblərinin birinin himayəsi altında yaranıb. O qütbün, Rusiyanın da himayəsi altından çıxa bilməz, həmişə Rusiyanın çevrəsində olmalıdır. Çünki o dövləti, o torpaqları məhz Rusiyanın himayəsi altında əldə ediblər və dövlət qurublar. Birdən-birə xarici siyasətdə balans yaratmağa çalışanda, başqa ölkələrlə yüksək dərəcədə yaxınlaşmağa meyl göstərəndə təbii ki, bu, Rusiyanın qıcıqlanmasına səbəb olacaq və onu cəzalandıracaqlar. Ona görə də Sarkisyanın uğursuzluğunun kökündə dayanan səbəblərdən biri bu idi ki, xarici siyasətdə hələlik mümkün olmayan balans siyasəti yaratmağa baş vurdu və nəticədə də belə uğursuzluğa düçar oldu.

Qaldı ki, Ermənistanın bu gününə, yeni hakimiyyətə gələnlər özlərindən əvvəlkilərin müsbət və mənfi siyasətlərindən yəqin ki, özlərinə bir nəticə çıxarmağa çalışacaqlar. Amma arxada dayanan qüvvələr Ermənistanı bu yolda müəyyən qədər stabil aparmağa çalışacaqlar. Hesab edirəm ki, buna müəyyən qədər nail olacaqlar, amma dediyim kimi onlar Qarabağ məsələsində özlərindən əvvəl apardığı uğursuz siyasətdən nə dərəcədə nəticə çıxarıb-çıxarmayacaqları bizim üçün əhəmiyyətlidir. Əgər o arqessiv siyasəti olduğu kimi davam etdirəcəklərsə, burda iki nəticə yarana bilər. Birincisi, yenə də regiondakı layihələrdən kənarda qalacaqlar və iqtisadiyyatları çökəcək. İkincisi, Azərbaycana artıq torpaqları geri qaytarmaq üçün hərbi gücə əl atması baxımından bütün əsasları vermiş olacaqlar.

- Ermənistan məsələsini çox gözəl açıqladınız. Bu baxımdan istəyirəm Qarabağ məsələsinə yenidən toxunaq. Siyasi şərhçi kimi necə düşünürsüz, yaxın gələcəkdə bu məsələnin həllinə ümid edə bilərik?

- Ümidlə baxmaq üçün böyük əsaslar var. Ən azından dünya artıq Qarabağ probleminin əsl mahiyyətini anlayıb. Bir zamanlar diplomatlar, dünya siyasətçiləri səviyyəsində Qarabağ siyasətinin mahiyyətilə bağlı bizim üçün əlverişli yanaşma yox idi. Hətta dünya siyasətçiləri, diplomatların arasında belə başa düşənlər az idi ki, Qarabağ Azərbaycanındır və Ermənistan bunu təcavüz vasitəsilə bizdən qoparıb. Azərbaycan tədricən, mərhələ-mərhələ buna nail oldu ki, dünya siyasətçiləri və diplomatları bunu başa düşməyə başladılar. Artıq siyasətçilərin və diplomatların çevrəsində bilinir ki, Qarabağ Azərbaycanındır. Bu, Azərbaycanın birinci uğuru idi.

Sonra dünya ictimaiyyətinin arasında artıq bu ideya, bu anlaşma qalib gəldi, dünya dövlətlərində insanlar, cəmiyyətlər, sadə adamlar başa düşməyə başladılar ki, Qarabağ Azərbaycanındır və Ermənistan təcavüzkardır. Bu bizim ikinci uğurumuz idi. Üçüncüsü dünyanın nüfuzlu, beynəlxalq tribunalarında artıq Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması və Qarabağın Azərbaycanın tərkibində hər hansı bir statusunun təmin olunmasıla bağlı qərarlar, qətnamələr, bəyanatlar meydana çıxdı. BMT Təhlükəsizlik Şurasının qətnamələri var, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri var, bunlar əlbəttə Qarabağın nə zamansa, Azərbaycanın tərkib hissəsi olacağına beynəlxalq hüquq, qanunvericilik nöqteyi-nəzərindən əsas yaradan çox vacib sənədlərdir. Ortada belə sənədlər varsa, biz bu mərhələni keçmişiksə, demək Qarabağın Azərbaycana qaytarılması üçün gələcəkdə böyük işlərin görülə biləcəyinə inanmalıyıq və ümidimizi itirməməliyik.

