Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Mənbiç bölgəsində PKK-nın Suriyadakı qolu olan YPG terror qruplaşmasına qarşı həyata keçirdiyi antiterror əməliyyatının ikinci fazası uğurla başa çatıb.

Metbuat.az-ın məlumatına görə, Türkiyə ordusuna məxsus zirehli hərbi texnika Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olan “Fərat qalxanı” bölgəsindəki Cerablus rayonu ilə Mənbiç cəbhə xəttini bir-birindən ayıran Sacu çayı sahillərində fəaliyyətə başlayıb. Mənbiç antiterror əməliyyatı əvvəlcədən müəyyən olunan hərəkət təqviminə uyğun aparılır. Türkiyənin rəsmi dairələrinin bəyənatına görə, Qəndil dağları və Kobani şəhəri də terrorçulardan təmizlənəcək.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Zaur Məmmədov bildirib ki, regionda vəziyyət olduqca qəlizdir: “Müxtəlif dairələrin İraq, Suriya, Türkiyə ilə bağlı fikirləri və məqsədləri var. Sabah nələrin baş verəcəyilə bağlı proqnoz vermək olduqca çətindir. Təsadüfi deyil ki, regionla bağlı hətta Qərb analitikləri belə müəmmalı qalıblar. İndi nə baş verir? Türkiyə və ABŞ arasında yaxınlaşmanın şahidiyik. Bu ABŞ-da Dövlət Departamentinin və Milli təhlükəsizlik nazirinin Ankara ilə anlaşmaları ilə bağlıdır. ABŞ-da Türkiyənin Suriyada və İraqdakı mövcudluğu ilə bağlı müxtəlif fikirlər var”.

Politoloqun sözlərinə görə, Türkiyədə seçki ərəfəsində Ərdoğan iqtidarının uğurlu ABŞ səfəri, Mənbiç məsələsində Vaşinqtonla anlaşması AKP üçün uğurlu addımlardır: “Türkiyə sona qədər PKK ilə mübarizəni davam etdirməlidir. Yoxsa bundan öncəki əməliyyatların heç bir mənası olmayacaq. Ən maraqlı məqamlar seçkilərdən sonra baş vecərək. Hazırda Ankara Vaşinqton və Moskva arasında uğurlu gedişlər edərək istəyinə nail olmaqdadır. Hər iki paytaxt Ərdoğanı dəstəkləyir. Baxmayaraq ki, bəzən Qərb ilə münaqişədən bəhs edilir, praktikada görürük ki, Qərbin Türkiyədə hakimiyyəti dəyişdirmək üçün real addımları yoxdur”.

Qeyd edək ki, Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan Şanlıurfada mitinqdə xalqa səslənib. Ərdoğan mitinqdə deyib: “Türkiyə əvvəlcə Cerablusdan Əl-Baba qədər ərazini daha sonra Afrini təhlükəsiz hala gətirdi. ABŞ ilə razılaşaraq Menbici də təhlükəsiz hala gətiririk. Menbicli qardaşlarımız də torpaqlarına qayıdacaqlar. Növbə Urfanın ətrafındakı yerlərə gəlir. Allahın yardımı və millətimizin dəstəyi ilə yaxında buraları da terrorçulardan təmizləyib əsl sahibi ərəb, kürd, türkmən qardaşlarımıza təslim edəcəyik. Şanlıurfadakı suriyalı qardaşlarımızın da evlərinə qayıtmalarını təmin edəcəyik. Gələcəkdə tarix kitabları Şanlıurfalıların qardaşlarına necə sahib çıxdıqlarını yazacaq”.

Günay Elşadqızı / METBUAT.AZ

“Bunlar erməni generalın evindən çıxırsa, demək dövlətə qarşı istifadəsi nəzərdə tutulub” – Şair Ramaldanov