“Bu siyasət Paşinyana heç nə qazandırmayacaq”

Türkiyə mətbuatında bir neçə gün öncə Ermənistanın yeni baş naziri Nikol Paşinyanın yürütdüyü siyasəti təhlil edən məqalə dərc olunub.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, məqalənin müəllifi Anadolu Aydınlar Ocağının sədri, professor İbrahim Öztəkdir. O, məqaləsində bildirib ki, 8 may 2018-ci ildə Ermənistan Parlamentində son seçkilər sırasında yaşanan qarışıqlıq və etirazlar fonunda böyük sürətlə iqtidar dəyişikliyi baş verdi. Rusiya və digər qonşu dövlətlər hadisələri tamaşaçı kimi izlədi:

“Seçkilərdən bir ay sonra yeni Baş nazir Nikol Paşinyanın Soros və Amerikapərəst strategiya müəyyənləşdirməyə çalışması göz önündədir. Bu vəziyyət çox açıq şəkildə görülür və Rusiya bundan narahatdır. Məsələn, Ermənistanın Milli Təhlükəsizlik Şurasının yeni təyin olunmuş katibi Armen Qriqoryan bir vaxtlar Soros Fondunun maliyyələşdirdiyi “Transparency International” təşkilatının koordinatoru olub. Təhsil və Elm naziri təyin olunan Araik Arutunyan isə daha əvvəl Helsinki Vətəndaş Cəmiyyəti və “Transparency International” təşkilatında çalışıb. Dövlət Nəzarəti Xidmətinin rəhbəri David Sanasaryan qərbyönümlü və Rusiyaya qarşı olan, Rusiya hərbi bazalarının ölkədən çıxarılması üçün çalışanlardan biridir.

Müdafiə Nazirliyi kimi strateji quruma rəhbər təyin olunan David Tonoyan isə 1990-cı illərin sonunda Ermənistanın NATO-dakı nümayəndəsi idi. “Moskovski komsomol” qəzetinin məlumatına görə, Tonoyan ABŞ Hərbi Attaşesi, Polkovnik Erik Larsen tərəfindən dəstəklənir. Diaspora nazirinin müavini vəzifəsinə Parisdə anadan olan, ABŞ-da təhsil alan Babken Ter-Grigoryan təyin olunub. O, Ermənistanda Soros Fondunun proqram koordinatoru olub və bəhs etdiyimiz “Transparency International” təşkilatında çalışıb. O, Rusiya prezidenti Vladimir Putinə təhqirlərilə yadda qalıb.

Bu siyasət və dəyişikliklər isə göstərir ki, Ermənistan Rusiya təsirindən çıxaraq ABŞ və Qərbə doğru meyllənib. Bu isə Rusiyanın əleyhinədir. Ermənistanın hər zaman olduğu kimi bu dəfə də Türkiyənin qarşısına yeni nizamlanan oyunlarla çıxacağı məlumdur”.

Müəllif bildirib ki, Paşinyan Baş nazir olaraq vəzifəyə başladıqdan sonra Türkiyə ilə əlaqələrini ön şərtsiz davam etdirəcəyini, Türkiyə tərəfindən Dağlıq Qarabağ probleminin şərt olaraq gündəmə gətirilməsinin yanlış olduğunu qeyd edib. O, həmçinin, qondarma “erməni soyqırımı” haqqında əvvəlki hökumətlərdən fərqli düşünmədiyini və bunun beynəlxalq səviyyədə tanınması üçün çalışacağını bildirib. Bununla da Paşinyan göstərir ki, Ermənistan siyasətində əhəmiyyətli dəyişiklik olmayacaq.

Müəllif qeyd edib ki, ermənilər yenə də düşərgələrində PKK-ya təlim keçib üstümüzə göndərəcək, Ağrı dağını yenə də rəsmi sənədlərə qeyd edəcək və uşaqlarını türk düşməni kimi böyüdəcəklər. Professor qeyd edib ki, təəssüf ki, Ermənistanın ilk baş naziri Kaçaznuninin 1923-cü ildə Buxarestdəki böyük konqresdə "Türklərə qarşı günahkarıq, bütün qəbahət bizimdir, dənizdən dənizə Böyük Ermənistan xəyallarına qapıldıq, heç kim başqa günahkar axtarmasın” deməyinin və 23 aprel 2014-cü ildə o zaman Türkiyənin Baş naziri olan Rəcəb Tayyib Ərdoğanın başsağlığı mesajı verməsinin Ermənistanda və dünyada qalıcı təsiri olmayıb.

Müəllifin sözlərinə görə, Ermənistan Qərbin xoşuna gələn formada yalanlarını davam etdirir: “Halbuki Ermənistanın gələcəyi nə Rusiyada, nə də Amerikadadır. Bu ölkənin gələcəyi, iqtisadiyyatı, inkişafı və rifahı Türkiyə və Azərbaycanla münasibətlərini düzəltməyindən keçir. Bu gün də Türkiyədə qeyri-leqal çalışan erməni qadınları Ermənistan iqtisadiyyatına böyük töhfə verirlər”.

Müəllif bildirib ki, bu günə qədər Türkiyəyə qarşı torpaq, təzminat və qondarma “erməni soyqırımı” iddialarından əl çəkməyən Ermənistanın Soros və Amerikapərəst siyasəti Paşinyana heç nə qazandırmayacaq. Bundan mənfəət götürən yalnız Soros fondu və ABŞ olacaq. Professor məqaləsində qeyd edib ki, ABŞ, Böyük Orta Şərq və ya Böyük Amerika Layihəsi ilə, 2009-cu ildə olduğu kimi, bu gün də Ermənistan üzərindən Qara dəniz və Xəzər hövzəsinə, hətta Orta Asiyaya qarşı hiss etdiyi həyəcanı yaşamaq arzusundadır:

“Qərb bu gün də Rusiyanı kənarda saxlayaraq Ermənistanla yeni oyun oynamaq niyyətindədir. Yaxın gələcəkdə Ermənistana Avropa Birliyi və NATO-ya üzvlüklə bağlı təkliflərin ediləcəyini də görürəm. ABŞ-ın bu bölgəyə atacağı addım “Ərəb Baharı”ndan daha təhlükəli olacaq. Onlar bölgədəki neft və qazı ələ keçirmək üçün hər yoldan istifadə edirlər. Bu məqsədlə də Paşinyan vəzifəyə gətirilib və ondan istifadə edilir”.

Professor məqaləsinin sonunda qeyd edib ki, son illərdə Türkiyə ilə hər sahədə əməkdaşlığı genişləndirən və bu günə qədər Türkiyəyə qarşı Ermənistan sərhədini gözləyən Rusiya, bundan sonra Qarabağ üzərindəki səlahiyyəti bölgənin əsl sahibi Azərbaycan üçün istifadə etmək məcburiyyətindədir.


Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR