Bir neçə gün öncə bağ evində qanunsuz silah və döyüş sursatlarının aşkar edilməsi ilə əlaqədar saxlanılan Ermənistan müdafiə nazirinin sabiq müavini, general, deputat Manvel Qriqoryan barəsində İrəvan məhkəməsi iki ay həbs qətimkan tədbiri seçib.

Metbuat.az-ın məlumatına görə, bundan əvvəl isə o, deputat toxunulmazlığından məhrum edilib. Milli Təhlükəsizlik Bürosunun yaydığı məlumatda deyilir ki, deputat 2016-cı ilin aprel döyüşlərində erməni əsgərlərinə göndərilmiş yardımı mənimsəməkdə təqsirli bilinir. Qriqoryanla bərabər Eçmiədzində kriminal avtoritet Don Pipo adı ilə tanınan Artur Asatryan da saxlanılıb.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyir ki, Azərbaycan torpağında işğal zamanı törədilən və bəşəriyyət tərəfindən quldurluq kimi qiymətləndirilən addımlar təbii ki, özünü bu və ya digər formada göstərəcək: “Bilirik ki, o, Qarabağ klanının üzvlərindən biridir. Hazırda Ermənistanda Nikol Paşinyanın baş nazir olması ilə əlaqədar Qarabağ klanı ilə müəyyən problemlər yaranır. Qarabağ klanı Serj Sarkisyanın klanı idi. İndi təbii ki, hakimiyyətə yeni adam gələndə özünə uyğun olan kadrların qoyulması və komandasının formalaşdırılması ilə məşğul olur. Baxmayaraq ki, müəyyən müddət keçib, bu gün də Qarabağ klanı Ermənistanda demək olar ki, çox böyük nüfuza və təsir imkanlarına malikdir. Təbii ki, təyinatı əsgərlər üçün olan silah-sursat, ərzaq, geyim əşyaları Manvel Qriqoryanın təşkilatından çıxırsa, deməli ola bilsin ki, dövlətə qarşı hansısa addımlarda istifadəsi nəzərdə tutulub.

Bütün bunlar düşünürəm ki, hazırda Paşinyanla Sarkisyanın Qarabağ klanı hakimiyyəti arasında baş verən problemlərdir. Düşünürəm ki, bu problemlər daha da dərinləşəcək. Hansının üstün gələcəyini isə zaman göstərəcək. Ancaq hər halda bu proseslər Ermənistanı daha da zəiflədəcək. O dövlətdə olan problemlər Azərbaycanın xeyrinədir. Belə quldur olan vəzifəli şəxsin cinayət işilə bağlı təhqiqat aparılırsa, biz buna ancaq sevinməliyik. Çünki o quldura bizim əlimiz hələlik çatmasa da, öz əlləri çatır və yəqin ki, o, qanun qarşısında cavab verəcək, belə hallar hələ çox olacaq. Bilirik ki, Sarkisyanın Qarabağ klanı hələ ki, güc strukturlarında daha çox yer alır. Bu klana aid hər hansı şəxsin devrilməsi və ya dəyişdirilməsi təbii ki, hansısa problemlərə səbəb ola bilər. Düşünürəm ki, əsgərlərə aid olan silah-sursat, ərzaq və əşyalar elə-belə toplanmayıb. Bunun yəqin ki, gələcəkdə hər hansı plan üzrə istifadəsi nəzərdə tutulub. Hər halda güc strukturları bu barədə məlumat alıb və təhlükəsizlik tədbirləri görülüb”.

Qeyd edək ki, bir neçə gün öncə Asatryan və Qriqoryanın Eçmiədzindəki iqamətgahlarında yoxlamalar aparılıb. Yoxlamalara səbəb Don Pipo və Qriqoryan arasında son günlər münasibətlərin gərginləşməsidir. Belə ki, Manvel Qriqoryanın oğlunu Eçmiədzinin meri vəzifəsindən istefaya göndərməkdən ötrü Asatryan şəhərdə çoxlu sayda aksiyalar təşkil edib. Bu isə Baş nazir Nikol Paşinyanın kəskin tənqidinə səbəb olub.

Manvel Qriqoryan iqamətgahından bəzi yüklərini daşıtdırıb. İddialara görə, yükləri Qriqoryanın oğlu olan mer Karen Qriqoryan Azərbaycanın işğal altında olan rayonu Xocavənddəki evinə göndərib. Erməni mətbuatı bu yeşiklərin içərisində müxtəlif sənədlərin olduğunu bildirib. General Manvel Qriqoryan Ermənistanda həddən artıq nüfuzlu şəxs sayılır. O, Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzuli istiqamətlərində Azərbaycana qarşı döyüşüb. Qriqoryan xüsusilə Füzulidəki soyğunçuluğu və azərbaycanlılara qarşı qəddarlığı ilə seçilib. Qriqoyan Respublika Partiyası sıralarında olmasına baxmayaraq, Serj Sarkisyana xəyanət edərək, Paşinyanın tərəfinə keçən ilk şəxslərdəndir.


Günay Elşadqızı / METBUAT.AZ