Tural İsmayılov

Səni bir cüt gözdə yaşadıram

(şeir)

***

Gözlərinin dərinliyində qəlbi döyünür
kişinin,
Kişinin damarları
Qadının göz bəbəyində gizlənib
Sıxsan bağışla deyəcək venalar
"Bağışla ki, səni bir cüt gözdə yaşadıram"

Sinədə yaşayır ən yaxşı günün ümidi
Öləziyən sabahlara qanlı inanc,
Qılıncdan kəsərli söz deyil
Yalan deyir atalar
İnsanı ikiyə bölər
Təkcə "getmə" baxışı.

Sən Allah, anlat görək
Unudulmayan sevgidən daha dəhşətli nə var?
Ölüm? Yoxsa "sənsiz olmur" cümləsi?
Ayrılıq ölməyin Tanrısı
Vidalar isə səcdədir.

Qollarında gizlət
gözəlliyə aclığını,
Unutma,
Quşların uçmağı böyük deyil
Bir halda ki, qanad var
Qucaqlamaq yoxdur
Cənnət sevdiyini köksünə basmaqdır.

Dünənlər itkilərin obrazıdır
Bu günlər birliyin
Sabahlar... Sabahlar isə
"Niyə yox oldun" cümləsi.
Yadda saxla, dost
Hər gediş bir sonrakının gəlişidir.