Məsələn, bir zamanlar Azərbaycana deyiləndə ki, Ermənistanı blokadaya salmısınız, blokadada saxlayırsınız, biz az qala and-aman edirdik ki, biz Ermənistanı blokadaya salmamışıq, Ermənistan Naxçıvanı blokadaya saldığına görə özü də blokadaya düşüb. Yəni, Ermənistanı blokadaya saldığımızı az qala deməkdən çəkinirdik. Amma bu gün Azərbaycan diplomatiyası o sindromdan çıxıb. Bu bir uğurdur, nəticədir. Azərbaycan diplomatiyasını aparanlar, hətta dövlətin başında duran cənab prezident açıq şəkildə deyir ki, “bəli, biz Ermənistanı blokadaya salmışıq. Çünki Ermənistan təcavüzkardır və torpaqlarımızı işğal edib”.

Bu gün biz diplomatiyamız sayəsində dünyanı inandıra bilmişik ki, Ermənistanı blokadaya salmaq Azərbaycanın haqqıdır və gücünün göstəricisidir. Ermənistan bizim torpaqlarımızı nə qədər ki, işğal altında saxlayır, onların blokadasını daha da sıxlaşdırmağa davam edəcəyik. Artıq blokadanı silah kimi işlətdiyimizi açıq şəkildə deyə bilirik. Bu da Azərbaycan diplomatiyasının uğurudur, nailiyyətidir. Yəni, ortada Qarabağ problemini uğurla həll edə biləcəyimiz üçün xeyli əsaslar var, ona görə də ümid itirməyə dəyməz. Bunu zaman çərçivəsinə sığışdırmaq çox çətindir ki, torpaqlarımız nə vaxt qayıdacaq, ən azı Qarabağın ətrafındakı 6-7 rayonun, üstəgəl Laçın rayonunun bir hissəsinin işğaldan azad olunacağı vaxtın yaxın illər olduğuna möhkəm inanıram. Qarabağın statusu məsələsi isə çox çətin olsa da, müəyyən bir etapda İnşAllah onu da həll edə bilərik, təbii müəyyən şərtlər daxilində...

- İllərlə jurnalistikada olan bəzi insanlar deyir ki, jurnalistika əvvəl daha peşəkar idi, indi peşəkarlıq azalıb. Siz də bu düşüncədəsiz? Bu günü necə qiymətləndirirsiz peşəkarlıq baxımından və gələcəyə ümidlə baxırsızmı?

- Elə sonuncu fikrinizdən başlayaq, jurnalistika nöqteyi-nəzərindən gələcəyə ümidlə baxmağa dəyər və baxmaq da lazımdır. Biz, içərisində olduğumuz və gözümüz qarşısında olan prosesdən danışırıq ki, bu gün kimin nə deməyindən asılı olmayaraq, Azərbaycan mediası statik, donuq deyil, inkişaf içərisindədir, tərəqqiyə meyllidir, hərəkətdədir. Çap mediası, ənənəvi media tam formalaşıb öz yerinə oturub. Çap mediasının fəaliyyətini tənzimləyən qanunvericilik normaları təkmildir, yazılıb artıq, bu mediaya dövlətin dəstəyi var. Bu gün çap mediasında hər hansı orqana rəhbərlik edən şəxslər tam arxayın ola bilirlər ki, onların, qəzeti sabah da çap oluna biləcək. Qanunvericilik, dövlət mənafeyi, jurnalist etikası nöqteyi-nəzərindən hər hansı bir xətaya yol verməsə, sabah da, o biri günlərdə də çap olunmağa davam edəcək. İnternet mediası sahəsində böyük irəliləyiş var. Məsələn, yeni qəzetlər açılmasa da, amma yeni internet resursları, saytlar, bloqlar, internet televiziyaları açılır, həm də sürətlə.

Azərbaycan mediası inkişafdadır, internet medianın təkmilləşdirilməsi nöqteyi-nəzərindən qanunlarda müəyyən yaradıcılıq etməyə, internet medianın fəaliyyətinin tənzimlənməsi üçün yeni normativlərin yaradılmasına ehtiyac var. Çünki bu sahədə bir boşluq hiss edirəm, yəqin ki, bu da zamanla olacaq. Necə ki, klassik media artıq oturuşub, həm qanunvericilik baxımından, həm maliyyə təminatı nöqteyi-nəzərindən, eynilə internet medianın fəaliyyətinin bu cür oturuşmağını istəyirəm. İstəyirəm ki, onlara da dövlət yardımı ayrılsın, dövlət büdcəsindən maliyyə ala bilsinlər ki, öz fəaliyyətlərini stabilləşdirə bilsinlər. Yəqin ki, yaxın illərdə də bu məsələ həll olunacaq. Azərbaycan mediasının sabahı üçün narahat olmağa əsas yoxdur. Dediyim kimi, çap media formalaşıb, dövlətdən yardım ala bilir, internet media tam azad formada fəaliyyət göstərə bilir. Qalır bircə onun maliyyə təminatı və fəaliyyətinin qanunvericilik baxımından tənzim olunması üçün normaların təkmilləşdirilməsi, bu da yəqin ki, yaxın illərdə həll olunacaq. Jurnalistlər dövlətin təminatı altındadılar, artıq evlə də təmin olunurlar. Nəzərə alsaq ki, ənənəvi media, çap mediası stabil şəkildə dövlət büdcəsindən maliyyə ilə təmin olunur, bu elə jurnalistlər üçün də müəyyən həddə olsa da, stabil əmək haqqı almaq imkanı verir. O yerdə ki, maliyyə stabilliyi var, oranın gələcəyindən narahat olmağa dəyməz. Ona görə də jurnalistikamızın və jurnalistlərin peşəkarlığının sabahı ilə bağlı pessimistlik görmürəm.

- Aydın müəllim, dediniz ki, çap mediası tam olaraq oturuşa bilib, davamlı olaraq çap olunur. Ancaq insanlar xəbəri, məlumatı bu gün daha çox internetdən oxumağa üstünlük verir. Bu baxımdan qəzetlərdə oxucu kütləsinin azalmasını müşahidə etmisiniz?

- Bu, çox müzakirə olunan məsələlərdən biridir. Amma peşəkar qəzet rəhbərliyində olan biri kimi deyə bilərəm ki, mən o problemin ağrısını hiss etmirəm. Doğrudan da internet resursları inkişaf etdikcə, elə bir görüntü yaranır ki, qəzetlər oxucu itirirlər. Amma bir şeyə diqqət etmək lazımdır ki, qəzetlər yerlərində sakit dayanmırlar. Qəzetlərin də onlayn işləyən, gündəlik yenilənən saytları var. Qəzetlər çap olunmayan günlərdə yaranan boşluğu saytlar doldurur. Qəzetlər səhər çap olunduğu halda, günün qalan hissəsindəki qəzetin informasiyasına ehtiyac duyan insanlar o ehtiyacı onlayn qaydada tənzimlənən, yenilənən sayt vasitəsilə əldə edirlər.

İkinci bir tərəfdən qəzetlərin internet resursları nə qədər inkişaf etmiş olsa, ənənəvi olaraq informasiyanı, yazıları məhz qəzetdən, kağızdan oxumaq istəyən oxucu kütləsi hələ də var. Bu Bakıda da belədir, Azərbaycanın bölgələrində də belədir. Bir tərəfdə qəzetin çap variantını oxumağa meylli olan, yalnız bununla təmin olan oxucu kütləsinin qalması, digər tərəfdən qəzetin onlayn variantda işləməsi bizim oxucu kütləsini çevrəmizdə saxlamağa imkan verir. Həm də hər bir qəzetin özünün tarixi var. Bu tarix onun indiyə qədər buraxdığı qəzet, saytlardan ibarətdir, redaksiyasında indiyə qədər işləmiş jurnalistlərdən ibarətdir və həm də yarandığı gündən indiyə qədər onun təəssübünü çəkən oxucu kütləsindən ibarətdir. Bax o təəssübkeş oxucu kütləsi də bir neçə qəzet adı saya bilərəm ki, o cümlədən də “Bakı xəbər” qəzetinin çevrəsində bu günə qədər var və dəstəyini hiss edirəm. hesab edirəm ki, özünün təəssübkeş oxucu kütləsi olmayan qəzet demək ki, bir qəzet kimi formalaşmayıb, yaşamayıb. Amma bir neçə qəzet var - bura tənqidi, müxalifət mətbuatı da, sərbəst mətbuat da, dövlət yönümlü mətbuat da var ki, təəssübkeş oxucu kütləsi var və bu günə qədər yaşayır. Nə qədər ki, onlar var, fikrimcə, bu qəzetlər hələ də yaşayacaq. Digər tərəfdən, qəzetlərin çap variantına çox böyük ehtiyac var. Hətta oxucu kütləsi nə zamansa azalsa belə, yenə də Azərbaycanda klassik çap mediasına ehtiyac olacaq.

Qəzetlər arxivdir, bir növ tarix yaradırlar, həm də çox etibarlı və təminat altında olan tarixdir. İnternet resurslarında hər cür hadisə baş verə bilər, amma çap olunmuş qəzet bir tarix kimi müxtəlif mənbələrdə yığılır, saxlanılır və qalır. Bundan başqa qəzet jurnalistikası bizim dilimizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin yaşadılmasında çox böyük rol oynayır. Elmi-ədəbi dil başqa dairələrdə yaşadılır, məsələn, tədqiqat müəssisələrində, akademiya sistemində, alimlərimizin yaradıcılığında, amma Azərbaycanın sırf el dili, publisistika dili məhz qəzetlərdə yaşayır. Qəzetlər olmasa, bizim publisist dilinin, milli-mənəvi dəyərlərin qorunması baxımından o qədər də təminat olmayacaq, zərbə altında qala bilər.Əgər el dilinin, publisist dilinin qorunmasında vasitələri saxlaya bilməsək, dilimizi itirəcəyik. Dilimiz təkcə elmi dildən ibarət deyil ki, Azərbaycan dilinin elmi hissəsi var, sadə el dili var, publisist dili var. Publisist və el dili məhz mətbuatda qorunub saxlanılır. Mənim fikrimcə, çap mətbuatının qorunub saxlanmas ıhələ on illərlə davam edəcək, həm də kim razı olar ki, Azərbaycan dünya tarixinə çap medianın sıradan tam çıxdığı ilk kimü düşsün?! Təbii heç kim...

- Müsahibələrinizin birində belə bir fikir işlətmisiz ki, geriyə baxmaq istəmirəm, baxanda ehtiyatlanıram. Bu müsahibəni 8 il öncə, 50 yaşınızda vermisiz. Yenə də geriyə baxmaq istəmirsiz?

- Gəlin bir düzəliş edək, ehtiyatlanmaq deyil. Geriyə baxanda ehtiyatlanmalı bir şey yoxdur. Mən heç vaxt geriyə baxanda ehtiyatlanmıram. Geridə qalan hər şey üçün məsuliyyət və cavabdehlik daşımağa hazıram. Sadəcə olaraq mənim mövqeyim bundan ibarətdir ki, hələlik irəli getmək üçün güc, şans, imkan varsa, dönüb geriyə baxmağa ehtiyac yoxdur. Çünki diqqəti geriyə yönəltsən, qarşıdakılardan diqqət yayına bilər. Mən də elə hesab edirəm ki, hələ ki, irəli getmək üçün motivlər, əsaslar var, güc var, enerji var. Ona görə də geriyə baxmağa enerji sərf etməyinə dəyməz.

Gerini unutmaq olmaz. Çünki geriyə baxa bilməsən, unutsan, geridə qalanları bir kənara qoyarsansa, onda irəli getmək üçün bir əsas, təkan verən qüvvə olmaz. İnsanın keçmişdə yaşadıqları onu qabağa aparan bir mənbədir. Ona görə də arxadakıları heç vaxt unutmaq olmaz. Həm də məncə insan arxada qalanların, yaşadıqların təhlililə, onun araşdırılması ilə ancaq və ancaq ömrünün son mərhələlərində məşğul ola bilər. Bir halda ki, hələ qarşıda yaratmalı şeylər var, arxadakılara hələ çox baş qoşmağa dəyməz. Arxadakıları sadəcə xatırlamaq və unutmamaq lazımdır. Əsas işlər qabaqdadır.

- Aydın müəllim, siyasi savadınızı və təcrübənizi nəzərə alaraq sizi bir müddət sonra mediadan uzaqlaşıb, yenidən siyasətdə işləyən biri kimi görə bilərikmi?

- İnsanın taleyinin necə olacağını bilmək olmaz. Əsas odur ki, hansı sahədə olursan-ol, o sahənin sənin üzərinə qoyduğu yükü ləyaqətlə və çətinlik çəkmədən apara biləsən. Bir zamanlar olub ki, həm siyasətin, həm də mətbuatın yükünü bir yerdə çəkmişəm. Bu gün Azərbaycanda elə bir reallıq var ki, hər kəs seçim etməlidir ki, hansı sahənin yükünü daha səmərəli, daha yaradıcı şəkildə apara bilər. İndi elə bir mərhələdir ki, həm siyasətin, həm də mətbuatın yükünü eyni vaxtda aparmaq mümkünsüzdür. Mən də belə hesab etdim ki, Azərbaycanda bu gün mətbuatın yükünü aparmaqla dövlətçiliyimizə və cəmiyyətimizə daha çox fayda vermək mümkündür. Ona görə də birbaşa siyasət fəaliyyətini kənara qoymuşam və bu gün mətbuatın yükünü çiynimə almışam, əlbəttə ki, özümə aid olan hissəni.

Onu da deyim ki, “Bakı-Xəbər” qəzeti Azərbaycanda partiyalı mövqedən imtina edərək, yalnız mətbuat fəaliyyətilə məşğul olan ilk qəzet nümunəsidir. Bizə qədər belə qəzet olmayıb. Azərbaycanda partiya mövqeli mətbuat orqanları çox olub və onların içərisində dediyim kimi ilk olaraq bizim qəzet belə bir nümunə yaratdı partiyalı mövqedən, siyasi məsuliyyət, siyasi platforma daşımaqdan imtina etdi və yalnız mətbuat orqanı kimi fəaliyyət göstərdi. Azərbaycan mətbuatında partiyalı mövqedən müstəqil qəzetçiliyə keçən ilk nümunə “Bakı-Xəbər” qəzeti oldu. Bizdən sonra bu keçidi təkrarlayan qəzetlər oldu. Gələcəkdə əlbəttə ki, necə olacağı taleyin işidir, bilmək olmaz. Amma mən hər ikisini, həm qəzet, həm də siyasət yükünün eyni vaxtda aparılmasını Azərbaycan üçün keçmiş mərhələ hesab edirəm. Bunların ancaq birilə işləmək mümkündür. Gələcəkdə də şəraitdən asılı olaraq necə olacağını tale bilər, Allah bilər. Mən bunların ayrı-ayrılıqda aparılmağının tərəfdarıyam, ikisini bir yerə yığmaq mümkünsüzdür və heç ehtiyac da yoxdur.

- Üç övladınız var. Övladlarınız içərisində sizin yolunuzu davam etdirən varmı?

- Hələlik yox, övladlarım içərisində bu sahəylə məşğul olan yoxdur. İkisi artıq öz yollarını müəyyənləşdiriblər. Bunlar isə siyasət və mətbuata aid sahələr deyil, biri həkimdir, biri də hüquqşünas, onlar öz sahələrinə uyğun çalışırlar. Axırıncı övladım isə tələbədir, iqtisadçıdır, ADA-da oxuyur. Gələcəkdə onun necə olacağını bilmirəm. Amma hər halda istəyərdim ki, məndən sonra bu qəzet fəaliyyət göstərsin və kimsə bunu davam etdirsin. İndi o davamçının ailə üzvlərimdən kiminsə olacağı və ya bu gün kollektivdə fəaliyyət göstərənlərdən hər hansı birinin olacağı taleyin bizə gələcək üçün hazırladığı sürprizlərdən biridir. Hər halda tale bunu müəyyənləşdirəcək. Amma hələ ki, övladlarım içərisində mənim yolumu seçən yoxdur. Ancaq nəvələrim də var...

- Sonda qəzetinizlə bağlı planlarınız nələrdir?

- “Bakı-Xəbər” qəzetinin 15 yaşı var, bu il sentyabr ayında fəaliyyətə başlamasından 15 il ötmüş olacaq. Birinci növbədə hədəfimiz, qəzetin yaranmağında, formalaşmasında, inkişafında rolu olan insanları bu qəzetin çevrəsində fəaliyyətini davam etdirməsini təmin etməkdir. Taleyini “Bakı Xəbər” qəzetinə bağlayan insanların ümidini qırmamaq, bu qəzetin çevrəsində onların fəaliyyətinin davam eləməsinə şərait yaratmaq məqsədimizdir.

İkinci isə əlbəttə ki, hər bir təsisçi və redaktor istəyər ki, onun qəzetinin ömrü uzun olsun. Bu da mənim üçün təbii istək və hədəfdir. Nəhayət, üçüncü hədəf isə qəzetin internet saytının daha da gücləndirilməsi və informasiya yayımı sahəsində indi təsirli mövqeyini qoruyub saxlamaq və inkişaf etdirməkdir. “Bakı Xəbər” qəzeti yarananda necə ki, bir hadisəyə çevrilmişdi, istədiyimiz budur ki, da Azərbaycanın ictimai-siyasi sektorunda, ictimai-siyasi fikir təminatı sahəsində indiyə qədər olduğu hadisə rolunu bundan sonra da davam etdirsin.

Günay Elşadqızı / METBUAT.AZ

"Jurnalistlərə meydan vermək lazımdır ki, özlərini göstərsinlər" – Bəhruz Quliyevlə müsahibə/ FOTOLAR

“Deyirlər, söz azadlığı olsun, amma fikrini azad deyəni öldürməyə hazırdılar” - Vüsal Məmmədovla müsahibə

“Mediada təsadüfi adamlar çoxdur” – Emin Musəvi ilə MÜSAHİBƏ/ FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI